“Ey lallar, barı gördüklərimi görə bilirsinizmi?”
Yusif Səmədoğlunun “Qətl günü” romanı Azərbaycan nəsrində yalnız süjet və kompozisiya baxımından deyil, ideya dərinliyi və fəlsəfi yükü etibarilə də xüsusi yer tutur. Bu əsər oxucunu sadəcə hadisələrin ardıcıllığı ilə deyil, daha çox gördükləri qarşısında susan insanın məsuliyyəti ilə üz-üzə qoyur. Romanın daxilindən yüksələn “Ey lallar, barı gördüklərimi görə bilirsinizmi?” çağırışı məhz bu mənada təkcə obrazların deyil, bütöv bir cəmiyyətin mənəvi vəziyyətinə ünvanlanmış ittihamdır.
Yusif Səmədoğlu üçün əsas təhlükə açıq zorakılıqdan daha çox, ona göz yuman, onu adi hala çevirən susqunluqdur. Şər yalnız qətl, repressiya və işgəncə ilə deyil, eyni zamanda qorxu, unutqanlıq və biganəliklə mövcud olur. Xeyir isə bu mühitdə qalib mövqedə olan güc deyil; o, daha çox yaddaşda yaşamaq, həqiqəti unutmaqdan imtina etmək cəsarətidir.
Roman əsasında çəkilmiş eyniadlı film bu ideyanı vizual dillə daha da sərtləşdirir. Operator Rafiq Quliyevin işıq-kadr həlləri, ağ-qara ilə rəngli təsvirlərin növbələşməsi, zaman qatlarının assosiativ montajla bir-birinə calanması göstərir ki, keçmişlə bu gün arasında sərhəd yoxdur. Şər zaman dəyişsə də, formasını dəyişərək eyni mexanizmlə işləyir. Aydın Əzimovun musiqisi isə bu mexanizmin yaratdığı daxili ağrını, sıxıntını və vicdan sarsıntısını daha da dərinləşdirir.
Romanın başlanğıcında yer alan “Dərd də azar kimi gələndə batmanla gəlir” fikri bütöv mətnin ideya açarıdır. Bu ifadə fərdi talelərdən çıxaraq kollektiv yaddaşa yönəlir. Burada dərd təkcə bir insanın yox, tarixi boyu susmağa məcbur edilmiş bir xalqın dərdidir. Elə bu səbəbdən “Qətl günü” konkret bir dövrün romanı olmaqdan çıxır və zamanlararası, bəşəri mətnə çevrilir.
Əsərdə xeyir və şərin qarşıdurması klassik “yaxşı–pis” bölgüsü ilə verilmir. Şər çox vaxt sistemlidir, anonimdir, üzsüzdür. O, bəzən hökm verən məmurda, bəzən susan qonşuda, bəzən də “mən heç nə görmədim” deyən adamda təcəssüm edir. Xeyir isə nadir hallarda qalib gəlir, lakin tam məhv olmur. Çünki xeyir yaddaşdır, xatırlamaqdır, görüb susmamaqdır.
Bu ideyanın əsas daşıyıcılarından biri Sədi Əfəndi obrazıdır. O, repressiya qurbanı olan ziyalıdır, lakin yalnız fiziki məhv edilmiş bir insan deyil. Sədi Əfəndi sistemli şərin qarşısında vicdanın təkliyini təmsil edir. Filmdə Hamlet Xanızadənin ifasında bu obraz təkcə bir insanın yox, kollektiv mənəvi travmanın simvoluna çevrilir. Onun xəstəliyi bioloji deyil; bu, tarixdən, haqsızlıqdan və unudulmuş həqiqətlərdən qaynaqlanan mənəvi xəstəlikdir. Sədi Əfəndinin öldürülməsi xeyirin məğlubiyyəti deyil, əksinə, onun fikirlərinin yaşayaraq daha təhlükəli hala gəlməsidir.
Zülfüqar kişi isə şərin insan daxilində yaratdığı parçalanmanın canlı nümunəsidir. O, bir vaxtlar qətldə iştirak etmişdir, lakin bu cinayətin cəzasını hüquq yox, vicdan verir. Onun ömrü boyu çəkdiyi daxili əzab göstərir ki, şər yalnız qurbanı yox, icraçını da məhv edir. Kamera onun susqunluğuna, baxışlarına, danışılmayan cümlələrinə fokuslanaraq şərin psixoloji yükünü vizual müstəviyə daşıyır.
Romanın ən simvolik obrazlarından biri Kirlikirdir. O, yaddaşı oyadan varlıqdır. İnsanların unutmaq istədiyi həqiqətləri yuxular vasitəsilə geri qaytarır. Bir gözünün bağlı, digərinin açıq olması cəmiyyətin selektiv yaddaşını simvolizə edir: bəzi cinayətlər görünür, bəziləri bilərəkdən görməzlikdən gəlinir. Kirlikir bu susqunluğa qarşı yönəlmiş metafizik etirazdır.
Baba Kaha obrazı isə şərin kosmik miqyasda cavabsız qalmadığını göstərir. İnsan ədaləti susduqda, ilahi və bəşəri balans pozulduqda təbiət özü reaksiya verir. Zəlzələlər, fəlakətlər insanın törətdiyi zülmün gecikmiş cavabı kimi təqdim olunur. Bu, müəllifin açıq mesajıdır: haqq gec gələ bilər, amma mütləq gəlir.
Xəstə obrazı isə romanın ideya mərkəzində dayanır. O, cəmiyyətin mənəvi vəziyyətinin aynasıdır. Onun yaddaşla bağlı sualları oxucunu rahat buraxmır: insan unutmaqla xilas ola bilərmi? Cavab qətidir – yox. Unudulan həqiqət bir gün daha ağır formada geri dönür.
Roman və film bir yerdə oxunduqda və izlənildikdə eyni sualı təkrar-təkrar gündəmə gətirir: görüb susan da günahkardırmı? Yusif Səmədoğlu bu əsərlə oxucunu neytral mövqedə saxlamır. O, açıq şəkildə soruşur: “Ey lallar, barı gördüklərimi görə bilirsinizmi?”
Bu sual təkcə obrazlara yox, oxucuya, izləyiciyə, bütöv cəmiyyətə ünvanlanır.
Məqaləni “V for Vendetta” filmindən səslənən bu fikirlə bitirmək təsadüfi deyil:
“Bu maskanın arxasında ətdən daha çoxu var. Bu maskanın arxasında bir fikir var. Və fikirlərə güllə işləmir.”
Yusif Səmədoğlunun “Qətl günü” də məhz bunu deyir: insanı öldürmək olar, amma yaddaşı, fikri və vicdanı yox.
Və əsas sual açıq qalır: sən bu gördüklərin qarşısında lal qalacaqsan, yoxsa yaddaşı seçəcəksən?
Hazırladılar:
Şüşəxanim Vəliyeva – Bakı Dövlət Universiteti
Gülsüm Qasımova – Sumqayıt Dövlət Universiteti