"Bir Az Ağır Ol": Müasir Gənclikdə Ciddiyyət


Son zamanlar küçədə, metroda, sosial şəbəkələrdə – hər addımda eyni mənzərə ilə rastlaşırıq: yersiz qəhqəhələr, məzmunsuz, "şit" zarafatlar, nitqlər və bir növ özünü itirmiş davranışlar. Sanki bir yarış var: kim daha "yüngül" görünəcək, kim daha çox diqqət çəkmək üçün özünü gülünc vəziyyətə salacaq? Bəzən kənardan baxanda insanın içindən tək bir cümlə keçir: "Bir az ağır olmaq bu qədər çətindir?"

Şit Zarafatlar: Gülməli Deyil, Acınacaqlıdır
Zarafat etmək zəka işidir. İnsanı güldürərkən düşündürmək, incə bir yumor hissi nümayiş etdirmək nəzakət əlamətidir. Lakin indiki "zarafat" anlayışı çox vaxt kimisə ələ salmaq, söyüşlü ifadələrdən "ləzzət" almaq və ya tamamilə mənasız hərəkətlərlə diqqət çəkmək üzərində qurulub. Bu, yumor deyil, bu, mənəvi kasıblığın təzahürüdür. Bir insanın hər sözü zarafatdırsa, deməli, onun heç bir sözünün çəkisi yoxdur.

Cırlaşma, yoxsa Azadlıq?
Bəziləri bunu "müasirlik" və ya "sərbəstlik" adlandırır. Amma sərbəstlik – tərbiyəsizlik və ya yüngüllük demək deyil.  Hər bir gəncin oturuşunda-duruşunda bir ağırlıq, bir "yerini bilmək" mədəniyyəti olmalıdır. Hər yerdə, hər mühitdə eyni cür davranmaq, böyük-kiçik yeri bilməmək müasirlik deyil, sadəcə xarakterin "cırlaşmasıdır".

Nəyi İtirdik?
Biz sanki vüqarı itirdik. Ağırbaşlılıq bir vaxtlar gənclər üçün nümunəvi bir xüsusiyyət idi. Sözün kəsərli olması üçün onun az və yerində deyilməsi vacibdir. Çox danışmaq, hər mövzuya yersiz şərh vermək və hər addımda "şitlik" etmək insanı dəyərdən salır. Unutmaq olmaz ki, hörmət qazanmaq üçün əvvəlcə özünə hörmət etməli və hərəkətlərinə çəki-düzən verməlisən.

Həyat hər dəqiqəsini zarafatla keçirəcək qədər uzun və mənasız deyil. Bir az ciddi olmaq, harada necə davranacağını bilmək insanı köhnəfikirli etmir, əksinə, onu şəxsiyyət kimi ucaldır. Gəlin, itirdiyimiz o "ağırlığı" geri qaytaraq. Çünki insanı xarici görünüşü deyil, hərəkətlərinin və sözünün çəkisi tanıdır.

Qədirli Aysu
Top