“Yuxarı” və ya ingiliscə adı ilə desək, “Up” cizgi filmi
Yəqin ki, indiyə qədər bir dəfə də olsun “Yuxarı” və ya ingiliscə adı ilə desək, “Up” cizgi filmini izləmisiniz. Bəs bu cizgi filminin uşaqlara aid olub, eyni zamanda böyüklərə də xitab etdiyini bilirdiniz ?“Yuxarı” (“Up”) 2009-cu ildə “Pixar Animation Studios” tərəfindən istehsal olunmuş və “Walt Disney Pictures” tərəfindən yayımlanmışdır. Film “Ən Yaxşı Animasiya Filmi” və “Ən Yaxşı Film Musiqisi” üzrə “Oskar” mükafatı qazanmışdır.
Bu cizgi filmində qoca Karl Fredriksen evinə çoxlu sayda şar bağlayaraq, mərhum həyat yoldaşına söz verdiyi Cənubi Amerika cəngəlliklərinə səyahət etmək arzusunu reallaşdırmaq məqsədilə Rassel adlı balaca oğlanla birlikdə uzun bir macəraya qədəm qoyur.
Lakin ötürülən mesajlar, fikir və ideyalar süjet xətti qədər sadə deyil. Belə ki, yaşlı Karlın xüsusilə həyat yoldaşını itirdikdən sonra yalnız, sakit və bir az da stresli həyata başlaması bizlərə həyatda insanın ən azı bir nəfər tərəfindən başa düşülmək ehtiyacının nə qədər mühüm əhəmiyyət kəsb etdiyini xatırladır. Həmçinin verilən vədə əməl olunması, sözün tutulması kimi mənəvi vicdan hissinin bəlkə də bütün dəyərlərdən uca tutulması, insanın unutqan varlıq olmasını bir anlıq unutduraraq hər yaşda olan izləyicilərə güvən və etimad hissini aşılayır.
Sizə bu animasiya ilə bağlı, çox güman ki, gözünüzdən qaçdığına əmin olduğum kiçik, amma bir o qədər də maraqlı bir faktı bölüşmək istəyirəm. Yəqin ki, Karl və həyat yoldaşı Ellinin sevgi dolu səhnələrini xatırlayırsınız. Bəs Karlın heç vaxt Elli ilə danışmadığının fərqinə varmışdınız ? Bu səhnələrdə ya Elli danışır, ya da fonda sadəcə musiqi çalınır. Bu detal isə böyük dəyər verdiyimiz insanlarla bir kəlmə belə kəsmədən anlaşa bildiyimizi simvolizə edir.
Maraqlı olan daha bir detal isə filmdə Ellinin çəhrayı rənglə təmsil olunmasıdır. Geyimlərində, aksesuarlarında, hətta xəstəxana otağında belə çəhrayı rəngi görmək mümkündür. Karlın cənazədən sonra evə girdiyi səhnəyə diqqətlə baxsanız, evin sağ tərəfində çəhrayı işığın yavaş-yavaş yoxa çıxıb yerini qaranlıq tonlara verdiyini görərsiniz. Bu isə Ellinin həyatını itirdiyinin göstəricisidir.
Nəhayət, daha bir düşündürücü nüansı diqqətinizə çatdırım. Animasiya boyunca dairəvi nəsnələr Ellini, kvadrat nəsnələr isə Karlı təmsil edir. Bunu istifadə etdikləri əşyalardan anlamaq mümkündür. Fəqət Elli həyatını itirdikdən sonra Karl dərin bir kədərə bürünür və həyatından məmnun görünmür. Ancaq şarlar sayəsində evi ilə birlikdə uşaqkən Elli ilə xəyalını qurduğu yerə doğru yolçuluğa çıxır. Burada şarlar dairəvi forması ilə Ellini təmsil edir və bu nüans Ellinin Karlın yanında olduğunu, onu tərk etmədiyini simgələyir.
Son olaraq, məqaləmi bu cümlələrlə bitirirəm:
Bəlkə də uşaqkən deyib-gülərək baxdığımız bu animasiya bizlərə bunu xatırladır:
Həyatda kiçik şeylərin dadını çıxar. Çünki bir gün geriyə dönüb baxdığında, əslində onların böyük şeylər olduğunun fərqinə varacaqsan.
Müxbir Murad Hümbətov