Bir operadan doğan mədəniyyət: Leyli və Məcnun

Bir operadan doğan mədəniyyət: Leyli və Məcnun


Azərbaycan musiqi mədəniyyətinin zirvələrindən sayılan, Şərqdə ilk opera kimi tarixə düşən “Leyli və Məcnun” əsərinin səhnəyə qoyulmasından növbəti il ötür. Dahi bəstəkar Üzeyir Hacıbəylinin imzasını daşıyan bu opera yalnız milli musiqi tariximizin deyil, bütövlükdə Şərq mədəniyyətinin nadir sənət hadisələrindən biri hesab olunur. 1908-ci ildə səhnəyə qoyulan “Leyli və Məcnun” klassik Avropa opera ənənələri ilə Azərbaycan muğamının sintezini yaradaraq musiqi sənətində tamamilə yeni bir mərhələnin əsasını qoydu. Əsər xalqın yaddaşında yaşayan əbədi sevgi hekayəsini dərin fəlsəfi məna, emosional zənginlik və bədii kamilliklə təqdim edir. Bir əsrdən artıqdır ki, “Leyli və Məcnun” milli musiqi düşüncəmizin formalaşmasında mühüm rol oynayır, muğam irsinin səhnə mədəniyyətində yaşadılmasına xidmət edir və sevginin, sədaqətin, fədakarlığın bəşəri dəyərlərini tərənnüm edir. Opera illər keçsə də aktuallığını itirmir, hər yeni nəsil üçün həm musiqi, həm də mənəvi baxımdan dərin təsir gücünə malik sənət nümunəsi olaraq yaşayır.

Mövzu ilə bağlı musiqişünas Bahar Bəylərova empatv.az saytına məlumatında qeyd etdi: "Üzeyir Hacıbəylinin dühasını və onun şah əsəri olan "Leyli və Məcnun"u Azərbaycan mədəniyyətində "azad insan psixologiyası musiqisi"nin təməl daşı kimi qiymətləndirirəm. Bu opera sadəcə iki gəncin faciəvi sevgi hekayəsi deyil; o, Şərq fərdinin daxili dünyasında baş verən böyük bir emosional inqilabın və fərdi azadlığın psixoloji manifestidir. Hətda XVII Üzeyir Hacıbəyli  Beynəlxalq Musiqi  Festivalı çərçivəsində “Üzeyir Hacıbəyli müasirlərin düşüncəsində” kitabında “Üzeyir Hacıbəyli yaradıcılığının psixoloji aspektləri: azad insan psixologiyasının banisi (Ü.Hacıbəyli timsalında həyatıma toxunan, hər şeyə rəğmən peşəsinin məsuliyyətini daşıyan müəllimlərimə ithafən)”  adlı elmi-publisistik yazım da dərc edilib".

1. Üzeyir Hacıbəyli "Leyli və Məcnun" əsərlə Azərbaycan musiqi tarixində emosional azadlıq erasının əsasını qoymuşdur. O, muğamı – bu qədim və "qapalı" fəlsəfi dili – opera səhnəsinə gətirərək, onu fərdin daxili konfliktlərini ifadə edən dinamik bir vasitəyə çevirdi. 1908-ci ildə bu operanın yaranması ilə Şərqdə ilk dəfə olaraq milli musiqi təfəkkürü Avropa janr forması ilə sintez olundu. Bu, milli kimliyin qlobal mədəniyyət kontekstində özünü təsdiqi idi. Ü. Hacıbəyli yaradıcılığında Məcnun obrazı, əslində, "azad hiss etmək" uğrunda hər şeyi qurban verən insanın prototipidir. O, muğamı psixoloji bir dil kimi istifadə edərək, qəhrəmanın şüuraltı sarsıntılarını, ictimai basqıya qarşı fərdi etirazını musiqi ilə vizuallaşdırdı. Bu, sənət vasitəsilə fərdin öz "mən"ini tapması prosesidir. Təhsil tədqiqatçısı kimi qeyd etməliyəm ki, bu əsər Azərbaycan xalqına hissləri "mütəşəkkil" şəkildə ifadə etməyi öyrətdi. Fərdi hisslərin muğamın improvizasiya gücü ilə birləşməsi, xalqın kollektiv mədəni yaddaşında emosional intellektin formalaşmasına təkan verdi.

2. Müasir dünyada insanın emosional ehtiyacları rəqəmsallaşsa da, "Leyli və Məcnun" operası hələ də sarsıdıcı təsir gücünə malikdir. Çünki, bu əsər insanın ən fundamental axtarışına – identiklik və səmimi sevgi axtarışına cavab verir. Bugünkü tamaşaçı üçün Məcnunun çölə qaçması sadəcə bir əfsanə deyil, müasir insanın sosial şəbəkələrin və süni standartların "qəfəsindən" emosional qaçış arzusudur.

Musiqişünas həmçinin qeyd edib ki, tamaşaçı bu operada öz daxili azadlıq ehtiyacını tapır: "Müasir psixologiya sevgini fərdin özünü reallaşdırması kimi görür. "Leyli və Məcnun"da sevgi – azad sevməyin, azad düşünməyin və azad hiss etməyin psixoloji manifestidir. Məcnun obrazı müasir insana xatırladır ki, sevgi obyektə sahib olmaq deyil, o duyğunun içində "azad olmaqdır". Musiqişünas və psixoloq nöqteyi-nəzərindən, müasir tamaşaçı üçün muğam parçaları bir növ musiqi terapiyası (passiv musiqi terapiyası) rolunu oynayır. Muğamın mediativ təbiəti müasir insanın gərginliyini azaldır, ona öz daxili dünyası ilə empati qurmağa şərait yaradır. Bu, fərdi hisslərin kollektiv yaddaş vasitəsilə təmizlənməsidir (katarsis)".

"Yekun olaraq qeyd edə bilərəm ki, "Leyli və Məcnun" operası Azərbaycanın musiqi yaddaşında fərdin azadlıq fəryadı kimi qalır. Sevgi anlayışı da burada idealizə olunmuş romantik hiss kimi deyil, azadlıq və özünə sadiqlik aktı kimi təqdim olunur. Müasir tamaşaçı Leyli və Məcnunu “itirən aşiq” deyil, öz həqiqətini seçən insan kimi oxuyur. Bu isə Üzeyir Hacıbəylinin musiqisinin zamansızlığını göstərir: əsər hər dövrdə insan psixikasının əsas suallarına cavab verir. Üzeyir Hacıbəyli bizə göstərdi ki, insan yalnız öz hisslərini azad və səmimi şəkildə ifadə etdikdə həqiqətən azad olur".

Xumar Emilqızı

Top