“Ekran susanda, cəmiyyət susmur – amma onun ritmi dəyişir.”

“Ekran susanda, cəmiyyət susmur – amma onun ritmi dəyişir.”


Ekranlar çoxaldı, diqqət parçalandı, seçimlər sonsuzlaşdı. Amma bir sual aktuallığını itirmədi: televiziya hələ də cəmiyyətə təsir edə bilirmi?

Yaşadığımız XXl əsrdə informasiya və kommunikasiya əlaqələrinin bu qədər inkişaf etdiyi bir dövrdə yayımla, sözlə və sosial-ictimai fiqurlarla cəmiyyətə təsir etmək açığı çətin bir prosesdir. Lakin buna baxmayaraq yarandığı ilk gündən etibarən televiziya cəmiyyətin əsas informasiya və kommunikasiya platforması kimi, ictimai maarifləndirmə, mədəni dəyərlərin qorunması və sosial davranışların formalaşdırılması funksiyalarını icra etmişdir. Müasir dünyada, informasiya cəmiyyətində insan- cəmiyyət münasibətlərinin tənzimlənməsi prioritet məsələlərindən biridir. Cəmiyyət informasiyalaşır. Televiziya gün ərzində saysız-hesabsız informasiya ötürməklə məşğuldur, informasiya seçimi isə azad auditoriyanın ixtiyarındadır.

Müəyyən bir dövr var idi ki, evlərdə televiziyanın səsi kəsiləndə sanki həyat dayanırdı. Axşam xəbərləri, həftə sonu konsert proqramları, köhnə milli filmlər... vəs. Televiziya yalnız cihaz deyildi, günün ritmi idi . Və ən əsası insanlara örnək nitq, örnək fikir, örnək davranış sərgiləyən nümunə idi . Bu gün artıq televiziyanın işini öz çiyinlərinə götürən sosial şəbəkələr var. Hansı ki, məlumat almaq üçün xəbər saatlarını gözləməyə ehtiyac qalmır, musiqi dinləmək üçün bir yayımlıq konsert proqramlarının saatlarını qaçırmaqdan qorxmuruq, çünki təkrar izləyə bilirik sosial şəbəkələrdən o məlumatları, yenidən baxa bilirik o şou-proqramlara və s.

Bəs bu gün telekanalların fərqi nə ilə ölçülməlidir ?

Yaxşı olar ki, bu gün telekanallar cəmiyyətə öz soy- kökünü xatırladan, tarixi izlərini , genetik milli-mədəni kodlarını aşılayan informasiyalar sərgiləsin. Ekranlarda musiqi, teatr, ədəbiyyat, kino və vizual sənəti təqdim edən verilişlərin olması zəruridir. Bu cür proqramlar həm mədəni irsi qoruyur, həm də tamaşaçının estetik zövqünü və mədəni biliklərini zənginləşdirir. Nəticədə, televiziya həm sosial, həm də mədəni maarifləndirmə funksiyasını həyata keçirən strateji bir mediaya çevrilir. Sağlam təfəkkürlü, universal insan yetişdirmək üçün öncəliyimiz televiziyada, milli ruhda , öz klassik ənənələrini unutmayaraq və bununla yanaşı müasir dünya istiqamətinə yönəlmiş proqramlar hazırlamaq, verilişlər nümayiş etdirməkdir . Bu zaman isə televiziya aparıcılarının üzərinə daha böyük məsuliyyət və öz meta-koqnitiv davranış yönlərinə xüsusi nəzarət etmək düşür.

Çünki, teleaparıcı artıq yalnız mətni oxuyan deyil, o, məlumatı təhlil edən, izləyici ilə dialoq quran, sosial və etik normativləri praktiki olaraq nümayiş etdirən şəxs rolunu oynayır.

Hər efir bir mesaj, hər aparıcı isə cəmiyyətə atılmış toxumdur !


Müəllif: Aparıcı Həsrət Bəhramoğlu
Top