İ.Şıxlının “Dəli Kür” əsərində əxlaq konsepsiyası
İsmayıl Şıxlının “Dəli Kür” romanı və onun əsasında 1969-cu ildə çəkilmiş eyniadlı film eyni ideya xəttini paylaşsa da, əxlaq konsepsiyasının təqdimatında fərqli yanaşmalar ortaya qoyur. Roman daha çox daxili psixoloji mübarizəni və əxlaq dilemmasını açır, film isə bu mübarizəni vizual və emosional təsir vasitəsilə çatdırır. İsmayıl Şıxlı yarım il filmin belə “əlgəzdirmələr”dən sonra ekranlara çıxmasına razı olmayıb. Hətta film çəkildikdən sonra romanının məhv olduğunu düşünmüşdür. Romanda əxlaq problemi geniş ictimai müstəvidə təqdim olunur. Kür çayı cəmiyyətin içində yığılan ziddiyyətlərin, susdurulmuş haqların simvolu kimi çıxış edir. İsmayıl Şıxlı üçün əxlaq sabit və dəyişməz norma deyil; o, zamanla, insan taleyi ilə sınanan bir anlayışdır. Müəllif göstərir ki, köhnə feodal əxlaqı insanı qorumaq əvəzinə onu məhv etdikdə, artıq mənəvi dəyər olmaqdan çıxır. İsmayıl Şıxlının “Dəli Kür” romanı Azərbaycan ədəbiyyatında təkcə tarixi hadisələri əks etdirən bədii nümunə kimi deyil, eyni zamanda cəmiyyətin əxlaq sistemini, insan münasibətlərini və xüsusilə qadın taleyini dərin fəlsəfi müstəvidə araşdıran əsər kimi mühüm yer tutur. Yazıçı XIX əsr Azərbaycan kəndinin həyatını təsvir etsə də, qaldırdığı problemlər zamanla məhdudlaşmır və bu gün də aktuallığını qoruyur.
Romanın mərkəzində duran əsas məsələlərdən biri qadının cəmiyyətdəki mövqeyi və onun söz haqqından məhrum edilməsidir. Zərnigar, Mələk, Şahnigar, Salatın,
Güləsər kimi qadın obrazları bu baxımdan ümumiləşdirilmiş qadın taleyinin müxtəlif tərəflərini əks etdirir. Bu qadınların heç biri öz həyatı ilə bağlı qərar verən tərəf deyil; onların taleyi kişilər, adət-ənənələr və “namus” anlayışı tərəfindən müəyyənləşdirilir. Bu isə qadının şəxsiyyət kimi deyil, sosial funksiya kimi qəbul edildiyini göstərir.
Zərnigar obrazı ailədaxili münasibətlərdə qadının necə asanlıqla dəyərsizləşdirildiyini açıq şəkildə nümayiş etdirir. O, Cahandar ağanın həyat yoldaşıdır, illərini bu ailəyə həsr etmişdir, lakin Cahandar ağa Mələyi qaçırıb evə gətirdiyi zaman Zərnigarın hissləri, psixoloji vəziyyəti, mənəvi sarsıntısı tamamilə nəzərə alınmır. Zərnigar fikir bildirdikdə belə onun sözləri əhəmiyyətsiz sayılır. Bu vəziyyət qadının ailə daxilində belə özünü ifadə edə bilməməsinin acı nümunəsidir.
Zərnigarın qürurunun qırılması onu tədricən daha sərt, daha aqressiv mövqeyə sürükləyir.
Əsərdə diqqət çəkən mühüm məqamlardan biri də qadının qadına qarşı mənfi münasibətidir. Zərnigar xanım Mələyi qəbul edə bilmir və hətta oğlunun onu öldürməsinə razı gəlir. Bu davranış ilk baxışda qəddarlıq kimi görünsə də, əslində cəmiyyətin qadına yüklədiyi ağır psixoloji yükün nəticəsidir. Zərnigar üçün Mələk onun ailədəki yerini, qadınlıq dəyərini və həyat yoldaşının sevgisini əlindən alan bir təhlükədir. Yazıçı burada qadınların bir-birinə düşmən kəsilməsinin səbəbini onların təbiətində deyil, patriarxal sistemin yaratdığı şəraitdə axtarır.
