Şərqin ilk qadın opera bəstəkarı Şəfiqə Axundovanın doğum gününə ithafən
Bu gün Azərbaycan musiqi tarixində silinməz iz qoymuş, Şərqdə ilk opera yazan qadın bəstəkar kimi adını əbədiləşdirmiş Şəfiqə Axundovanın doğum günüdür. Onun zəngin yaradıcılığı, sənətə və həyata bağlılığı bu gün də musiqisevərlərin qəlbində yaşayır.
Şəfiqə Axundova 1924-cü ildə qədim Şəki şəhərində, sayılıb-seçilən Axundovlar ailəsində dünyaya göz açıb. Atası Qulam Axundov dövrünün tanınmış ziyalısı, müxtəlif illərdə məsul vəzifələrdə çalışmış ictimai xadim idi. Anası Züleyxa xanım isə ailəyə və övladlarına bağlı evdar qadın olmuşdur. Belə bir ziyalı mühitində böyüyən Şəfiqə xanımın sənətə yönəlməsi təsadüfi deyildi.
Bakıdakı 173 saylı məktəbdə təhsil alarkən paralel olaraq musiqi məktəbinə daxil olması onun gələcək taleyinin əsasını qoydu. Şəfiqə xanım sənət yolundakı uğurlarını tez-tez bacısı Zümrüdlə bağlayırdı. Akademik Məmməd Arif Dadaşzadənin həyat yoldaşı olan Zümrüd xanımın evində dövrün görkəmli ziyalıları toplaşar, gənc Şəfiqə həmin məclislərdə royal arxasında musiqi ifa edərdi. Məhz bu mühit onun yaradıcılıq dünyasını formalaşdırdı.
Yazıçı Mirzə İbrahimov və həyat yoldaşı Sara xanımın vasitəçiliyi ilə Üzeyir Hacıbəyovla tanışlıq isə Şəfiqə Axundovanın həyatında dönüş nöqtəsi oldu. Üzeyir bəyin xeyir-duası ilə o, peşəkar musiqi təhsili almağa başlayır. Hacı Xanməmmədov, Ağabacı Rzayeva, Fatma Zeynalova, Məmməd Nəsirbəyov kimi tanınmış sənətkarlardan dərs alan gənc bəstəkar 1941-ci ildən etibarən məqsədli və ardıcıl bir yaradıcılıq yoluna qədəm qoyur.
Şəfiqə Axundova Asəf Zeynallı adına Bakı Musiqi Məktəbini, daha sonra Azərbaycan Dövlət Konservatoriyasını bitirərək bəstəkarlıq sənətinin incəliklərinə dərindən yiyələnir. Üzeyir Hacıbəyov onun yaradıcılığını daim izləyir, gənc bəstəkarların xalq musiqisi əsasında formalaşmasına xüsusi diqqət yetirirdi.
1972-ci ildə yazdığı “Gəlin qayası” operası ilə Şəfiqə Axundova Şərqdə ilk opera yazan qadın bəstəkar kimi tarixə düşdü. Bu əsər, Azərbaycan musiqi mədəniyyətinin mühüm hadisələrindən biridir. Bundan əlavə, “Ev bizim, sirr bizim” operettası, yüzlərlə mahnı, romans, teatr və uşaq tamaşalarına yazdığı musiqilər onun yaradıcılıq diapazonunun nə qədər geniş olduğunu göstərir.
Şəfiqə Axundova 26 il boyunca Azərbaycan Dövlət İncəsənət İnstitutunda müəllim kimi çalışaraq gənc nəslin yetişməsində böyük rol oynayıb. O, təkcə bəstəkar deyil, həm də sənətə xidmət edən fədakar pedaqoq idi.
1998-ci ildə Xalq artisti, 2004-cü ildə isə “Şöhrət” ordeni ilə təltif olunan Şəfiqə Axundova ömrünün son günlərinə qədər musiqi ilə yaşadı. Ağır ürək xəstəliyinə baxmayaraq, yaşamaq və yaratmaq eşqi onu heç vaxt tərk etmədi.
2013-cü il iyulun 26-da dünyasını dəyişən bəstəkar II Fəxri xiyabanda dəfn olunub. Onun yazdığı 600-ə yaxın mahnı, operalar və musiqi əsərləri bu gün də yaşayır, səslənir və yeni nəsillərə ilham verir.
Bu gün onun doğum günündə bir daha deyirik: Şəfiqə Axundova Azərbaycan qadınının yaradıcılıq gücünün simvoludur. Onun sənəti zamanın fövqündədir və hər zaman yaşayacaq.

Hazırladı: Jurnalist Sura Əliyeva