Heç Vaxt Hazır Olmadığımız O An

Heç Vaxt Hazır Olmadığımız O An


Ölümün ən ağır tərəfi onun xəbərsiz gəlməsidir. Bir saniyə əvvəl var olan bir gülüşün, bir isti əlin, bir baxışın saniyələr içində xatirəyə çevrilməsidir. İnsan itirəndə anlayır ki, əslində, bütün o qaçhaqaçlar, davalar, hirslər nə qədər kiçik və mənasızmış...
 Bir insanın otağındakı əşyalar yerində qalır, qələmi masanın üstündə, paltarı asılqanda... Amma o yoxdur. Bu boşluq dünyanın bütün səs-küyündən daha uca səslə bağırır.

Sarsıdıcı Zərbə və Qalan Yaralar
Ölüm gedənlər üçün bir sükut, qalanlar üçün isə bitməyən bir sınaqdır. O bizi ən çox sevdiklərimizlə yaralayır. O zərbənin yeri heç vaxt tam sağalmır, amma zamanla o ağrıyla birlikdə yaşamağı öyrənirik. Hər dəfə bir tanış qoxu, bir köhnə mahnı və ya küçədə kiməsə bənzədilən bir siluet o yaranı yenidən qanadır. Ölüm bizə öyrədir ki, əslində, sahib olduğumuz tək şey "bu an"dır.

Fani Dünyanın Tək Həqiqəti
Deyirik ki, ölüm fanidir... Əslində, fani olan bizik, ölüm isə bu dünyanın tək dəyişməz həqiqətidir. O bizə hər şeyin bir sonu olduğunu xatırladaraq, əlimizdəkilərin qədrini bilməyi pıçıldayır. Bəlkə də, həyatı bu qədər dəyərli edən elə onun bir gün bitəcəyi gerçəyidir.
Ölüm bizdən çox şeyi alıb aparır, amma bir şeyi də xatırladır: Sevməyi təxirə salmayın,bağışlamağı, qucaqlamağı, "yaxşı ki varsan" deməyi sonraya saxlamayın. Çünki ölümün nə vaxt gələcəyini bilməsək də, onun gəldiyi anın geridönüşü olmadığını çox yaxşı bilirik.

Qədirli Aysu
Top