Niyə Bacarsam da, Etmirəm? – Daxili Potensialın Gizli Dustaqları

Niyə Bacarsam da, Etmirəm? – Daxili Potensialın Gizli Dustaqları


Hər kəsin ətrafında, bəlkə də, elə güzgüdə gördüyü bir obraz var: Çox zəkalıdır, əlindən hər iş gəlir, ideyaları möhtəşəmdir, amma reallıqda heç nə etmir. Daim öz imkanlarından daha aşağı bir həyat yaşayır, aşağı performans göstərir. Kənardan baxanlar buna sadəcə "tənbəllik" deyir. Amma gəlin dürüst olaq : Bu, tənbəllik deyil.
Bəs öz potensialımızı bilə-bilə niyə ondan istifadə etməyə "gücümüz" çatmır? Fikrimcə, bu durğunluğun 3 əsas səbəbi var:
1. "Mükəmməllik" Tələsi
Bir çox gənc "ya ən yaxşısı olmalıdır, ya da heç olmasın" düşüncəsi ilə yaşayır. Əgər bir işə başlayanda dərhal möhtəşəm nəticə almayacaqlarını hiss edirlərsə, heç başlamamağı üstün tuturlar. Potensialı yüksək olan insanlar uğursuzluqdan daha çox, "ortabab" görünməkdən qorxurlar. Nəticədə, heç bir addım atmayaraq öz potensiallarını dondururlar.
2. Müvəffəqiyyətdən Qorxmaq
Bəli, səhv oxumadınız!
Uğursuzluqdan qorxmağı hamı bilir, bəs uğur qazanmaqdan qorxmaq nədir? Əgər bir gənc öz potensialını tam nümayiş etdirsə, ətrafın ondan gözləntisi artacaq. "Bunu etdisə, deməli, daha artığını da etməlidir" təzyiqi insanı qabaqcadan yorur. Buna görə də bir çoxu şüuraltı olaraq "aşağı profil" saxlamağı daha təhlükəsiz və rahat hesab edir.
3. "Hələ Vaxtım Var"  İllüziyası
Zəkalı və bacarıqlı gənclər çox vaxt öz potensiallarına həddən artıq güvənirlər. "Mən istəsəm, bunu bir aya həll edərəm" deyərək işləri təxirə salırlar. Lakin həyatın reallığı budur: İstifadə olunmayan potensial zamanla paslanan metala bənzəyir. Günün sonunda görürlər ki, "istəsə, edərdi" dedikləri adamları daha az potensialı olan amma davamlı çalışan şəxslər ötüb keçib.
Bu Vəziyyətdən Necə Çıxmalı?
Əgər siz də "bacara bilərəm, amma etmirəm" nöqtəsindəsinizsə, bir neçə kiçik addımı yoxlayın:
"Mükəmməl" deyil, "yaxşı" olmağa çalışın: İlk addım həmişə nöqsanlı olacaq. Buna icazə verin.

Böyük mənzərəni unudun: Potensialınızı bir gündə dünyaya sübut etmək məcburiyyətində deyilsiniz. Bu gün ancaq 15 dəqiqəlik bir iş görün.

Müqayisəni dayandırın: Özünüzü başqalarının "finalı" ilə deyil, özünüzün "dünəni" ilə müqayisə edin.

 Potensial bir yanacaqdır. Əgər onu hərəkətə çevirməsəniz, o, çənin içində qalıb ağırlaşacaq. Özünüzə şans verin, uğursuz olmağa belə... Çünki heç nə etməmək ən böyük uğursuzluqdur.

Qədirli Aysu
Top