Qadınlar və Qızlar Elmdə
Elm insanlığın gələcəyini formalaşdırır. Yeni texnologiyalar, tibbi kəşflər, iqlim dəyişikliyi ilə mübarizə – bütün bunların arxasında tədqiqat və bilik dayanır.
10 ildir ki, fevralın 11-i dünyada Qadınlar və Qızlar Elmdə Beynəlxalq Gün kimi qeyd olunur. Bu gün sadəcə təqvimdə bir tarix deyil; elmin inkişafında qadınların rolunu xatırladan, gənc qızlara ilham verən və cəmiyyətə mühüm mesaj çatdıran əlamətdar gündür. Qadınların və qızların elmə iştirakı yalnız bərabərlik məsələsi deyil, həm də inkişafın vacib şərtidir. Fərqli baxışlar və təcrübələr elmi daha zəngin və nəticələri daha təsirli edir.
Tarix boyu elmə böyük töhfələr verən qadın alimlər buna parlaq nümunədir: Mariya Küri, Rozalind Franklin, Ada Lavleys və Ketrin Conson sübut etdilər ki, qadınlar elmdə əvəzsiz rol oynayırlar.

Dünyada qadınlar hələ də tədqiqatçıların az hissəsini təşkil edir, xüsusilə texnologiya və mühəndislik sahələrində fərq açıq görünür. Lakin son illərdə bu sahədə müsbət dəyişikliklər də göz qabağındadır.
Azərbaycanda qadınların elmə marağı və fəallığı dünya elminə əvəzsiz izləri ilə yadda qalmaqdadır .

Akademik Zərifə Əliyeva tibb sahəsində Oftamologiya elminə verdiyi töhfələrlə,

Şərqşünas alim Aida İmanquliyeva Şərqşünaslıq elmi irsi ilə,

Fizika sahəsində tanınmış alim və ictimai xadim Elmira Süleymanova,

Filologiya elmləri üzrə akademik Nərgiz Paşayeva tədqiqatları ilə,

Müasir gənc alim Sona Quliyeva isə aerokosmik tədqiqatlarda beynəlxalq uğurla Azərbaycanın adını dünyada tanıtmışlar. Bu uğurlar yalnız fərdi nailiyyət deyil, cəmiyyətimizin intellektual potensialının güclənməsinin göstəricisidir.
Qadınların elmdə fəal iştirakı gələcək nəsillərə mesajdır: elm hər kəs üçündür!
Böyük xeyriyyəçi və maarifçi Hacı Zeynalabdin Tağıyev qızların təhsilinin əhəmiyyətini belə ifadə edirdi:
“Qız uşağını oxutmaq bir ailəni yox, bir milləti oxutmaq deməkdir.”
Bu gün elmə maraq göstərən bütün qızlara və bu yolda çalışan bütün qadınlara ən böyük arzumuz budur: yolunuz açıq, ideyalarınız güclü, nailiyyətləriniz isə davamlı olsun.
Jurnalist Pərvanə Eyvazqızı