Uşaq hər ağlayanda susdurulmalıdırmı?

Uşaq hər ağlayanda susdurulmalıdırmı?


Uşağın ağlaması onun ilk və ən əsas ünsiyyət formasıdır. Körpələr və kiçik yaşlı uşaqlar ehtiyaclarını, narahatlıqlarını və emosiyalarını sözlə ifadə edə bilmədikləri üçün ağlama vasitəsilə bildirirlər. Buna görə də bir çox valideyn üçün sual yaranır: uşaq hər ağlayanda onu dərhal susdurmaq lazımdırmı, yoxsa bu davranışın arxasında başqa psixoloji səbəblər var?

Uşağın ağlamasının bir neçə əsas səbəbi ola bilər:

Fizioloji ehtiyaclar: aclıq, yorğunluq, ağrı və ya narahatlıq, yuxusuzluq

Emosional ehtiyaclar: diqqət və yaxınlıq ehtiyacı, qorxu və təhlükəsizlik hissinin olmaması, ayrılıq narahatlığı

Bəzi yaş dövrlərində uşaqlar daha həssas olur və emosiyalarını tənzimləyə bilmədikləri üçün daha tez ağlayırlar.

1.Uşağı hər ağlayanda susdurmağın müsbət tərəfləri

Bəzi hallarda uşağın ağlamasına tez reaksiya vermək vacibdir. Uşaq özünü təhlükəsiz hiss edir. Valideyn-uşaq arasında emosional bağ güclənir. Körpə yaşlarında bu, güvən hissinin formalaşmasına kömək edir. Psixologiyada buna təhlükəsiz bağlanma deyilir.

2.Hər ağlamada dərhal susdurmağın mümkün mənfi tərəfləri

Bəzi mütəxəssislər isə düşünür ki, hər ağlamaya dərhal müdaxilə etmək həmişə düzgün deyil. Uşaq emosiyalarını tənzimləməyi öyrənməyə bilər. Hər çətinlikdə xarici köməyə alışa bilər. Bəzi hallarda bu davranış diqqət qazanmaq strategiyasına çevrilə bilər. Xüsusilə 3-4 yaşdan sonra uşaq emosiyalarını tədricən idarə etməyi öyrənməlidir.

Ağlamanın növləri.

Ehtiyac ağlaması: Aclıq, ağrı və ya qorxu ilə bağlı olur.

Emosional boşalma ağlaması: Uşaq gərginlikdən və ya yorğunluqdan ağlayır.

Manipulyativ ağlama: Uşaq istədiyini əldə etmək üçün ağlamanı istifadə edə bilər (daha çox böyük uşaqlarda).

Valideyn necə davranmalıdır?

Psixoloqlar balanslı yanaşmanı tövsiyə edir. Əvvəlcə ağlamanın səbəbini anlamağa çalışmaq, uşağın emosiyasını qəbul etmək,  hər ağlamada dərhal qadağa qoymamaq, uşağa emosiyasını ifadə etməyi öyrətmək lazımdır. Məsələn: “Görürəm ki, sən əsəbləşmisən. Gəl birlikdə həll yolu tapaq.” Uşağın ağlaması normal və təbii bir davranışdır. Əsas məsələ onu sadəcə susdurmaq deyil, ağlamanın səbəbini anlamaqdır. Sağlam psixoloji inkişaf üçün valideynlər həm uşağın emosiyalarına həssas yanaşmalı, həm də onun tədricən öz emosiyalarını idarə etməsinə şərait yaratmalıdır.


Müəllif: Uşaq psixoloqu Mədinə Babayeva
Top