Zamanın ritmində böyüyən gənclik

Zamanın ritmində böyüyən gənclik


Hər dövrün öz gəncliyi var və hər gəncliyin öz arzuları olur. Zaman dəyişdikcə gəncliyin üzü də dəyişir. Bizim nəsil texnologiyanın, sosial medianın və dəyişən dəyərlərin içində böyüyür. Bu dünya isə bizdən daha tez qərar verməyi, daha sürətli düşünməyi tələb edir. Bəzən məhz buna görə bizi "səbirsiz" adlandırırlar. Halbuki bu, səbirsizlik yox, zamanın tempinə uyğunlaşmaq cəhdidir.

Gənclik cəsarətdir. Sual verməkdir. Risk almaqdır. Və ən əsası-səhv etməkdən qorxmamaqdır. Çünki səhv etmədən doğrulara çatmaq mümkün deyil. Təəssüf ki, çox zaman bizə bu haqq tanınmır. Hamı istəyir ki, gənclər mükəmməl, söz deməyən, sual verməyən insanlar olsun. Halbuki susan gənclik inkişaf etməz, düşünməyən gənclik gələcək qura bilməz. Halbuki gələcək yalnız düşünən, sual verən və mübarizə aparan gənclərin əlindədir.

Gələcəyin qurucusu olmaq üçün yalnız diplom yox düşüncə cəsarəti lazımdır. O cəsarət ki, insanı “niyə belədir?” deyə soruşmağa vadar edir. O cəsarət ki, qorxularına baxmayaraq addım atmağa imkan verir. Bəlkə də gələcək elə indi, məhz bizdən başlayır.

Bəlkə də gələcək uzaqda deyil. Bəlkə də gələcək bu gün yazdığımız cümlələrdə, verdiyimiz suallarda, atdığımız kiçik addımlarda formalaşır. Biz yazırıq, yaradırıq, dəyişirik. Bəzən yoruluruq, bəzən ümidimiz azalır, amma yenə də yolumuza davam edirik. Çünki biz inanırıq. Və bilirik ki, gələcək qorxanların deyil, inananların payına düşür.

Jurnalist Xumar Emilqızı
Top