Məsuliyyət insanda ola biləcək ən gözəl keyfiyyətdir

Məsuliyyət insanda ola biləcək ən gözəl keyfiyyətdir


Hazırda müəssisələrdə, bir çox özəl və dövlət sektorlarında keyfiyyət sahəsi olduqca inkişaf etmiş sahələrdən biridir. EmpaTV olaraq sözügedən mövzunu Keyfiyyət və təhlükəsizlik üzrə mütəxəssis, təlimçi Səddan Səfərovla müzakirə etdik.

- Keyfiyyət nədir və hansı sahələri əhatə edir ?

- Sadə dillə desək, keyfiyyət — bir işin düzgün, davamlı, etibarlı və gözlənilən tələblərə uyğun şəkildə yerinə yetirilməsidir. Bu gün keyfiyyət sahəsi yalnız istehsalat üçün deyil, təhsil, səhiyyə, xidmət, dövlət idarəçiliyi, informasiya texnologiyaları, enerji, tikinti və digər bütün sahələr üçün vacibdir.

- Keyfiyyəti bizə izah etdiniz, bəs keyfiyyətçi kimdir ?

- Bir müəssisədə proseslərin gedişatına nəzarət edən şəxs. Və ya başqa adla desək, keyfiyyət mütəxəssisi, inspektor.

- Necə keyfiyyət mütəxəssisi olmaq olar ?
Ali təhsil müəssisələrində bu sahə üzrə konkret ixtisaslar mövcuddurmu ?


- Keyfiyyətçi olmaq üçün ilk növbədə keyfiyyət düşüncəsini anlamaq lazımdır. Bu sahə yalnız nəzəri biliklə inkişaf etmir. İnsan prosesə baxmağı, problemi görməyi, səbəb-nəticə əlaqəsini qurmağı və nəticəni ölçməyi bacarmalıdır. Əlavə olaraq qeyd edə bilərəm ki, təhsilin idarə edilməsi və bunun tək keyfiyyət sahəsini tələb edən ixtisaslar yerli və beynəlxalq universitetlərin tədris proqramlarında mövcuddur.

- Müəllifi olduğunuz "Keyfiyyət Zirvəsinə Doğru" kitabda qeyd etmisiniz ki, "Keyfiyyətin fəlsəfəsi səhvi sonunda tapmaq deyil, səhvin yaranmasının qarşısını əvvəlcədən almaqdır."

Belə çıxır ki, əgər bir sistem düzgün işləyirsə bunun başlıca səbəbkarı keyfiyyətçidir ?


- Xeyr, keyfiyyət bir müəssisənin, bir xidmətin, bir məhsulun və hətta bir insanın peşəkar yanaşmasının göstəricisidir. Keyfiyyət olan yerdə sistemlilik, məsuliyyət, etibar və inkişaf olur.  

- Keyfiyyət iş həyatında olduğu kimi, şəxsi münasibətlərdə də vacib amildirmi ?

- Bəli, məsuliyyət insanda ola biləcək ən gözəl keyfiyyətdir. Karyeramızda olduğu kimi, şəxsi həyatda da keyfiyyət, nəticəni təsadüfə buraxmır, onu idarə olunan və inkişaf edən sistemə çevirir.


 Murad Hümbətov
Top