Sükutun O Tayında

Sükutun O Tayında


Həyat hərdən bizə ən böyük qələbələri səs-küylü alqışlarla deyil, ən dərin sükutların içində pıçıldayır. Biz çox vaxt itirməkdən, yarımçıq qalmaqdan və ya kiminsə gözündə "səhv anlaşılmaqdan" qorxuruq. Amma əsl cəsarət  qarşı tərəfin qəzəbinə tuş gələcəyini bilsən də, onun uçuruma gedən yolunda sükutu pozmaq, bir "dur" deyə bilməkdir.

Bəzən ən yaxın səmimiyyətlər belə bir anlıq fırtınanın qurbanı olur. O fırtına hər şeyi alt-üst edər, baxışları bulandırar və araya "küsülülük" dediyimiz o ağır səddi çəkər. İnsan o sükutun içində özünü tək və haqsızlığa uğramış hiss edə bilər. Lakin fırtına sakitləşəndə, toz-torpaq çəkiləndə mənzərə aydınlaşır: sən demə, o fırtına kiminsə yarımçıq qalan cığırlarını bərpa etmək üçün lazım olan o ilk silkələnmə imiş.

Bu gün uzaqdan da olsa, kiminsə öz daxili tərəddüdlərinə qalib gəlib, yarımçıq qoyduğu işlərin ardınca getdiyini görmək dünyanın ən dinc hüzurudur. Onun atdığı o ilk addım, bəlkə də, sənə olan hirsindən, bəlkə də, özünə sübut etmək inadından doğub. Amma səbəb nə olursa-olsun, nəticə dəyişmir: o artıq geri qayıdır. O artıq öz gücünü kəşf edir.

Dostluq təkcə çiyin-çiyinə addımlamaq deyil. Bəzən dostluq dostun nifrət etməsi bahasına da olsa, onun gələcəyini qorumaq üçün kənara çəkilməkdir. Səninlə danışmasa da, varlığını inkar etsə də, onun uğurlu bir yola çıxdığını bilmək kifayətdir. Çünki əsl fədakarlıq mükafat gözləmədən, hətta təşəkkür belə almayacağını bilərək birinin həyatına toxunmaqdır.

Yollar həmişə düz olmur, bəzən geriyə dönüb yarımçıq qalan boşluqları doldurmaq lazım gəlir. Və o boşluqlar dolduqca insan daha da bütövləşir. Küsülülüklər zamanla tozlanıb gedər, sükutlar bir gün yerini kəlmələrə verər. Amma o "yeni başlanğıc"ın verdiyi güc həmişəlik sənindir.

İnsan bəzən ən çox sevdiyi adamın yaxşılığı üçün onun gözündə "günahkar" olmağı da bacarmalıdır.

Qədirli Aysu
Top