Kahramanmaraş zəlzələsinin ildönümü

Kahramanmaraş zəlzələsinin ildönümü


Bu gün Türkiyənin Kahramanmaraş şəhərində baş verən və bütün bir regionu sarsıdan dəhşətli zəlzələnin ildönümüdür. Zaman keçsə də, həmin gecənin ağrısı, qorxusu və itkiləri hələ də unudulmayıb. 2023-cü ilin 6 fevralında baş verən güclü zəlzələ minlərlə insanı yuxuda yaxaladı. Bir neçə saniyə ərzində evlər yerlə bir oldu, ailələr dağıldı, arzular yarımçıq qaldı. Kahramanmaraşla yanaşı, bir çox şəhərlər də bu fəlakətdən ağır zərər gördü. Rəsmi rəqəmlərə görə, on minlərlə insan həyatını itirdi, yüz minlərlə insan evsiz qaldı. Dağıntılar altından gələn kömək çağırışları, yaxınlarını axtaran insanların fəryadı bütün dünyanın yaddaşına həkk olundu.

Zəlzələdən sonra təkcə Türkiyə deyil, bütün dünya bu faciəyə biganə qalmadı. Xilasedicilər, könüllülər və humanitar yardımlar gecə-gündüz bölgəyə axışdı. Azərbaycan da bu həmrəyliyin bir parçası oldu. Bu fəlakət bir daha göstərdi ki, ağrı millət tanımır, insanlıq isə ən çətin anlarda üzə çıxır. Bu gün Kahramanmaraş zəlzələsində həyatını itirənləri ehtiramla anır, sağ qalanlara səbr və güc arzulayırıq.


Jurnalist Xumar Emilqızı
Top