26 Fevral - Xocalı: Yaddaşımızın qanlı səhifəsi

26 Fevral - Xocalı: Yaddaşımızın qanlı səhifəsi


Tarix bəzən xalqların taleyinə silinməz yaralar həkk edir. 1992-ci il fevralın 25-dən 26-na keçən gecə Xocalı şəhərində baş verən soyqırımı Azərbaycan xalqının yaddaşına qanla yazılmış faciədir. Həmin gecə dinc əhali amansız hücuma məruz qaldı, şəhər yerlə-yeksan edildi. İnsanların yalnız azərbaycanlı olduqları üçün qətlə yetirilməsi bu hadisəni təkcə hərbi cinayət deyil, insanlığa qarşı törədilmiş ağır cinayət kimi tarixə saldı.

Xocalıda 613 nəfər vəhşicəsinə öldürüldü. Onların arasında 63 uşaq, 106 qadın, 70 ahıl var idi. 487 nəfər ağır yaralandı, 1275 nəfər girov götürülərək işgəncələrə məruz qaldı. 210 nəfər itkin düşdü. 8 ailə tamamilə məhv edildi, 25 uşaq hər iki valideynini, 130 uşaq isə valideynlərindən birini itirdi. Bu rəqəmlər sadəcə statistika deyil - hər biri yarımçıq qalmış ömür, susdurulmuş uşaq səsi, dağıdılmış ailə ocağıdır.

Faciənin siyasi-hüquqi qiyməti yalnız illər sonra verildi. 1993-cü ildə Ümummilli Lider Heydər Əliyev hakimiyyətə qayıtdıqdan sonra Xocalı həqiqətləri dövlət səviyyəsində dünyaya çatdırılmağa başlandı. 1994-cü ilin fevralında Milli Məclis soyqırımına siyasi-hüquqi qiymət verdi. Bu, ədalət yolunda atılmış mühüm addım idi.

Bu gün Azərbaycan dövləti Xocalı həqiqətlərinin beynəlxalq miqyasda tanıdılması istiqamətində ardıcıl siyasət yürüdür. Prezident İlham Əliyev Xocalı soyqırımının dünyaya çatdırılmasını xarici siyasətin prioritet istiqamətlərindən biri kimi müəyyənləşdirib. Birinci vitse-prezident Mehriban Əliyeva və Heydər Əliyev Fondu bu istiqamətdə sistemli və məqsədyönlü fəaliyyət həyata keçirir. Artıq 18 ölkənin qanunverici orqanı, ABŞ-nin 26 ştatı, həmçinin İslam Əməkdaşlıq Təşkilatı və Türk Dövlətləri Təşkilatı Xocalı soyqırımını pisləyən sənədlər qəbul ediblər.

2023-cü il oktyabrın 15-də Xocalıda Azərbaycan bayrağının ucaldılması tarixi ədalətin bərpasının rəmzinə çevrildi. 2024-cü ilin mayında ilk köçün baş tutması isə həyatın Xocalıya qayıdışı demək idi. Bu, təkcə torpağa deyil, həm də ləyaqətə, yaddaşa və ədalətə dönüş idi.

Xocalı soyqırımı unudula bilməz. Çünki bu, yalnız bir şəhərin faciəsi deyil, bütöv bir xalqın ağrısıdır. Hər il fevralın 26-da biz yalnız matəm saxlamırıq - biz yaddaşımızı diri saxlayırıq. Xocalı bizim qan yaddaşımızdır, həm də gələcək nəsillərə ötürüləcək bir həqiqətdir.

Xocalı faciəsinin şahidi Səadət Zeynalova həmin gün gördüklərini və yaşadıqlarını empatv.az-a danışdı:

Sözlərinə belə başladı: "Zeynalova Səadət Tofiq qızı 1968-ci ildə Xocalı şəhərində anadan olub. 1992-ci ilin fevralınadək Xocalıda yaşayıb. Xocalı faciəsi baş verən zaman şəhərdə olan, son günə qədər qalan tibb bacılarından biridir".

O gecəni belə xatırlayır:

"Biz zirzəmilərdə – padvallarda oturmuşduq. Qocalar, uşaqlar, qadınlar… Hamı ümid edirdi ki, səhər açılar, hər şey sakitləşər. Cavan oğlanlarımız postlarda dayanmışdı, şəhəri qoruyurdular. Heç kim öz yurdunu tərk etmək istəmirdi. İnanmırdıq ki, belə bir faciə baş verə bilər.

