BEŞ MƏRTƏBƏLI BINANIN DAYAĞI ALTINCI MƏRTƏBƏYƏ DÖZƏCƏK QƏDƏR GÜCLÜDÜRMÜ?

BEŞ MƏRTƏBƏLI BINANIN DAYAĞI ALTINCI MƏRTƏBƏYƏ DÖZƏCƏK QƏDƏR GÜCLÜDÜRMÜ?


Anarın “Beş mərtəbəli evin altıncı mərtəbəsi” romanı və roman əsasında çəkilən “Təhminə və Zaur” filmi eyni ideyanın iki fərqli aynasıdır. Bu aynaya baxanda isə bir həqiqət dəyişmir: problem sevgi deyil, cəmiyyətin sevgiyə qoyduğu şərtlərdir. Elə bu səbəbdən də 1993-cü ildə ekranlaşdırılan film dövrünün ən çox qınanan, amma ən çox müzakirə edilən əsərlərindən birinə çevrildi. Anarın sonradan əsər əsasında ekranlaşdırılan serialla bağlı verdiyi açıqlama da diqqəti cəlb edir. Müəllif açıq şəkildə bildirir ki, bu ad altında təqdim edilən serial onun ideyasına, mətninə və obrazlarına yad bir məhsuldur. Bu mövzu artıq deyilib, yaşanıb və Rasim Ocaqovun filmi ilə zirvəsinə çatıb. Onu təhrif etmək isə ideyanı ucuzlaşdırmaqdan başqa bir şey deyil. Qeyd etdiyimiz kimi, film ən çox qınanan , amma eyni zamanda ən çox müzakirə edilən əsərlərdən birinə çevrilmişdir.

Bu qınağın mərkəzində bir qadın dayanır — Təhminə. O, cəmiyyətin qadın üçün müəyyənləşdirdiyi davranış modellərinə tabe olmur. Təhminə, harada olacağını, kimlə görüşəcəyini, necə yaşayacağını özü müəyyənləşdirir. Bu azadlıq isə cəmiyyət tərəfindən “həddindən artıq sərbəstlik” kimi qəbul edilir və əxlaqi problemə çevrilir. Digər tərəfdə isə Zaur var: zahirdə sevən, daxilən isə hələ böyüməmiş, cəmiyyətin səsini öz səsindən ayıra bilməyən bir kişi. Əsərdəki Muxtar, Spartak və onlara bənzər surətlər təsadüfi deyil. Onlar cəmiyyətin ən real tipajlarıdır — əldə edə bilmədiyini ləkələməyi seçən, “əli ciyərə çatmayanda cırmaq atan” kişilərdəndirlər. Bu obrazlar vasitəsilə Anar bir şeyi açıq şəkildə göstərir: Təhminəyə yönələn nifrət onun əxlaqından yox, azadlığından qaynaqlanır.

Filmin başlanğıcından sonuna qədər Təhminə və Zaurun eşqinə şahid olduğumuzu zənn etsək də şüuraltımıza yeridilən fikir tam da bu deyil.Təhminəni filmdəki bütün qəhrəmanlar həm Zaura, həm də onu tanıyanlara “cəmiyyətin streotiplərinə uyğun olmayan qadın” kimi tanıtmağa çalışırlar. Təhminə hər kəs tərəfindən Zaura “təhlükəli”, “uyğunsuz”, “əxlaqa sığmayan” qadın kimi təqdim olunur. Təhminə isə hər şeyə rəğmən heç kəsə pis davrana bilmir, mədəniyyət sərhədlərini əsla tapdalamır. Halbuki o, ən çətin anlarda belə mədəniyyət sərhədlərini aşmayan, qarşısındakını alçaltmayan bir obrazdır. Zaurun anasının təhqiramiz sözlərinə belə sakitliklə cavab verməsi Təhminənin daxili gücünün göstəricisidir.

Zaurun faciəsi isə Təhminəni sevməməsində yox, onu cəmiyyətə qarşı müdafiə edə bilməməsindədir. Zaurun anası “cəmiyyətin güzgüsüdür”. Baş qəhramanımız nə qədər çox Təhminəni sevsə də ətrafın fikirlərindən tam olaraq qurtula bilmir. Təhminə gözəlliyi, ünsiyyətcilliyi, zəkası ilə diqqət çəkir, amma həyatına kimləri buraxacağını özü seçir. Bu seçim isə cəmiyyət üçün bağışlanmazdır. Ona görə də keçmiş müdiri Həsənovun dili ilə belə damğalanır. Halbuki bu sözlər Təhminəni yox, onları deyənləri ifşa edir. Əslində Təhminə sadəcə hər ehtiyacını özü qarşılamalı olan, ailəsi olmayan, müasir qadındır. Cəmiyyətin “boğazında ilişib qalan” qadın. Onu həzm edə bilmirlər, ona görə də günahlandırırlar. Anar Təhminəni evini özü idarə edən, tək yaşayan qadın obrazı kimi təqdim edərək deyir ki, problem Təhminənin həyatı deyil, cəmiyyətin baxışıdır. Təhminə ailəsi olmadığı üçün zəif deyil, əksinə ailəsi olmadığı halda bu qədər güclü qalması onu faciəvi, amma möhtəşəm bir obraz edir. Təhminə yalnız bir şey istəyir: sevilmək və hörmət görmək. Zaur üçünsə Təhminə ehtirasdan o yana keçmir. Əgər keçsəydi, başqalarının təsiri ilə onu asanlıqla “əxlaqsız” adlandırmazdı.

Və indi yenidən başlıqdakı suala qayıdaq:

Beş mərtəbəli cəmiyyət azad düşüncənin altıncı mərtəbəsini daşıya biləcək qədər möhkəmdirmi?

Anarın cavabı açıqdır: Bu cəmiyyət hələ yox deməyi, qınamağı və qorxmağı öyrənib, amma sevməyi yox.

Bəs siz necə düşünürsünüz?


Hazırladılar:

Şüşəxanim Vəliyeva – Bakı Dövlət Universiteti

Gülsüm Qasımova – Sumqayıt Dövlət Universiteti

Top