Həmidə Məmmədquluzadənin Anım Günü
Tarix bəzən adını yüksək səslə hayqıranları deyil, səssiz-səmirsiz, amma dərin iz buraxan insanları daha yaxşı xatırlayır. Həmidə Məmmədquluzadə məhz belə şəxsiyyətlərdəndir. Bu gün onun anım günündə biz təkcə bir maarifçi qadını deyil, bir dövrün vicdanını, məsuliyyətini və fədakarlığını yad edirik. 1873-cü ildə Qarabağın Böyük Kəhrizli kəndində dünyaya gələn Həmidə xanım görkəmli tarixçi və maarifçi Əhməd bəy Cavanşirin ailəsində böyümüşdü. Bu mühit onun dünyagörüşünün, həyata baxışının formalaşmasında mühüm rol oynadı. O, savadın və biliyin insanı azad etdiyinə erkən yaşlarından inanırdı və bu inamı ömrü boyu daşıdı.Həmidə Məmmədquluzadə sadəcə maarifçilik ideyalarını müdafiə edən bir ziyalı deyildi, o ideyaları həyatına çevirən bir qadın idi. Öz vəsaiti hesabına kəndində məktəb açması, dərs deməsi, kənd uşaqlarının - xüsusilə qızların - təhsil alması üçün çalışması onun cəsarətinin bariz nümunəsidir. O dövrdə qadının bu cür ictimai fəallıq göstərməsi böyük risk və qətiyyət tələb edirdi. Onun həyatı Mirzə Cəlil Məmmədquluzadə ilə qurduğu ailə ilə yeni bir mərhələyə qədəm qoydu. Bu evlilik sadəcə iki insanın birliyi deyil, iki düşüncənin, iki ideyanın və bir məqsədin birləşməsi idi. "Molla Nəsrəddin" kimi böyük bir maarifçilik məktəbinin arxasında dayanan görünməz, amma güclü dayaq məhz Həmidə xanım idi. O, Mirzə Cəlilin ən çətin anlarında belə onun yanında oldu, sözün və düşüncənin yükünü onunla birlikdə daşıdı. Mirzə Cəlilin vəfatından sonra da Həmidə Məmmədquluzadə ictimai və ədəbi mühitdən kənarda qalmadı. O, həyat yoldaşının xatirəsini yaşatmaqla yanaşı, öz xatirələrini qələmə aldı, Azərbaycan ədəbiyyat tarixində mühüm mənbəyə çevrilən yazılarla çıxış etdi. Onun qələmi səmimi, dili sadə, yaddaşı isə dövrün canlı şahidi idi.
1955-ci il fevralın 6-da bu dünyaya vida edən Həmidə Məmmədquluzadə Birinci Fəxri Xiyabanda dəfn olundu. Bu, xalqın ona göstərdiyi ehtiramın rəmzi idi. Lakin onun əsl məzarı xalqın yaddaşı, maarif tariximiz və qadın mübarizəsinin şərəfli səhifələridir. Bu gün Həmidə Məmmədquluzadəni anarkən anlayırıq ki, cəmiyyətləri dəyişənlər bəzən tribunada danışanlar deyil, səssizcə yol açanlardır.
Jurnalist Xumar Emilqızı