1992-ci il fevralın 25-dən 26-na keçən gecə, saat 11 radələrində postdan gələn oğlanlar xəbər gətirdilər ki, rus və erməni silahlıları Xocalıya doğru irəliləyir. Sonradan bildik ki, bu, 366-cı motoatıcı alay imiş. Silahımız çox az idi - təxminən 20 nəfərə bir avtomat düşürdü. Patron tez tükənirdi. Atışma başladı, lakin müqavimət göstərmək mümkün deyildi".

Səadət xanım deyir ki, zirzəmilərdən çıxaraq Qarqar çayı istiqamətində hərəkət ediblər: "İnsanlar ağlaşa-ağlaşa çıxırdı. Kiminsə qolu yaralı, kiminsə ayağı güllə dəymişdi. Qarın üstündə qan izləri vardı. Hər tərəf yanırdı. Gecə idi, amma alov kəndi gündüz kimi işıqlandırırdı.

Qarqar çayını keçdik, dağlara üz tutduq. Tanklar şəhərə girirdi. Ermənilər silah baxımından bizdən qat-qat üstün idi. Meşələrə doğru irəlilədik. Ağdama çıxmaq istəyirdik, amma yolları azdıq".
Onlar günlərlə meşədə qalıblar. Qarlı, şaxtalı hava, aclıq, susuzluq, donvurma...

"Hazırlıqsız çıxmışdıq. Üstümüzdə qalın geyim yox idi. Ayaqqabılarımız islanırdı, paltarlarımız buz bağlayırdı. Oturanda ayaqlarımız donurdu. Mən tibb bacısı idim. Qardaşıma və digərlərinə deyirdim ki, ayaqlarınızı masaj edin, qan işləsin. Yoxsa donvurma qaçılmaz idi.

Bizimlə təxminən 200 nəfər var idi. Ağdama cəmi 27 nəfər çata bildik. Qalanları ya güllə ilə öldürüldü, ya donaraq həyatını itirdi, ya da girov götürüldü".

Səadət xanım Milli Qəhrəman Aqil Quliyevin yaralı halda əsgərlər tərəfindən aparıldığını, bir çox insanların əsir düşdüyünü, bəzilərinin isə əsirlik əzabına dözməyərək özünü qayalardan atdığını deyir.

Xüsusilə xatırladığı məqam isə ayaqyalın, donmuş halda meşədə yeriyən yeniyetmə qızlardır:

"15-16 yaşlı qızların ayaqları gömgöy idi. Sonradan eşitdik ki, bir çoxunun dizdən aşağı ayaqları amputasiya edildi. 1941-45 müharibəsinin iştirakçısı olan Rəşid Kərimov ikinci dəfə donvurmaya məruz qaldı və Xocalıda şəhid oldu".

Səadət xanım xalasının oğlu - Azərbaycanın Milli Qəhrəmanı Araz Səlimovun amansızcasına qətlə yetirildiyini də göz yaşları ilə xatırlayır: "Onun meyitini tanımaq mümkün deyildi. Xalam yalnız bədənindəki xaldan tanıdı. Dodaqları, qulaqları kəsilmiş, gözləri oyulmuşdu. Bu vəhşiliyi sözlə ifadə etmək mümkün deyil".

Martın 2-də Ağdama çatdıqlarını deyən müsahibim həmin günləri belə xatırlayır: "Beş gün qarın, şaxtanın, güllənin içində qaldıq. Sanki göydən qar yox, qan yağırdı. Bacıma zəng edəndə səsim titrəyirdi. "Sevda, biz sağ-salamat gəlmişik" dedim. O an hamı ağlayırdı. Çünki çoxları yaxınlarını itirmişdi".

Bu sözləri deyərkən zaman müsahibim göz yaşlarına hakim ola bilmədi.

Bu gün isə Səadət xanım artıq doğma Xocalısına qayıdıb:

"32 ildən sonra atamın qəbrini ziyarət etdim. Şükürlər olsun ki, torpaqlarımız azaddır. Prezidentimizə, Mehriban xanıma minnətdarıq. Evimizin açarını şəxsən Mehriban xanım təqdim etdi. Şəhidlərimizin ruhu şaddır. Biz artıq öz evimizdəyik".

