Köpək kimdir, qul kim?
1994-cü ildə ərsəyə gələn “Köpək” filminin rejissoru Tofiq Tağızadədir. Bu şedevr çox ciddi problemlərlə üzləşir və ekranlardan yığışdırılır. Filmi izlədikcə mənasının dərinliyində boğulduğunuzu hiss edə bilərsiniz, lakin heç nə həqiqət qədər acı və önəmli deyil,bunu unutmayaq.
Bu filmdə hakimiyyət və ideologiya mövzularına toxunulmuşdur. Burada hakimiyyət təkcə bir “ağa” obrazı ilə məhdudlaşmır. Hakimiyyət burada sistemdir, mexanizmdir, ritmdir. Onun ən maraqlı tərəfi budur ki, o, yalnız itaət olduqda mövcud olur. İnsan qaçmağa cəhd edəndə, diz çökməkdən imtina edəndə sistem öz sərhədlərini göstərir. Asılma səhnəsi də sadəcə cəza deyil, nümayişdir. Hakimiyyət özünü göstərməyə məcburdur ki, qorxu kollektiv yaddaşa yazılsın. Qorxu yayılmasa, güc davamlı ola bilməz.
İdeologiya isə bu mexanizmin daha incə qatıdır. İdeologiya insanın şüuruna işləyir. Film göstərir ki, əvvəlcə fiziki məcburiyyət var, sonra isə insanlar özləri sistemi təkrar etməyə başlayırlar. Köpək yerinə qoyulan qulların sonradan nəzarətçi halına gəlməsi ideologiyanın daxilləşdirilməsidir. İnsan artıq zor tətbiq edilmədən də itaət edir. Hətta itaəti müdafiə edir.
Film bioloji fərq üzərindən getmir. Köpək azaddır, insan zəncirlidir. Bu, bilincli şəkildə qurulmuş paradoksdur. Normalda insan şüurlu, köpək instinktiv varlıqdır. Amma burada insan instinkt səviyyəsinə endirilir, köpək isə sərbəstdir.
Filmdə köpək yerinə qoyulan qullar artıq sistemlə barışmış insan tipidir. Onlar itaəti daxilləşdiriblər. Təhlükə də məhz budur.
Qul ilə köpək arasında paralel sahib münasibətidir. Hər ikisi itaət edir. Amma köpək təbiətinə uyğun davranır, insan isə təbiətinə zidd olaraq heyvanlaşdırılır. Ən ağır məqam isə insanın heyvanlaşması könüllü itaət formasına çevrilməsidir. Əsərdə əsas məsələ isə iki bizness adamının söhbəti əsasında ortaya çıxır. Mərcə girən adam iddia edir ki, istədiyim adamı it kimi hürdürə bilərəm. Beləliklə, iş adı altında qaçırdıqları adamları başqa bir yerə gətirirlər və pis şəraitdə saxlayırlar. Sədaqətli olanları isə “it medalı” ilə təltif edirlər. Məmməd Səfanın canlandırdığı baş qəhrəmanımız sistemin içində insan qalmağa çalışan fiqurdur. O gələn gündən əsla tabe olmur. Başına gələcəklərdən qorxmadan qaçmağa çalışır, diz çökməyə müqavimət göstərir, monoloqla öz insanlığını təsdiqləyir. Onun ən böyük mübarizəsi sistemlə yox, öz heyvanlaşma təhlükəsi ilədir. Hətta, o öz yoldaşı ilə it kimi döyüşdürülmüş,qüruru sındırılmışdı. Fuad Poladovun calandırdığı ağa obrazı isə xalis güc təcəssümüdür. O, emosional deyil, sistematikdir. İnsanları fərd kimi yox, sürü kimi görür. Onun üçün çoxluq güc mənbəyidir. Bu obraz fərdi zalımdan çox, ideoloji mexanizmi təmsil edir. Dirijor isə ən incə simvollardan biridir. O, fiziki zor tətbiq etmir, amma hər şeyi yönləndirir. Musiqi ilə kütləni idarə edir. Bu, ideologiyanın estetik formasıdır. Zor hər zaman qışqırmır, bəzən ritm kimi işləyir.
Filmi izlədikcə görürük ki, azadlıq sadəcə qaçmaq deyil. Qaçış görünən tərəfidir, amma məsələ daha dərindir. Azadlıq burada insanın özünü insan kimi hiss etməsi ilə başlayır. Baş qəhrəmanın dəfələrlə qaçmağa cəhd etməsi, amma hər dəfə tutulması göstərir ki, məkan dəyişmək kifayət deyil. Sistem yalnız bir düşərgədən ibarət deyil, o düşüncə formasıdır. Yəni azadlıq coğrafi məsələ deyil, şüur məsələsidir.
Filmdə ayaq üstə durmaq da azadlığın psixoloji simvoludur. İnsan ayaq üstə olanda hələ müqavimət potensialı var. Diz çökmək isə sadəcə fiziki hərəkət deyil, məğlubiyyətin qəbuludur. O an insan öz azadlığından imtina edir və qarşı tərəfin gücünü təsdiqləyir. Film göstərir ki, azadlıq əvvəl duruşda başlayır, sonra şüura keçir.
Filmdəki monoloq səhnəsi isə azadlığın ən saf formasıdır. Qəhrəman zəncirlidir, fiziki olaraq əsirdir. Amma danışır. Özünə və dünyaya insan olduğunu sübut etməyə çalışır. Bu isə daxili azadlıqdır. Bədən əsir ola bilər, amma şüur hələ müqavimət göstərirsə, tam məğlubiyyət baş verməyib.
Avtobus simvolu azadlığın kollektiv ölçüsünü göstərir. İnsanlar birlikdə naməlum istiqamətə aparılırlar. Orada seçim yoxdur. Yalnız irəli hərəkət var. Geriyə dönüş yalnız yuxuda mümkündür. Bu, azadlığın sistem içində necə məhdudlaşdırıldığını göstərir. Fərdi azadlıq cəhdi var, amma kollektiv şüur formalaşmayınca real dəyişiklik baş vermir. Film maraqlı bir fikir ortaya qoyur: azadlıq verilmir, o, tələb olunur. Amma tələb etdiyin an hakimiyyət özünü göstərir. Zəncirin səsi də məhz o anda gəlir. Burada azadlıq romantik anlayış kimi yox, risk kimi təqdim olunur. Azad olmaq təhlükəlidir. Amma insan olmağın başqa yolu da yoxdur. Əgər insan özünü heyvan kimi qəbul edərsə, fiziki olaraq azad olsa belə, daxilən əsirdir.
Film sonda açıq cavab vermir. Amma bir şey aydındır: azadlıq əvvəl insanın özünü insan kimi tanımasından başlayır. Bu tanıma susduğu an, əsarət tamamlanır.
İndi isə “hürməyə” davam elə, yoxsa…
Diqqət! Cümlənin sonu sizə görə dəyişir. Elə həyatın sonu kimi.
Şüşəxanım Vəliyeva – Baki Dövlət Universiteti
Gülsüm Qasimova – Sumqayit Dövlət Universiteti