Niyə Bitirmədən Başlayırıq? : Xəyanətin Pərdəarxası və Dürüstlük Çatışmazlığı

Niyə Bitirmədən Başlayırıq? : Xəyanətin Pərdəarxası və Dürüstlük Çatışmazlığı


Həyatın ən qəribə ziddiyyətlərindən biri budur: İki insan min bir ümidlə, "həmişə yanındayam" sözü ilə bir yola çıxır, amma günün birində o yolun ortasında gizli cığırlar peyda olur. Xəyanət... Bu,adi fiziki addım deyil, əslində, bir insanın özünə və qarşısındakına verdiyi dəyərin parçalanmasıdır.
Bəs niyə insanlar ayrılmaq qədər dürüst bir addım durarkən, aldatmağın o ağır yükünü çiyinlərinə götürürlər?  Niyə "Artıq səni sevmirəm, ayrılaq" demək bu qədər çətinləşir?

1. "İkinci qapı" sığortası
Bəzi insanlar üçün mövcud münasibət nə qədər sönük olsa da, o, bir "təhlükəsizlik zonası"dır. Evdəki isti çay, hazır yemək və ya illərin verdiyi vərdişdən qopmağa cəsarət tapmırlar. Onlar köhnəni itirmədən, yeninin həyəcanını dadmaq istəyirlər. Yəni bir ayağı ilə qayığın içində qalıb, digər ayağı ilə sahilə çıxmağa çalışırlar. Amma unudurlar ki, aralanan iki obyektin ortasında qalan həmişə özləri olurlar.

2. Üzləşməkdən qorxan "Cəsarətsizlik"
Ayrılmaq bir məsuliyyətdir. Qarşı tərəfin gözünün içinə baxıb "Artıq səni sevmirəm" və ya "Münasibətimiz alınmır" demək böyük daxili güc tələb edir. Xəyanət edən bir çox şəxs, əslində , bu dürüstlükdən qaçır. Onlar üçün gizli iş görmək, qarşı tərəfi sındıracaq o böyük cümləni qurmaqdan daha "asan" görünür. Lakin bu "asanlıq" qarşı tərəfin ləyaqətini heçə saymaq bahasına başa gəlir.

3. "Mən bacarıram" eqosu
Bəzən xəyanətin kökündə qarşı tərəfin çatışmazlığı deyil, insanın öz daxili boşluqları dayanır. "Hələ də bəyənilirəm", "Hələ də bir neçə nəfəri idarə edə bilirəm" kimi saxta üstünlük hissi insanı bu bataqlığa çəkir. Amma bu, boş bir stəkanı daha çox su ilə deyil, zəhərlə doldurmağa bənzəyir.

Dəyərsizləşdirmənin Ağır Bədəli
Bəli, hər bir insan aldatmağı bacarar, bu texniki olaraq çətin bir iş deyil. Amma məsələ "bacarmaq" deyil, "seçmək"dir. Sadiqlik imkansızlıqdan yaranan bir məcburiyyət yox, bir iradə və hörmət göstəricisidir.
İnsanın həyat yoldaşını dəyərsizləşdirməsi, əslində, öz keçmişini, öz seçimlərini və illərini dəyərsizləşdirməsidir. Əgər bir münasibət bitibsə, onu ləyaqətlə sonlandırmaq, həm qarşı tərəfə, həm də paylaşılan xatirələrə olan ən böyük hörmətdir.
Nəticə etibarilə...
Xəyanət sevgisizlikdən daha çox, dürüstlük çatışmazlığıdır. Əgər ürəyin başqa yerdə döyünürsə, ayaqların olduğun yerdə qalmamalıdır. Çünki heç bir insan "ikinci variant" olmağı və ya yalanlarla qurulmuş bir "xoşbəxtliyi" yaşamalı qədər dəyərsiz deyil.
Gəlin,səmimi olaq, dürüst bir ayrılıq, saxta bir sadiqlikdən min dəfə daha şərəflidir.

Qədirli Aysu
Top