Uşaqlarda Cinsi Tərbiyə

Uşaqlarda Cinsi Tərbiyə


Cəmiyyətimizdə uşaqlarla cinsi mövzularda danışmaq uzun illərdir tabu olaraq qəbul edilir. Bir çox valideyn bu mövzunu ya tamamilə görməzlikdən gəlir, ya da “vaxtı gələndə özü bilər” düşüncəsi ilə məsuliyyəti təxirə salır. Halbuki psixoloji araşdırmalar göstərir ki, cinsi tərbiyə uşağın inkişafında əsas rol oynayan təhlükəsizlik, sərhəd və özünüdərk mexanizmlərinin formalaşması üçün vacibdir. Cinsi tərbiyə fiziki və psixoloji istismardan qorumaq məqsədi daşıyır. Cinsi tərbiyə dedikdə yalnız biliklər nəzərdə tutulmamalıdır. Bu anlayışa uşağın bədənini tanıması, şəxsi sərhədlərini bilməsi, “yox” demək bacarığı, təhlükəli vəziyyətləri ayırd edə bilməsi və güvəndiyi böyüklərlə açıq ünsiyyət qurmağı daxildir. Uşaq üçün bədən mövzusu qorxulu və ya ayıb kimi təqdim edildikdə, bu sahə ilə bağlı bütün məlumatları gizli, nəzarətsiz və təhlükəli mənbələrdən almağa meyilli olur.

Cinsi tərbiyəyə hansı yaşdan başlanmalıdır?
Cinsi tərbiyə konkret bir yaşda başlayan söhbət deyil, uşağın inkişafı ilə paralel şəkildə davam edən bir prosesdir.

Erkən uşaqlıq dövrü (0–3 yaş)
‎Bu mərhələdə uşağa bədən üzvlərinin adlarını düzgün şəkildə öyrətmək vacibdir. Cinsiyyət orqanlarının gizli və ya qorxulu adlarla deyil, digər bədən üzvləri kimi normal adlandırılması uşağın bədəni ilə bağlı sağlam münasibət formalaşdırmasına kömək edir. Bu dövrdə verilən əsas mesaj bədən haqqında danışmağın ayıb olmadığıdır.

Məktəbəqədər dövr (3–6 yaş)
‎Bu yaş dövründə uşaqlara şəxsi sərhədlər anlayışı aşılanmalıdır. “Şəxsi bölgələr”, “icazəsiz toxunuş olmaz” kimi anlayışlar sadə və qorxutmayan dildə izah edilməlidir. Uşağa onu narahat edən hər hansı toxunuşu güvəndiyi böyüyə deməsinin vacibliyi vurğulanmalıdır. Bu mərhələdə susdurulan uşaq gələcəkdə təhlükə qarşısında danışmaqdan çəkinə bilər.

Məktəb dövrü (6–9 yaş)
‎Bu dövrdə uşaqlar sual verməyə başlayır və bədən fərqlərini maraqla öyrənir. Valideynlərin bu suallara yaşa uyğun, qısa və doğru cavablar verməsi vacibdir. Uydurma cavablar uşağın valideynə olan etibarını zəiflədir və onu başqa mənbələrə yönəldir.

Yeniyetməliyə keçid dövrü (9–12 yaş)
‎Bu mərhələdə bədəndə hormonal dəyişikliklər başlayır. Əgər uşaq bu dəyişikliklərə hazır deyilsə, onları qorxu, utanma və özünü anormal hiss etmə ilə yaşaya bilər. Düzgün maarifləndirmə uşağın öz bədənini qəbul etməsinə və psixoloji balansını qorumasına kömək edir.

‎Sağlam şəkildə verilən cinsi tərbiyə uşağın özünə hörmətini artırır, sərhəd qoya bilmə bacarığını gücləndirir və təhlükəli vəziyyətlərdə özünü qoruma refleksi yaradır. Belə uşaqlar istismara məruz qaldıqda və ya təhlükə hiss etdikdə susmur, yardım istəməkdən çəkinmir. Eyni zamanda, gələcəkdə quracaqları münasibətlərdə daha sağlam və balanslı olurlar.
‎Cinsi mövzularda qorxudulan və ya susdurulan uşaqlarda zamanla günahkarlıq hissi, bədənindən utanma, yaxınlıq qorxusu və özünü ifadə edə bilməmə kimi problemlər yarana bilər. Bu uşaqlar böyüdükdə sərhəd qoymaqda çətinlik çəkir, istismar hallarında susmağa meyilli olur. Ən təhlükəli məqam isə travmanın çox vaxt danışılmadığı üçün dərinləşməsidir.

‎Uşaqlarla danışarkən istifadə edilən sadə və gücləndirici cümlələr onların psixoloji təhlükəsizliyini artırır. “Sənin bədənin sənə məxsusdur”, “Səni narahat edən hər şeyi mənə deyə bilərsən”, “Xeyr demək sənin haqqındır” kimi mesajlar uşağın şüuraltısında qoruyucu mexanizm yaradır.

‎Cinsi tərbiyə bir dəfə edilən söhbət deyil, uşağın inkişaf mərhələlərinə uyğun davam edən maarifləndirici bir prosesdir. Danışılmayan mövzular uşaqları qorumur, əksinə onları daha həssas və müdafiəsiz edir. Uşağı qoruyan əsas amil məlumatdır, qorxu deyil. Unutmaq olmaz ki, uşaq bilməməkdən deyil, susdurulmaqdan zərər görür.

Uşaq Psixoloqu Mədinə Babayeva
Top