Təhsil Mühitində Etik Çərçivə: Müəllim-Tələbə Münasibətlərində Sərhədlər

Təhsil Mühitində Etik Çərçivə: Müəllim-Tələbə Münasibətlərində Sərhədlər



Təhsil cəmiyyətin tərəqqisinin əsasıdır və universitetlər bu tərəqqinin bilik və etik dəyərlərlə formalaşdığı mərkəzlərdir. Müəllim-tələbə münasibətləri isə bu mühitin ən fundamental sütunlarından biridir. Lakin bəzən bu münasibətlərdə etik sərhədlərin pozulması halları təhsil prosesinə kölgə salır və tələbənin fərdi inkişafına ciddi zərər verir.

Təsəvvür edin ki, bir universitet auditoriyasında və ya dəhlizində, digər tələbələrin də olduğu bir məkanda gənc bir fərd (tələbə) heç bir günahı olmadığı halda müəllimi tərəfindən haqsız yerə təqsirləndirilir. Müəllim öz mövqeyindən istifadə edərək, vəziyyəti sakit şəkildə izah etmək əvəzinə, səsini qaldırır, qışqırır. Bu, fərdin şəxsi ləyaqətinə hörmətsizlikdir və cəmiyyət içərisində alçaldılmağa cəhddir. Həmin tələbə vəziyyətin gərginləşməsini arzu etmədiyi üçün sakit və nəzakətli bir tərzdə müəllimə müraciət edir: "Xahiş edirəm, səs tonunuza fikir verin."  
Bu, yetkin bir fərdin öz hüquqlarını müdafiə etmək üçün son dərəcə normal və yetkin bir yanaşmasıdır. Lakin müəllim bu təmkinli xahişi qəbul etmək əvəzinə, eyni qeyri-etik davranışı davam etdirir. Bu hadisə sadəcə iki nəfərin anlıq mübahisəsi deyil, təhsil sistemindəki bəzi əsaslı problemlərin simptomudur.

Yetkin Fərdlər və Avtoritar Təhsil

Universitet tələbələri yetkin fərdlərdir. Onlar artıq orta məktəb şagirdi deyillər, hüquqi, sosial və mənəvi baxımdan formalaşmış şəxsiyyətlərdir. Universitet mühiti isə onların elmi inkişafı ilə yanaşı, həm də müstəqil və məsuliyyətli vətəndaş kimi yetişmələrinə xidmət etməlidir.
Mənim fikrimcə, bu kimi davranışlar tələbənin şəxsiyyətinə qarşı hörmətsizlikdir və universitetin əsas missiyasına ziddir. Müəllimin vəzifəsi mentorluq etməkdir, avtoritar mövqedən təzyiq göstərmək deyil. Tələbənin haqlı xahişinə belə reaksiya vermək müəllimin öz emosiyalarını idarə edə bilməməsini və peşə etikasına yüngül yanaşmasını göstərir.

Hörmət: Müəllim tələbəyə onun intellektual bərabəri olaraq yanaşmalı, hörmət çərçivəsindən kənara çıxmamalıdır.  Eyni qaydada tələbələr də müəllimlərə qarşı davranışlarında etik çərçivəni daima qorumalıdır.
  Emosional Zəka: Təhsil işçiləri emosional zəkaya sahib olmalı, gərgin anlarda belə peşəkar tonu qorumalıdırlar.
 Məsuliyyət: Yetkin fərd olaraq hər kəs, o cümlədən müəllim də öz söz və hərəkətlərinə görə məsuliyyət daşıyır.

Problemin Həlli Yolları və Çarələr

Bu cür hadisələrin təkrarlanmaması və təhsil mühitinin daha sağlam olması üçün ciddi addımlar atılmalıdır:
 Etik Təlimlər və Sertifikasiya: Müəllimlər üçün müntəzəm olaraq "Peşə Etikası" və "Münasibətlərin İdarə Edilməsi" mövzularında məcburi təlimlər keçirilməlidir. Bu təlimlər sadəcə formal yox, real praktik situasiyaları əhatə etməlidir.

 Aydın Şikayət Mexanizmləri: Tələbələrin qeyri-etik davranışlarla bağlı çəkinmədən, adlarının anonimliyinin qorunduğu və ədalətli araşdırma aparılan bir şikayət sistemi olmalıdır. Hazırda bir çox tələbə cəzalandırılmaq qorxusu ilə səssiz qalır.

 İnzibati Məsuliyyət: Etik normaları kobud şəkildə pozan müəllimlərə qarşı ciddi inzibati tədbirlər görülməlidir. Bu digərləri üçün də bir mesaj olmalıdır ki, universitet mühitində şəxsiyyətə hörmət fundamental prinsipdir.

 Tələbə Hüquqlarının Təbliği: Universitetlər tələbə hüquqlarını təkcə sənədlərdə yox, həm də mütəmadi təbliğ etməlidirlər ki, tələbələr öz sərhədlərini və müdafiə yollarını bilsinlər.

Müəllimlik peşəsi yalnız bilik ötürməkdən ibarət deyil, həm də nümunə olmaqdır. Hörmətə əsaslanan bir təhsil mühiti yaratmaq təkcə tələbənin deyil, həm də cəmiyyətin gələcəyinə yatırımdır. Qeyri-etik davranışlara qarşı sıfır tolerantlıq siyasəti təhsil müəssisələrinin əsas mədəniyyəti olmalıdır.
Universitetlər yetkin fərdləri yetişdirən bir məkandırsa, bu fərdlərə qarşı hörməti təmin etmək bir zərurətdir, əksinə bir lütf deyil. Sərhədlərin aydın çəkilməsi, etik prinsiplərin işlənməsi və hər kəsin məsuliyyət daşıması, baxın, budur arzu etdiyimiz təhsil mühitinin təməli.

Aysu Qədirli
Top