Sonda fikirlərini belə yekunlaşdırır: "Xocalı faciəsi bizim qan yaddaşımızdır. Danışmaq ağırdır. Amma unutmaq mümkün deyil".
Xocalı faciəsinin digər şahidlərindən biri - faciə zamanı girov götürülmüş Mürvət Məmmədov yaşadıqlarını belə xatırlayır: "26 fevral - Xocalı soyqırımı günü mənim həyatımın ən ağır günüdür. Biz 1988-ci ildə Qərbi Azərbaycandan köçkün düşmüşdük. Erməni zülmünü artıq yaşamış ailə idik. Qardaşım çayda boğulub ölmüşdü. Çətinliklərlə Xocalıda özümüzə yenidən ev-eşik qurmuşduq. Amma ermənilər burada da bizi rahat buraxmadılar".
Mürvət bəy deyir ki, atası və böyük qardaşı son ana qədər Xocalının müdafiəsində iştirak ediblər: "Xocalı hər tərəfdən mühasirədə idi. Yollar bağlı idi, şəhərdən çıxış yox idi. Ərzaq, qaz, işıq yox idi. Buna baxmayaraq, heç kim şəhəri tərk etmək istəmirdi. Atam və qardaşım son gülləyə qədər döyüşdülər".

1992-ci il fevralın 25-dən 26-na keçən gecə erməni silahlı qüvvələri şəhərə hücum edir: "Evimizi mühasirəyə aldılar. Atamın əlində cəmi bir avtomat var idi. Gücümüz bərabər deyildi. Patronlarımız tükənəndən sonra evimizə əl qumbarası atdılar. Mən ayağımdan yaralandım, anam kürəyindən yaralandı. Qonşumuz Sara xala və 13 yaşlı övladı həlak oldu".

Onları təslim olmağa çağırırlar: "15 dəqiqə qışqırdılar ki, təslim olun. Qapını sındırıb içəri girdilər. Məni və balaca qardaşımı yaralı vəziyyətdə bir otağa doldurdular. Evin içinə benzin töküb bizi yandırmaq istəyirdilər".

Mürvət bəy deyir ki, həmin an 366-cı motoatıcı alayın kapitan rütbəli zabiti müdaxilə edib: "Bizi yandırmadılar. Amma səbəb mərhəmət deyildi. Evimizdə qalan qızıl-zinət əşyalarını talamaq istəyirdilər. Sonra bizi döyə-döyə çölə çıxardılar".

Onlar yaralı halda Əsgəran rayonuna aparılır: "Meşədə yaralı, donmuş, bədəni mərmi ilə parçalanmış insanlar vardı. Səhərə yaxın işgəncələr başladı. Qadınların qulaqlarından sırğaları vəhşicəsinə qoparırdılar".

Mürvət bəyin qardaşı işgəncələrə dözməyərək etiraz edir: "Qardaşımı və atamı bizdən ayırdılar. Onları apardılar. Biz- balaca uşaqlar -hər şeyi gözümüzlə görürdük".

O, Milli Qəhrəman Çingiz Mustafayevin onları azadlıqdan sonra Ağdam dəmiryol vağzalında lentə aldığını xatırlayır: "Qardaşım Əhmədin həmin gün doğum günü idi. Ağlayırdı. Ermənilər bunu eşidəndə avtomatın qundağı ilə onun əllərinə vurdular, ovcunu yaraladılar. Qan içində idi. Hətta qaynar çayı onun üzərinə tökərək işgəncə verdilər. Bir həftə ərzində insanlığa sığmayan əzablar gördük".

Mürvət bəy deyir ki, bu gün əlində qalan yalnız xatirələrdir: "Xocalıda böyük ailəmiz vardı. O ailədən mənə qalan yalnız bu xatirələrdir. Hər dəfə Xocalı deyəndə gözümün önünə həmin günlər gəlir".

O, 44 günlük Vətən müharibəsi başlayanda könüllü olaraq adını yazdırdığını da vurğulayır: "Bu torpaq üçün yenə döyüşməyə hazır idim. Çünki Xocalını yaşamış bir insan üçün Vətən anlayışı başqa cürdür".

Hazırda isə Mürvət Məmmədov doğma Xocalıya köçürüldüyünü qeyd edir.

Sonda o, fikirlərini belə yekunlaşdırır: "Xocalı yalnız bir tarix deyil. O, bizim yarımçıq qalan uşaqlığımız, itirilmiş ailəmiz və qan yaddaşımızdır".

Şahidlər danışdıqca, o gecənin ağrısı gözümdə  canlandı. Qarın üzərinə düşən qan izləri, meşələrdə donan insanlar, əsirlikdə çəkilən işgəncələr unudula bilməz. Xocalı faciəsi zaman keçdikcə tarix kitablarının bir səhifəsinə çevrilmir. Əksinə, hər il fevralın 26-da bu ağrı daha da dərinləşir, yaddaşımızda yenidən oyanır. Çünki Xocalı yalnız bir şəhərin deyil, bütöv bir xalqın qan yaddaşıdır.

Unutmaq xəyanətdir. Xatırlamaq isə həm borc, həm də ədalətə aparan yoldur.


Jurnalist Xumar Emilqızı
Top