Mixaylo adı ilə ölməzlik

Mixaylo adı ilə ölməzlik


Tarix elə insanlar yetişdirir ki, onların adı zaman keçdikcə bir şəxsin adı olmaqdan çıxır, xalqın yaddaşına çevrilir. Mehdi Hüseynzadə də məhz belə şəxsiyyətlərdəndir. Hər birimizin Mixaylo ləqəbi ilə tanıdığı bu qəhrəman təkcə silahı ilə deyil, düşüncəsi, iradəsi və Vətən sevgisi ilə faşizmə meydan oxumuşdur. 1918-ci il 22 dekabrda Bakı qəzasında dünyaya gələn Mehdi Hüseynzadə uşaqlıqdan həyatın çətin üzü ilə üzləşmişdi. Atasını erkən itirməsi onun taleyinə ağır yük qoysa da, bu yük onu sındırmadı. Əksinə, daha möhkəm, daha məqsədli etdi. O, məktəb illərində ədəbiyyata, rəssamlığa və dillərə xüsusi maraq göstərirdi. Sanki gələcək taleyini hiss edirmiş kimi, xarici dilləri öyrənir, dünyaya açılmağa çalışırdı. Azərbaycan Dövlət Pedaqoji İnstitutunda təhsil alması da bunun sübutu idi. Amma tarix onun üçün başqa bir yol seçmişdir. 1941-ci ildə müharibə başlayanda Mehdi Hüseynzadə tərəddüd etmədən cəbhəyə yollandı. O, Vətəni uzaqdan seyr edənlərdən deyil, onu qorumaq üçün önə çıxanlardan idi.

Əsirlik… çoxları üçün son, onun üçün isə başlanğıc oldu. Faşist düşərgəsində belə ruhu sınmadı. Qaçdı. Azadlığa yox, mübarizəyə qaçdı. Yuqoslaviya torpaqlarında partizan dəstələrinə qoşuldu və burada ona "Mixaylo" dedilər. Bu ad sadəcə ləqəb deyildi - qorxu salan bir simvola çevrildi. Mixaylo düşmən arxasında kölgə kimi dolaşırdı. Bəzən alman zabiti, bəzən italyan əsgəri geyimində… Amma hər zaman bir məqsədlə: faşizmi sarsıtmaq. Onun həyata keçirdiyi partlayışlar, kəşfiyyat əməliyyatları, məhv etdiyi hərbi obyektlər bir insanın nələrə qadir olduğunu göstərirdi. O, silahla yanaşı zəkanın da gücünü sübut etdi. 1942-ci ildə Stalinqrad döyüşləri zamanı bacısına yazdığı məktub isə Mixaylonun daxili dünyasını açır. "Son damla qanıma qədər vuruşacağam" deyən bu gənc, sözünü yerinə yetirdi. O, yalnız döyüşmədi - sözünün arxasında dayandı. 1944-cü ilin noyabrında mühasirəyə düşəndə Mehdi Hüseynzadə bir an belə tərəddüd etmədi. Əsir düşməkdənsə, qəhrəmancasına ölməyi seçdi. Bu seçim onun həyatının sonu deyil, əfsanəsinin başlanğıcı oldu.

Bu gün Mehdi Hüseynzadə Azərbaycan xalqının yaddaşında yaşayır. Onun adı küçələrdə, məktəblərdə, abidələrdə yaşadılır. "Uzaq sahillərdə" filmi ilə onun həyatı kino yaddaşına köçürülüb. Amma ən əsası - Mixaylo gənclərin qəlbində yaşayır. Çünki bəzi insanlar uzaq sahillərdə həlak olur, amma Vətənin qəlbində əbədi qalır. Mehdi Hüseynzadə məhz belə qəhrəmandır.


Jurnalist Xumar Emilqızı
Top