Sözün işığında bir ömür – Əflatun Baxşəliyevin xatirəsinə

Sözün işığında bir ömür – Əflatun Baxşəliyevin xatirəsinə


Bəzi insanlar var, məktəbə girəndə zəng çalmır, amma hamı susur. Sanki bir səssiz çağırış olur. Mən Əflatun Baxşəliyevi ilk dəfə elə xatırlayıram. İbtidai sinifdə oxuyurdum. Məktəb həyətinə daxil olan kimi bir hərəkətlilik yarandı. Yuxarı sinif şagirdləri dərhal onun ətrafına yığışdı. Kimsə qoluna girdi, kimsə səssizcə yanında addımladı. Mən isə balaca uşaq marağı ilə kənardan baxırdım. Hələ bilmirdim ki, bu adam şairdir, alimdir, söz adamıdır. Amma bir şeyi hiss edirdim: bu, adi müəllim deyil. Onu görən kimi yaranan o təbii hörmət, o səssiz ehtiram hissi illər sonra mənə çox şeyi anlatdı.
Bu yazı vaxtilə aldığım müsahibənin, bu gün isə xatirəyə çevrilmiş sətirlərin toplusudur. O zaman verdiyi cavablar bu gün artıq bir ömrün yekunu, bir ruhun vəsiyyəti kimi oxunur.

Əflatun Şükür oğlu Baxşəliyev 1953-cü ildə Hacıqabul rayonunun Atbulaq kəndində anadan olmuşdu. Görmə qabiliyyətini erkən yaşlarında itirməsinə baxmayaraq, bu, onun yolunu yarımçıq qoymadı. Əksinə, o, gözlə deyil, sözlə görməyi bacaran nadir insanlardan oldu. Onun poeziyası və elmi fəaliyyəti bir daha sübut edirdi ki, insanın baxışı gözlərində yox, daxilində olur. Bakıda orta məktəbi bitirdikdən sonra indiki Bakı Dövlət Universitetinin filologiya fakültəsinə daxil olmuş, 1978-ci ildə oranı fərqlənmə diplomu ilə bitirmişdi. Daha sonra AMEA-nın Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunda aspirantura təhsili almış, 1988-ci ildə dissertasiya müdafiə edərək filologiya üzrə fəlsəfə doktoru elmi dərəcəsini qazanmışdı.

Müsahibədə "pillə-pillə gəlmişəm" deyirdi. Doğrudan da, onun yolu tələsmədən, amma dayanmadan gedilən yol idi: elmi işçidən böyük elmi işçiyə, oradan aparıcı elmi işçiyədək uzanan bir yol. Elmi vəzifəsi dosent idi. Son illərdə "Səməd Vurğun və Türk xalqları ədəbiyyatı" mövzusunda monoqrafiya üzərində çalışmış, bu əsəri artıq tamamlamışdı.

Əflatun müəllim üçün poeziya tərənnüm yox, oyanış idi. Deyirdi ki, şeir oxucunu silkələmirsə, daxildə ləngər yaratmırsa, o, sadəcə misradır. Onun poeziya anlayışı kəşfə söykənirdi - yeni obraz, yeni hiss, yeni baxış. Müsahibədə Xəzər haqqında deyilmiş bir bəndi misal gətirəndə sanki poeziyanın öz fəlsəfəsini izah edirdi. Az sözlə bütöv mənzərə yaratmaq- bu, onun poetik ölçüsü idi.

Xəzər ən narahat, gənc ürəkdir,
Köksündən tarixlər, illər ötüşüb.
O, Qız qalasının tül örtüyüdür,
Nə vaxtsa başından sürüşüb düşüb.

Ən sevdiyi şeirlərdən biri tələbəlik illərində yazdığı və universitet gəncliyinin dillər əzbərinə çevrilmiş "Qəlbimə köşk" idi. O misralar təkcə bir şeir yox, bir dövrün nəfəsi idi.

Mənimlə o duzlu bir axşam sahildəyik biz,
Qəlbimiz beləcə alışıb oda.
Yaman rahatdır bu axşam dəniz,
Elə bil kimisə gözləyir o da.

Baxışın dənizin özüdür sanki,
Orada iki ürəyin eşqi öpüşüb.
Sən mənə o qədər nazlanmısan ki,
Dəniz də nazlanmaq eşqinə düşüb.

Sahildə alovdan yandım az qala,
Min belə sınaqdan keçirdin, gülüm.
Sən elə baxdın ki, baxışlarınla
Dənizi qəlbimə keçirdin, gülüm.


Uğur yolundan danışarkən çətinlikləri gizlətmirdi. "Diz qanamadan, yollarda sürünmədən uğur olmur", - deyirdi. Bu sözlər kitabdan oxunmuş cümlələr deyildi, yaşanmış həyatın nəticəsi idi. Poeziyaya ilk addımlarını isə Nəriman Həsənzadənin rəhbərliyi ilə Axundov kitabxanasındakı poeziya dərnəyində atmışdı. Orası onun üçün təkcə yaradıcılıq yox, ruhani məktəb olmuşdu. Şairin cəmiyyətdəki rolunu Aristotelin "katarsis" anlayışı ilə izah edirdi - təmizlənmə, saflaşma. Əflatun Baxşəliyevin şeirləri də insanı sakitləşdirir, düşündürür, özünə qaytarırdı. Bu gün Əflatun Baxşəliyev aramızda yoxdur. Amma məktəb həyətində onun ətrafına toplaşan şagirdlərin o səssiz ehtiramı, onun sözə verdiyi dəyər, poeziyaya gətirdiyi işıq yaşayır. Bəlkə də ən böyük həqiqət budur:
Dünyanı gözləri ilə görməyən bir insan, bizə sözü necə görmək lazım olduğunu öyrətdi.

Ruhu şad olsun.
Sözün işığında bir ömür yaşadı - və o işıq hələ çox yol gedəcək.


Jurnalist Xumar Emilqızı
Top