Sözlərin Çəkisi: Qəzəb Hansı Boşluqdan Doğur?

Sözlərin Çəkisi: Qəzəb Hansı Boşluqdan Doğur?


Bəzən daxilimizdəki ağrı o qədər böyük olur ki, onu ifadə etmək üçün ən kəskin, ən yaralayıcı cümlələri seçirik. "Zarafat" adı altında dediyimiz, amma içində şiddət gizlənən hər kəlmə, əslində, ruhumuzun bir fəryadıdır. Lakin unuduruq ki, sözlər ancaq havada uçan səslər deyil; onlar kiminsə qəlbində qorxu, kiminsə yuxusunda kabus, kiminsə gələcəyində silinməz bir iz buraxa bilir.
Son zamanlar ətrafımızda eşitdiyimiz "şiddət" hekayələri bizə bir şeyi öyrətməlidir: Heç bir qəzəb, heç bir inciklik bir insanın yaşamaq haqqından və ya bir şəxsin ona olan inamından daha əhəmiyyətli deyil. Birinə hirslənmək, ondan incimək təbiidir. Amma bu incikliyi silah kimi istifadə etmək, ətrafına qorxu toxumları səpmək,əslində, insanın öz daxilindəki mərhəməti boğmasıdır.
Bəzən bizə ən yaxın olanlar bizim üçün ən çətin qərarları verənlərdir. Onlar bizim yıxılmağımızı izləmək əvəzinə, bizə "dur" deməyi seçirlər. Bəlkə, bu müdaxilə bizim azadlığımıza toxunur, bəlkə, qürurumuza toxunur. Amma bir düşünək: Bizi sevməyən biri bizim gələcəyimiz üçün niyə riskə girsin ki? Niyə özünü "pis adam" elan etdirsin?
Həqiqi insanlıq  şəxsin sənə nifrət edəcəyini bilsən də, onu uçurumdan geri çəkməkdir. Və o geri çəkilən insanın indi  yarımçıq qalan yollarını düzəltdiyini görmək bütün o nifrət dolu baxışlara dözməyə dəyər.
Qəzəbin gözü kordur, o ancaq dağıtmaq istəyər. Amma ağıl və vicdan inşa etmək üçündür. Gəlin, sözlərimizi bir-birimizi qorxutmaq üçün deyil, bir-birimizi anlamaq üçün istifadə edək. Çünki bu dünya onsuz da kifayət qədər yaralıdır, bir yara da biz açmayaq.

Qədirli Aysu
Top