Romanda psixoloji cəhətdən daha mürəkkəb təsvir olunan Mələk obrazı filmdə aktiv mövqedə çıxış etmir və hadisələrin inkişafında ikinci planda qalır. Mələk filmdə hadisələrə yön verən deyil, onlara tabe olan obraz kimi təqdim olunur. O, Cahandar ağanın evində baş verən bütün qarşıdurmalara, nifrətə və təhlükəyə baxmayaraq bu evdə qalmağa davam edir. Bunun səbəbi onun iradəsizliyi deyil, dövrün sərt sosialəxlaqi qaydalarıdır. Qadın “namus timsalı” sayıldığı üçün evli qadının qaçırıldıqdan sonra öz evinə qayıtması ölüm təhlükəsi ilə nəticələnə bilərdi. Mələk də bu reallığı anlayır. Allahyarın evində çəkdiyi əziyyətlər, gördüyü hörmətsizliklər fonunda Cahandar ağanın ona diqqət göstərməsi, onu qadın kimi dəyərləndirməsi Mələk üçün bir növ xilas yolu kimi görünür. Lakin o, bu yolda başqalarının qəlbinin qırılacağını düşünmür. Beləliklə, həm Zərnigar, həm də Mələk öz mövqelərindən haqlıdır və bu haqlılıq faciəni daha da dərinləşdirir. İsmayıl Şıxlı burada göstərir ki, sevginin olmadığı cəmiyyətdə əxlaq anlayışı da deformasiyaya uğrayır.
Şahnigar obrazı qadın taleyinin daha bir faciəvi tərəfini üzə çıxarır. Cahandar ağanın bacısı olan Şahnigar həyat yoldaşını itirmiş, daxilən şən, həyata bağlı bir qadındır. Lakin cəmiyyət onun bu xüsusiyyətlərini bağışlamır. Molla Sadığın qurduğu plan nəticəsində Şahnigar özünü meyxanədə tapır və bu hadisə Cahandar ağanın “namus anlayışı”na toxunduğu üçün ölüm ilə nəticələnir. Cahandar ağa bacısını Kür çayında boğaraq öldürür. Bu səhnə əsərdə namus adı altında törədilən ən ağır və ən faciəvi cinayətlərdən biri kimi təqdim olunur. Şahnigarın ölüm səhnəsi filmdə vizual və emosional təsir gücü ilə verilmiş, romandakı faciəvi məqamı daha kəskin şəkildə qabartmışdır. Yazıçı burada açıq mesaj verir: əxlaq insanı qorumaq əvəzinə onu məhv edirsə, artıq mənəvi dəyər olmaqdan çıxır.
Əsərdə qaldırılan problemlərdən biri də cəmiyyətin təhsilə və maariflənməyə münasibətidir. Kənd əhalisi elmə yönələnlər və mollaxana təhsili ilə kifayətlənənlər olmaqla iki hissəyə bölünür. Maarifçi Əhməd obrazı bu qarşıdurmanın mərkəzində dayanır. O, uşaqları maarifləndirməyə çalışır, Çarnyavski ilə birlikdə Qori Müəllimlər Seminariyası üçün savadlı şagirdlər axtarır. Lakin cəmiyyətin cahil təbəqəsi onu “kafir” adlandırır. Bunun əsas səbəbi insanların Molla Sadığa korkoranə inanması və dini təhsili elmdən üstün tutmasıdır.
Cahandar ağanın oğlu Əşrəfin seminariyada təhsil alması isə Cahandar ağanın xarakterindəki ziddiyyətləri üzə çıxarır. O, oğlunun maariflənməsini istəsə də, bunu daha çox nüfuzunu artırmaq, ailəsinin ad-sanını qorumaq məqsədi ilə edir. Bu da Cahandar ağanın həm köhnə, həm də yeni düşüncə tərzi arasında qaldığını göstərir. Roman Cahandar ağanın daxili ziddiyyətlərini, tərəddüdlərini və vicdanla mübarizəsini geniş şəkildə açdığı halda, film onun xarakterini daha sərt, qətiyyətli və bəzən qəddar çalarlarla təqdim edir. Bu da tamaşaçıda onun əxlaq anlayışını daha açıq şəkildə sual altına almağa səbəb olur.
Cahandar ağa obrazı ümumilikdə insanın daxili aləminin nə qədər ziddiyyətli ola biləcəyinin simvoludur. O, evli qadını qaçırmaqla cəmiyyətin əxlaq normalarını pozur, lakin eyni zamanda “namus” adı altında bacısını öldürür. Allahyarın qisası, Qəmər atının təhqir edilməsi və Cahandar ağanın atını öldürməsi dövrün əxlaq sistemində ləkənin yalnız qanla yuyula biləcəyini göstərir.
Molla Sadıq obrazı isə din xadimlərinin ikiüzlülüyünü ifşa edir. Dini dəyərləri təbliğ etdiyini iddia edən bu obraz əslində kin, hiylə və intiqam hissləri ilə hərəkət edir. Şahnigarın ölümündə və Salatının qaçırılmasında onun rolu açıq şəkildə göstərilir.
Lakin Cahandar ağa Salatın məsələsində vicdanının səsinə qulaq asır və qızını öldürə bilmir. Bu məqam əsərdə əxlaq anlayışının ən yüksək nöqtəsidir: vicdan adətdən üstün tutulur.
