“BÖYÜK DAYAQ” MÖHKƏM KÖTƏYƏ DÖNƏ BİLƏRMİ?
"Böyük dayaq" filmi 1962-ci ildə Həbib İsmayılov tərəfindən ekranlaşdırılıb. Film Mirzə İbrahimovun əsəri əsasında ərsəyə gətirilib. Film kənd həyatını bütün səmimiyyəti və təbiiliyi ilə təqdim edərək, tamaşaçını o dövrün vizual mühitinə daxil edir. Kəndin gündəlik qayğıları, milli adət-ənənələr və insanların saf münasibətləri filmin bədii ruhunu tamamlayır. Bu film Azərbaycan kinematoqrafiyasının sarsılmaz sütunlarından biridir. Mövzusu çox dərin olan bu filmin baş rolunda Rüstəm kişini görürük. Rüstəm kişi özünə görə yolu olan, hər kəsdən də bu yolla getməyi tələb edən adamdır. İnadkar, səhv insanlara güvənən obrazdır. Rüstəm kişinin ən böyük xətası xidmət etdiyi zəhmət adamlarının səsini boğması və kollektivin rəyini öz şəxsi iradəsindən aşağı tutmasıdır. Məhz bu təkəbbür onu addım-addım qaçılmaz mənəvi faciəyə doğru sürükləyir. Oğlu Qaraş oxumaq üçün Muğan elindən çıxsa da Maya adlı anasız-atasız bir qızla ailə həyatı qurub, evə qayıdır və Rüstəm kişidən başqa bütün el-oba qızdan sarı əldən-ayaqdan gedir. Bunun səbəbi çox açıq şəkildə özünü büruzə verir. Çünki Rüstəm kişi köhnə düşüncədə biri olur və qadının ancaq ərinə xidmət etməli olduğunu düşünür. Maya xanım kəndə gələndən bəri suvarma sistemləri ilə ciddi şəkildə məşğul olur. Pambıq sahələrindəki səhv suvarmanı düzəltməyə çalışır. Lakin Rüstəm kişi başqalarının fitvasına gedərək, qızı çox acılayır. Buna rəğmən yenə də qız onun üzünə ağ olmur. Qaraşdan danışarkən görərik ki, iradəsiz bir obrazla qarşı-qarşıya qalırıq. O, aradakı balansı qoruya bilmir və Mayanı xəyanətinə görə itirir. Mayanın bu hadisədən sonra yenə də işlərinə məsuliyyətlə yanaşması, Qaraşın ailəsinə hörmət bəsləməsi Rüstəm kişi tərəfindən böyük rəğbətlə qarşılanır və hatta ona evə gəlməsini təklif edir. Ən maraqlı obrazlardan biri də Pərişan idi. O da çox gülən, danışan və əylənən qız idi. Rüstəm kişinin qadınlara olan baxış bucağını Pərişana dediyi sözdən anlaya bilərik: ”Qız ki, kəkil çıxardı,gərək birinə verib, rədd edəsən”. Bu hadisələri gördükdə anlayırıq ki, Rüstəm kişi ziddiyyətli obrazdır. O, həm Mayanı , həm də oğlu Qaraşı etdiyi səhvlərə görə danlayır. Əgər tamamilə mənfi obraz olsa idi, “kişinin əlinin kiridir”- deyib keçər və oğlunu gəlininin yanında danlamazdı. Pərişan haqqında dediyi fikir də onun qorxularına görə idi. O, bir ata kimi oğlunun xəbərsiz evləndiyi kimi qızının da xəbərsiz qaçacağından narahat idi.
Rüstəm kişinin sonda acınacaqlı vəziyyətə düşməsinin səbəbi isə Salman, Yarməmməd kimi adamlar olur. O, onunla birlikdə işləyən- Telli, Şirzad, Çoban, Kərəm kimi dürüst insanları saymır, onları daim alçaldır və oğurluqla günahlandırır. Halbuki, sonda oğurluqla günahlandırdığı Kərəm onu xilas edir. Filmdə Şirzad obrazı da istedadlı, xalqı üçün çalışan biri olsa da Rüstəm kişi ona əsla aman vermir, onun təkliflərinə uşaqca baxırdı. Maya xanım və Şirzad kimi cavanlar hər zaman özlərindən əvvəlki köhnə düşüncə ilə mübarizə içində olduqları üçün çox təqdirə layiq görülürlər.
Sonda isə məlum məsələdir ki, Rüstəm kişinin başına dəyən zərbə onun ağlını başına gətirdi. Bu filmdəki əsas mesaj kollektiv işin önəmi, qarşılıqlı hörmət və əxlaqi dəyərlərdir. Həyatda bəzi şeyləri zərbə almadan öyrənmək böyük xoşbəxtlikdir. "Böyük dayaq" bizə öyrədir ki, insanın həyatda ən etibarlı sığınacağı vəzifə və ya səlahiyyət deyil, onun xalqına olan bağlılığı və mənəvi dürüstlüyüdür. Rüstəm kişinin gecikmiş peşmanlığı və sarsılmış qüruru sübut edir ki, xalqın inamından uzaq düşən hər kəs, nə qədər güclü görünürsə görünsün, daxilən tənha və müdafiəsizdir.
Rəsmə daha da yaxından baxaq: “Bu gün cəmiyyət hələ də belədirmi?”
Müəlliflər:
Şüşəxanım Vəliyeva – Bakı Dövlət Universiteti
Gülsüm Qasımova – Sumqayıt Dövlət Universiteti