Faciədən doğan qəhrəmanlıq: 20 Yanvarın canlı şahidləri danışır

Faciədən doğan qəhrəmanlıq: 20 Yanvarın canlı şahidləri danışır


1990-cı ilin yanvarın 19-dan 20-nə keçən gecə Azərbaycan tarixinin ən qaranlıq, ən ağrılı səhifələrindən biri yazıldı. Həmin gecə Bakı şəhəri tankların səsi, güllələrin uğultusu ilə oyandı. Sovet ordusunun silahsız əhaliyə qarşı törətdiyi amansız zorakılıq təkcə küçələrdə insanların deyil, bütöv bir xalqın səbrinin, susqunluğunun güllələnməsi idi. Axıdılan qan, yarımçıq qalan həyat hekayələri Azərbaycan xalqının azadlıq yolunda ödəməyə məcbur qaldığı ağır, lakin şərəfli bədəl idi.

20 Yanvar faciəsi yüzlərlə ailənin ocağını söndürdü, minlərlə insanın taleyində sağalmaz yaralar açdı. Bu faciə təkcə matəm günü deyil, həm də xalqın milli oyanışının, azadlıq əzminin simvoluna çevrildi. Həmin gecə canından keçən şəhidlər arasında gəncliyi, arzuları, gələcək planları yarımçıq qalan, lakin insanlıq borcunu sona qədər yerinə yetirən qəhrəmanlar vardı. Onlardan biri də yaralı insanları xilas etmək üçün ölümün üzərinə gedən gənc tələbə Ələsgər Qayıbov idi.  
Ələsgər Qayıbov 1966-cı il martın 15-də Gürcüstanın Qaraçöp bölgəsində dünyaya gəlmişdi. Azərbaycan İnşaat Mühəndisləri İnstitutunun ikinci kurs tələbəsi idi (indiki Azərbaycan Memarlıq və İnşaat Universiteti). Gələcək planları, arzuları vardı, lakin taleyi onu Azərbaycanın azadlıq tarixinə həkk olunan bir ada çevirdi. Cəmi 24 yaşında olan Ələsgər həmin gecə evdə qala bilmədi. Yaralı insanların fəryadı onu küçələrə çıxardı. “Gənclik” metrostansiyası ətrafından 5 nömrəli xəstəxanaya dəfələrlə gedib-gələrək yaralıları daşıdı, həyatla ölüm arasında qalan insanlara ümid oldu. O, silahsız halda, yalnız insanlıq borcunu yerinə yetirmək üçün ölümün üzərinə getdi və sovet əsgərlərinin açdığı atəş nəticəsində qəhrəmancasına şəhid oldu. Ələsgər Qayıbovun timsalında 20 Yanvar şəhidlərinin hər biri azadlığın yalnız sözlə deyil, canla yazıldığını sübut etdi. Onlar bu xalqın vicdanına çevrildilər və tarixdə əbədi olaraq 24 yaşında qaldılar.

Şəhid Ələsgərin bacısı Sərmayə xanım Empatv.az-a gecə şahidi olduqlarını və qardaşının necə şəhid olduğunu bölüşdü:
"O günləri heç vaxt unutmarıq. O stressi, o qorxunu öz canımızda yaşadıq. Qardaşımın tək bacısı idim. O, çox qoçaq və cəsur idi. Deyirdi ki, "hər kəs mənə baxanda utanıram". Qardaşım hər dəfə hərəkatda, nümayişlərə gedəndə onun üçün çox narahat olurdum. Deyirdim: getmə. Amma qulaq asmırdı. O vaxtlar hətta müharibəyə könüllü də yazılmışdı. Deyirdi ki, mütləq getməliyəm, bir-iki düşməni mən vuraram, bir-ikisini də müəllim vurar. Həmin gecə də güllə səslərinə oyanıb tələbə yoldaşları ilə birləşərək Gənclik stansiyası yaxınlığına gediblər. Bir neçə dostu getmək istəmirdi. Ələsgər isə demişdi: Qorxan evdə qalsın, biz qorxmuruq".
Şəhid bacısı bildirib ki, bu anları ona qardaşının dostları danışıb:
"Sonradan dostları söylədi ki, insanlar qanlar içində olarkən qardaşım və yoldaşları tankın üzərinə əl-ələ irəliləyiblər. Yaralılara kömək ediblər. Yoldaşımın əmisi oğlu da həmin hadisələr zamanı yaralanmışdı. Ələsgər isə yaralılara yardım edərkən, təcili yardım maşınına daşıyarkən qolundan və qarın nahiyəsindən güllə yarası alıb. Onu 5 nömrəli xəstəxanaya aparıblar. Üç dəfə cərrahi əməliyyat olunub. Xəstəxananın qarşısında təxminən 200 nəfər tələbə toplaşmışdı, ətraf isə əli silahlı hərbçilərlə dolu idi. Qardaşımın yaralandığını eşidəndə sanki dəli olduq, özümüzə gələ bilmədik. Biz onun üzünü belə görə bilmədik..."
Bu sözləri deyərkən şəhid bacısı Sərmayə xanım göz yaşlarını saxlaya bilməyib:
"Xəstəxanada anaların fəryadı eşidilirdi. Mən isə sanki hər yerdən anamın səsini eşidirdim. Çox ağır bir ömür yaşadıq. Anam bu hadisədən sonra infarkt keçirdi. Mənə dedilər ki, "qardaşın səni çağırır, gəl". Onu o halda görəndə qaçırdım, çığırırdım. Hamı deyirdi: "Ələsgər, niyə ora getdin"? Ələsgər isə gülümsəyirdi… və gülə-gülə dünyasını dəyişdi".
Qeyd edək ki, bu gün Bakıda, Heydər Əliyev prospektində Ələsgər Qayıbovun adını daşıyan küçə mövcuddur...

