Qəhrəmanlıqla Yazılmış Həyat: Mübariz İbrahimovun Anım Günü

Qəhrəmanlıqla Yazılmış Həyat: Mübariz İbrahimovun Anım Günü


Bu gün Azərbaycanın igid oğlu, Milli Qəhrəman Mübariz İbrahimovun anım günüdür. Qısa ömür sürməsinə baxmayaraq, onun adı və qəhrəmanlığı hər bir azərbaycanlının qəlbində əbədi yaşayır. Mübariz Ağakərim oğlu İbrahimov 7 fevral 1988‑ci ildə Biləsuvar rayonunun Əliabad kəndində anadan olmuşdur. Uşaqlıqdan idmana və vətənpərvərliyə böyük maraq göstərən Mübariz, 2005-ci ildə orta təhsilini başa vurduqdan sonra hərbi xidmətə çağırılmışdır. İlk olaraq Azərbaycan Daxili İşlər Nazirliyinin xüsusi təyinatlı qüvvələrində xidmət edən Mübariz, 2007-ci ildə çavuş rütbəsi ilə hərbi xidmətini başa vurmuş və könüllü olaraq Azərbaycan Silahlı Qüvvələrinə qayıtmışdır. 2010‑cu ilin iyun gecəsi isə Mübarizin qəhrəmanlıq tarixini əbədi yazdığı an oldu. 18‑dən 19‑a keçən gecə, Tərtər rayonunun Çaylı kəndi yaxınlığında xidmət edərkən o, heç kəsə xəbər vermədən düşmən mövqelərinə keçdi. Erməni silahlı qüvvələrinin mövqelərinə hücum edərək göstərdiyi şücaətlə düşmənə ağır zərbələr vurdu. Bu əməliyyat zamanı Mübariz İbrahimov qəhrəmancasına şəhid oldu. Onun nəşi uzun müddət döyüş bölgəsində qalmış, noyabr ayında müvafiq danışıqlardan sonra ölkəmizə qaytarılaraq Bakıdakı II Fəxri Xiyabanda dəfn edilmişdir.

Mübariz İbrahimovun igidliyi və Vətənə sədaqəti Azərbaycan xalqının yaddaşında canlıdır. O, 2010‑cu ildə Azərbaycan Respublikasının Milli Qəhrəmanı adına layiq görülmüş, xatirəsi müxtəlif tədbirlər vasitəsilə yad olunmuşdur. Onun adı heykəllərdə, küçələrdə və məktəblərdə əbədiləşdirilmişdir. Bu gün - Mübariz İbrahimovun anım günündə - biz onun vətənpərvərliyi, fədakarlığı və şücaəti qarşısında baş əyirik. Mübarizin həyat və qəhrəmanlıq yolu gələcək nəsillər üçün əsl örnək olaraq qalacaq. Bu gün- anım günündə - biz onun vətən uğrunda göstərdiyi misilsiz şücaət qarşısında baş əyirik. Onun adı yalnız tarixdə deyil, hər bir azərbaycanlının qəlbində əbədi yaşayır və igidliyi gələcək nəsillərə vətən sevgisi və fədakarlığın simvolu kimi ilham verməyə davam edəcək.


Jurnalist Xumar Emilqızı
Top