Kimya mühəndisi üçün Mülki Müdafiə: “Lazımsız fənn” yox, həyati bilik!
Universitet auditoriyalarında tez-tez eyni cümləni eşidirik:
“Mülki Müdafiə bizə nə verəcək ki?”
Xüsusilə texniki və mühəndislik ixtisaslarında oxuyan tələbələr bu fənni artıq yük, formal bir dərs kimi qəbul edirlər. Amma məsələ bu qədər sadədirmi? Düşünürəm ki, yox.
Mülki Müdafiə fənni sadəcə nəzəri anlayışlar və ya imtahan üçün əzbərlənən mövzular toplusu deyil. Bu fənn fövqəladə hallarda insan həyatının qorunmasına xidmət edən biliklər sistemidir. Və bu biliklər ən çox da kimya mühəndislərinə lazımdır.
Kimya sənayesi yüksək riskli sahələrdən biridir. Zəhərli maddələr, partlayış riski, yanğınlar, sızmalar, texnogen qəzalar – bütün bunlar realdır və tarixdə dəfələrlə baş verib. Belə vəziyyətlərdə yalnız texnoloji bilik kifayət etmir. Təhlükəsiz davranış, düzgün qərarvermə, kollektivin və ətraf mühitin qorunması bacarığı tələb olunur. Məhz bu nöqtədə Mülki Müdafiə bilikləri işə düşür.
Mülki Müdafiə kimya mühəndisinin peşə fəaliyyətində SƏTƏMM (Sağlamlıq, Əməyin Təhlükəsizliyi və Ətraf Mühitin Mühafizəsi) ilə birbaşa əlaqəlidir. Fövqəladə vəziyyət zamanı düzgün hərəkət etməyi bilməyən mühəndis nə qədər güclü texniki biliyə malik olsa da, real təhlükə qarşısında aciz qala bilər. Halbuki Mülki Müdafiə bizə riskləri öncədən dəyərləndirməyi, təhlükənin miqyasını müəyyən etməyi və ən əsası, insan həyatını prioritet saymağı öyrədir.
Bu fənnin ali təhsil müəssisələrində tədrisinin təsadüfi olmadığını da unutmamalıyıq. Mülki Müdafiənin tədrisi ümummilli lider Heydər Əliyevin qərarı ilə sistemli şəkildə təhsil proqramlarına daxil edilib. Bu, gələcək mütəxəssislərin yalnız peşəkar deyil, həm də məsuliyyətli və hazırlıqlı vətəndaş kimi formalaşmasına yönəlmiş uzaqgörən bir addım idi. Düşünmək olar ki, bu qərar boş yerə verilməyib ,çünki təhlükəsizlik savadı sonradan deyil, təhsil dövründə formalaşmalıdır.
Bəlkə də, problem fənnin özündə deyil, ona yanaşmadadır. Mülki Müdafiəni “imtahan keçmək üçün” deyil, “real həyatda lazım olacaq bilik” kimi dərk etdikdə onun əhəmiyyəti daha aydın görünür. Xüsusilə kimya mühəndisləri üçün bu fənn gələcək peşə yolunda görünməyən, amma həyati əhəmiyyət daşıyan bir təhlükəsizlik qalxanıdır.
Nəticə olaraq,demək olar ki, Mülki Müdafiə “bizim nəyimizə lazımdır?” sualının cavabı çox sadədir:
Lazımdır, çünki söhbət insan həyatından gedir.
Qədirli Aysu