Təhsil Müəssisələrində Təhlükəsizlik

Təhsil Müəssisələrində Təhlükəsizlik


Son zamanlar təhsil müəssisələrində yaşanan xoşagəlməz hadisələr hər birimizi dərin düşüncələrə qərq edir. Bir məktəbli və ya tələbənin öz müəlliminə, yaxud həmyaşıdına qarşı aqressiya nümayiş etdirməsi fərdi bir problem deyil, cəmiyyətin ortaq ağrısıdır. Bəs biz harada səhv edirik?

Gözdən Qaçan "Qışqırıqlar"
Təhsil müəssisələrində təhlükəsizlik deyəndə ağlımıza ilk olaraq qapıdakı turniketlər və ya mühafizə kameraları gəlir. Lakin ən böyük təhlükə kameraların görmədiyi yerlərdə, gənclərin daxili dünyasında yetişir. Tədris ocaqları təkcə tədris materiallarının əzbərləndiyi yer deyil, həm də emosiyaların idarə olunduğu mərkəz olmalıdır. Bir gəncin daxilindəki inciklik, "avtomatım olsaydı..." ilə başlayan o qorxulu zarafatlar,əslində, bir yardım fəryadıdır.

Müəllim -Tələbə(Şagird) - Valideyn Üçbucağı
Müasir dövrdə təhsil müəssisələri "diplom zavodu" funksiyasından çıxmalıdır. Müəllim təkcə mühazirə oxuyan şəxs deyil, həm də tələbənin ruh halını duyan bir müşahidəçi olmalıdır. Eyni zamanda valideynlər övladlarının akademik uğurları (məsələn, ÜOMG-si) ilə maraqlandıqları qədər onların hansı məqamlarda yaralandığı, hansı qəzəbi içində boğduğu ilə də maraqlanmalıdırlar.

Şiddət Zarafata Gəlməz
Tələbə yoldaşları və ya şagirdlər arasında işlədilən "silah", "qətl" və ya "intiqam" ifadələri heç vaxt "adi zarafat" kimi qəbul edilməməlidir. Bu cür nitq vərdişləri şiddəti formalaşdırır. Biz təhsil müəssisələrində elə bir mühit qurmalıyıq ki, gənclər qəzəblərini silahla deyil, sözlə, dialoqla və psixoloji dəstəklə ifadə edə bilsinlər.

Təhlükəsiz təhsil mühiti hər bir tələbənin(şagirdin) fundamental haqqıdır. Auditoriyaya daxil olan gənc orada qorxu deyil, inam tapmalıdır. Unutmayaq ki, bir müəllimi və ya tələbəni(şagirdi) hədəf alan güllə, əslində, təhsilin və gələcəyin bağrına atılmışdır. Biz bir-birimizə qarşı "müdafiə divarları" hörmək əvəzinə, bir-birimizi anlamaq üçün "körpülər" salmalıyıq.

Qədirli Aysu
Top