Fyodor Mixayloviç Dostoyevski – insan ruhunun yazıçısı

Fyodor Mixayloviç Dostoyevski – insan ruhunun yazıçısı


9 fevral 1881-ci il dünya ədəbiyyatında təkcə bir tarix deyil, eyni zamanda insan ruhunun və yaradıcılığın ən dərin qatlarını əks etdirən mühüm bir gün kimi yadda qalmışdır. Bu tarix rus yazıçısı Fyodor Mixayloviç Dostoyevskinin həm həyatının sonu, həm də yaradıcılığının əbədiləşdiyi gün olmuşdur. Onun ölümü ilə dünya ədəbiyyatı yalnız böyük bir yazıçını deyil, insan psixologiyasını, vicdanı və mənəvi dilemmanı bənzərsiz şəkildə qələmə alan nadir bir dühanı itirmişdir. Dostoyevski 11 noyabr 1821-ci ildə Moskvada, Mariinski xəstəxanasında dünyaya gəlmişdir. Altı uşaqlı ailənin ikinci övladı olan yazıçının atası Mixail Dostoyevski hərbi cərrah idi. O, sərt xarakterli, əsəbi və ailə daxilində ciddi qaydalar tələb edən bir insan olmuşdur. Anası Mariya isə ticarətçi ailəsindən çıxmış, duyğulu və mehriban bir qadın idi. Bu iki zidd xarakterli valideynin təsiri Fyodorun uşaqlıq dünyasında həm travmatik, həm də emosional dərinlik yaratmış, onun gələcəkdə insan psixologiyasını dərindən anlama qabiliyyətinə zəmin hazırlamışdır. Uşaqlıq illərini sərt bir ata və xəstə, zəif bir ananın yanında keçirən Dostoyevski, atasına qarşı qorxu və nifrət hissləri yaşamış, anasının xəstəliyi isə onu həssas və empatik bir insana çevirmişdir. Bu hisslər sonradan onun əsərlərində tez-tez rast gəlinən ailə münasibətləri, valideyn-övlad qarşıdurmaları və insan təbiətinin ziddiyyətləri mövzularında öz əksini tapmışdır. Anasının ölümündən sonra Dostoyevski Sankt-Peterburqdakı Mühəndislik Məktəbinə göndərilmişdir. Burada sərt hərbi intizamla üzləşsə də, daxili dünyasını kitablar, yazılar və düşüncələrlə zənginləşdirmişdir. Dostları onu emosional və coşqun xarakterinə görə "Ateş Fedya" adlandırırdılar. 1839-cu ildə atasının qəfil ölümü onun psixoloji vəziyyətinə ağır zərbə vurmuş, depressiya və epilepsiya tutmalarının başlanmasına səbəb olmuşdur. Məktəbi bitirdikdən sonra leytenant rütbəsi ilə İstehkam Bölüyündə xidmətə başlamış, lakin hərbi həyatın onun təbiətinə uyğun olmadığını anlayaraq bir ildən sonra istefa vermiş və özünü tamamilə yazıçılığa həsr etmişdir. Dostoyevskinin yazıçılıq fəaliyyəti 1846-cı ildə nəşr olunan "İnsancıklar" romanı ilə başlamışdır. Bu əsər sosial bərabərsizlik, insanın daxili iztirabları və məhəbbət mövzularını əhatə etmiş və böyük maraqla qarşılanmışdır. Lakin ardınca yazdığı "Öteki" və "Ev sahibəsi" əsərləri gözlənilən uğuru qazandırmamış, bu da onun həm maddi, həm də mənəvi vəziyyətini ağırlaşdırmışdır. Sonralar Dostoyevski gənc liberalların Petraşevski dərnəyinə qoşulmuş və 1849-cu ildə dövlət əleyhinə fəaliyyət ittihamı ilə həbs edilmişdir. Ölüm cəzasına məhkum olunsa da, güllələnməyə saniyələr qalmış əfv edilmişdir. Cəzası Sibirin Omsk qalasında sürgünlə əvəz olunmuş, dörd il ağır əmək, dörd il isə hərbi xidmətlə cəza çəkmişdir.
Sürgün illəri onun dünyagörüşünü köklü şəkildə dəyişmiş, insan vicdanı, mənəvi azadlıq və ədalət anlayışları yaradıcılığının əsas mövzularına çevrilmişdir. 1857-ci ildə Mariya Dmitriyevna İsayeva ilə evlənmişdir.

1859-cu ildən sonra Sankt-Peterburqa qayıdan Dostoyevski yaradıcılığının ən məhsuldar dövrünə qədəm qoymuşdur. "Alçaldılmış və təhqir edilmiş insanlar", Ölü evdən qeydlər". "Yeraltından qeydlər", "Cinayət və cəza", "İdiot", "Şeytanlar", "Əbədi ər", "Yeniyetmə" və "Karamazov qardaşları" kimi əsərləri insan ruhunun ən qaranlıq və mürəkkəb tərəflərini əks etdirmişdir. Dostoyevski 9 fevral 1881-ci ildə vəfat etmişdir. Dəfn mərasimində on minlərlə insan iştirak etmiş, bu da onun xalq və dünya ədəbiyyatı üçün nə qədər böyük bir şəxsiyyət olduğunu bir daha sübut etmişdir.

Jurnalist Xumar Emilqızı
Top