20 Yanvar faciəsinin ən ağır anları yalnız küçələrdə deyil, yerin altında Bakı metropolitenində də yaşanırdı. Həmin gecənin canlı şahidlərindən biri də veteran metro işçisi İbrət Tahirovdur. 36 il öncə yaşananlara qayıtdı. Onun xatirələri 20 Yanvar faciəsinin Azərbaycan xalqının taleyində açdığı silinməz izləri, göstərilən qəhrəmanlıq nümunələrini və həmrəyliyin gücünü bir daha ortaya qoyur.
"O vaxtlar 35 yaşım var idi. 1977-ci ildən metroda təlimatçı-maşinist vəzifəsində çalışırdım. Həmin gün axşam növbəsində idim. Saat 8-də işə gəldim və hər zamankı kimi vəzifəmi icra etməyə başladım. Bir qədər sonra iş yoldaşım Rasim Musayev mənə dedi ki, bəlkə metro səhərə qədər işləsin. Mən də cavab verdim ki, işləmək lazımdırsa, işləyək. Bildirdim ki, bu təkcə bizim qərarımızla olmaz, əsas söz dispetçerindir".
İbrət Tahirov dispetçerlə əlaqə saxladıqlarını və metronun səhərə qədər fasiləsiz işləməsi barədə qərar qəbul etdiklərini qeyd edir. Onun sözlərinə görə, bu qərar heç bir rəhbərliyin göstərişi olmadan, sırf vicdan və məsuliyyət hissi ilə verilib:
"Bizə nə müdiriyyət, nə də rəhbərlik deməmişdi ki, səhərə qədər işləyin. Yanımda elə maşinistlər var idi ki, saat 11-də evə getməli idilər. Onlara dedim ki, qalın, getməyin. Hamısı razılaşdı və səhərə qədər vəzifə başında qaldılar. Eyni zamanda, evdə olan maşinistləri də işə çağırdım. Maşinistlər səhərə qədər qorxmadan öz vəzifə borclarını yerinə yetirdilər. Evdə olanlar da mənə zəng edib deyirdilər ki, lazımdırsa, biz də işə çıxaq. Qatarların sayı az idi, buna görə dispetçerdən xahiş etdim ki, xəttə əlavə qatar buraxılsın".
İbrət Tahirovun sözlərinə görə, o gecə metro sadəcə nəqliyyat vasitəsi deyil, insanların ümid yeri idi. Yaralılar, qorxu içində olan sakinlər məhz metronun işləməsi sayəsində təhlükəsiz yerə çata bilirdilər.

"Həmin gecə biz təkcə vəzifə borcumuzu yox, həm də Vətən qarşısında borcumuzu yerinə yetirdik", – deyə o vurğulayıb.
Veteran metro işçisinin xatirələri 20 Yanvar gecəsinin yalnız faciə deyil, eyni zamanda, xalqın birliyi, fədakarlığı və cəsarətinin parlaq nümunəsi olduğunu bir daha sübut edir.
İbrət Tahirovun sözlərinə görə, həmin gecə metro işləməsəydi, faciə qurbanlarının sayı dəfələrlə çox olardı:
"Bizim işləməyimiz bəlkə də yüzlərlə insanın həyatını xilas etdi. O gecə baş verənləri sözlə ifadə etmək demək olar ki, mümkün deyil. Üzərindən 36 il keçməsinə baxmayaraq, həmin hadisələrin hər anı bu gün də gözümün önündə canlanır. İnsanların qaçaraq, təşviş içində vaqonlara minməsini, o həyəcanı və qorxunu unutmaq mümkün deyil".
Faciənin canlı şahidi bildirib ki, həmin vaxt metronun təhlükəsizliyi polis tərəfindən qorunurdu. Metro işçilərinin əsas vəzifəsi insanları təhlükəsiz şəkildə aparıb-gətirmək idi. Onun sözlərinə görə, əgər əsgərlər metroya daxil olsaydı, faciə qurbanlarının sayını müəyyən etmək belə mümkün olmazdı.
İbrət Tahirov qeyd edib ki, həmin gecə əsas mərkəz Nəriman Nərimanov metrostansiyasında yerləşirdi:
"Gecə saat 1 radələrində yaralı gətirdilər. Metronun tibb otağında tibb bacısı var idi. Yaralını ora apardıq, ilkin tibbi yardım göstərildi, daha sonra isə təcili yardımla təxliyə olundu. 20 Yanvar hadisələri xalqımızın bir-birinə olan inamını daha da möhkəmləndirdi, milli həmrəyliyi gücləndirdi. Azərbaycan xalqı bu faciəni heç vaxt unutmayacaq, göstərilən qəhrəmanlıq və vətənpərvərlik nümunələri gələcək nəsillərə ibrət dərsi kimi çatdırılacaq.O gecə qəhrəman və fədakar maşinistlərimiz Ağadadaş və İlham səhərə qədər fasiləsiz şəkildə iş başında oldular. Onların göstərdiyi məsuliyyət və fədakarlıq, o dəhşətli gecədə insanların təhlükəsizliyi naminə yorulmadan çalışmaları hər zaman yadda qalacaq. Bu faktlar bir daha göstərir ki, 20 Yanvar faciəsi xalqımızın, eləcə də vəzifəsini vicdanla yerinə yetirən insanların qəhrəmanlıq tarixidir".

Hazırladı: Jurnalist Xumar Emilqızı
Top