BİR AŞIRIM , İKİ DÜNYA

BİR AŞIRIM , İKİ DÜNYA


1971-ci ildə rejissor Kamil Rüstəmbəyov tərəfindən ekranlaşdırılan “Axırıncı aşırım” Azərbaycan kinosunun həm estetik, həm də ideoloji baxımdan ən çox müzakirə olunan filmlərindən biridir. Film Fərman Kərimzadənin “Qarlı aşırım” əsəri əsasında çəkilmiş və Azərbaycanfilm kinostudiyasında istehsal olunmuşdur. Hadisələr sovet hakimiyyətinin ilk illərində, kolxozlaşma prosesinin başlanğıc mərhələsində Azərbaycanın dağ kəndlərindən birində cərəyan edir. Sovet dövründə çəkilən bir çox filmlər kimi “Axırıncı aşırım” da zahirdə yeni quruluşun legitimliyini təsdiqləməli idi. Bu film də zahirdə sovet quruluşunun təntənəsi haqqında təsəvvür yaratsa da, alt qatında daha mürəkkəb, ziddiyyətli və çoxqatlı məna strukturu qurur. Məhz buna görə “Axırıncı aşırım” təkcə tarixi dram deyil, həm də siyasi və mənəvi qarşıdurma filmidir.

Filmin başlanğıcı kənd yığıncağı ilə açılır. Raykom katibinin iştirakı ilə keçirilən toplantıda kolxozun üstünlükləri və çatışmazlıqları müzakirə olunur. Bu səhnə yalnız informasiya ötürmək üçün deyil, həm də obrazların mövqeyini açmaq üçün qurulub. Burada artıq iki dünya toqquşur: ənənəvi kənd həyatını müdafiə edənlər və sovet sistemini qəbul edənlər. Bu səhnə filmin ideya oxunu müəyyənləşdirir: məsələ torpağın bölüşdürülməsi deyil, düşüncə tərzlərinin toqquşmasıdır.

Adil İsgəndərovun canlandırdığı Kərbəlayı İsmayıl sadəcə kolxoz əleyhdarı deyil. O, torpağa əl uzadılan anda sanki şəxsiyyətinə toxunulmuş insanın ağrısını yaşayır. Torpaq onun üçün maddi sərvət deyil. O torpaqda atasının izi, keçmişinin nəfəsi, kimliyinin kökü var.  Əlindən alınan taxılın “şəhərdəki aclara göndərilməsi” ideyası onun üçün sosial ədalət yox, zorla müsadirə kimi görünür. Burada əsas məsələ budur: sovet ideologiyası torpağı kollektivləşdirərək sosial ədalət yaratmaq iddiasında idi. Amma film göstərir ki, bu “ədalət” fərdin iradəsi nəzərə alınmadan həyata keçirilir. Onun etirazında bir inadcıl qürur var, amma eyni zamanda qorxu da var. Dəyişən zamanın onu kənarda qoyacağından qorxur. O bilir ki, torpağı verərsə, təkcə taxılı yox, öz mövqeyini, söz haqqını, hətta kimliyini də itirəcək. Kərbəlayının arqumentləri o qədər inandırıcı qurulub ki, tamaşaçı onu tam mənfi obraz kimi qəbul edə bilmir.

Onun qarşısında dayanan Həsən Məmmədovun ifasında Abbasqulu bəy isə qara-ağ çərçivəyə sığmır. O, nə ideoloji fanatikdir, nə də qəddar icraçı. O, zamanın axınını qəbul etmiş bir adamdır. Qan tökülməsini istəmir. Qarşıdurmanı minimuma endirməyə çalışır. Bəzən baxışlarında bir yorğunluq hiss olunur – sanki o da anlayır ki, qurulan sistem ideal deyil, amma geriyə dönüş də mümkün deyil. Onun sakitliyi gücdən yox, hesablanmış məsuliyyətdən gəlir. Bu, onu sovet klişesindən fərqləndirir. Çünki sovet kinosunda çox vaxt “yeni quruluş” nümayəndələri ya qəhrəmanlaşdırılır, ya da mexaniki təbliğat alətinə çevrilirdi. Amma burada Abbasqulu bəy daha mürəkkəbdir. O, qarşı tərəfi anlayır, hətta müəyyən mənada hörmət edir.

Məlik Dadaşovun yaratdığı Qəmlo isə başqa enerjidir. O, ideyanı yox, gücü sevir. Onun üçün hakimiyyət arqument deyil, hökm vermək imkanıdır. Növrəstəyə münasibətində, evlərə basqınlarda onun daxili boşluğu üzə çıxır. O, sistemi qoruduğunu düşünür, amma əslində sistemi ən çox zədələyən odur. Çünki zor tətbiq olunan yerdə ədalət susur. Qorxu hökm sürəndə ideya məhv olur. Nəticədə, ideyanın özü kölgədə qalır, qorxu ön plana keçir.

Ekran əsəri tamaşaçı qarşısında fundamental bir sual qoyur: tarix dəyişərkən insan prinsiplərini qorumalıdır, yoxsa zamanın tələbinə uyğunlaşmalıdır? “Axırıncı aşırım” bu suala qəti cavab vermir, əksinə, düşünmək üçün açıq məkan yaradır. Məhz bu açıq sonlu ideoloji gərginlik filmi Azərbaycan kinosunun klassik nümunələrindən birinə çevirir.


Müəlliflər:

Şüşəxanı Vəliyeva- Bakı Dövlət Universiteti

Gülsüm Qasımova- Sumqayıt Dövlət Universiteti

Top