NEORİTORİKA CƏRƏYANI!

NEORİTORİKA CƏRƏYANI!


“Nitq imiş aləmdə mövcud, eşq imiş qayimməqam” İmadəddin Nəsimi.


Nitq mədəniyyəti tətbiqi dilçiliyin sözə dəyər verən sahəsidir. O, dilin səsindən yazısına, sözündən cümləsinə qədər bütün normalarını öyrənərək, fikrin gözəlliklə ifadəsinə, düşüncənin mədəni və təsirli şəkildə səslənməsinə xidmət edən nəzəri axtarışlar və təcrübi yollar toplusudur.

Nitq insan təfəkkürünün dil vasitəsilə gerçəkləşən ən yüksək ifadə formasıdır; o, düşüncəni sistemləşdirir, mənanı formalaşdırır və insanı cəmiyyətlə bağlayan intellektual körpü yaradır.

Müasir dövrdə dünya nitq sistemində " Neoritorika " adlanan nitq cərəyanı höküm sürür. Neoritorika (yeni ritorika) cərəyanı — XX əsrdə formalaşmış, klassik ritorikanın müasir düşüncə və ünsiyyət şəraitində yenidən inkişafını ifadə edən elmi istiqamətdir. Bu cərəyan nitqi yalnız gözəl danışmaq sənəti kimi deyil, insanın düşüncəsinə, dünyagörüşünə və qərarlarına təsir edən kommunikativ güc kimi araşdırır.

Neoritorika sözün yalnız zahiri gözəlliyinə deyil, onun məna yaratmaq, inandırmaq, auditoriya ilə əlaqə qurmaq və fikir formalaşdırmaq imkanlarına diqqət yetirir. Burada natiqin kimə müraciət etməsi, dinləyicinin psixologiyası, arqumentlərin quruluşu və nitqin sosial təsiri əsas yer tutur.

Bu cərəyanın əsas yaradıcı nümayəndəsi Çaym Perelman idi.

Əsas Xüsusiyyətləri: Auditoriyaya Yönəlmə: Perelman qeyd edir ki, hər hansı bir arqumentin gücü onun müraciət etdiyi universal və ya xüsusi auditoriyanın qəbuletmə səviyyəsindən asılıdır.

Məntiq və Ritorika Vəhdəti: Formal məntiqdən fərqli olaraq, yeni ritorika mütləq həqiqətləri deyil, "ağlabatan" (məqbul) olanı əsas götürür.

Məlumatlandırma və İnandırma: Ünsiyyət prosesində auditoriyada həm rasional (ağıl) reaksiyanın, həm də emosional bağlılığın yaradılması hədəflənir.

Ən çox istifadə olunduğu sahələr:

1) Media və televiziya nitqi – aparıcıların, jurnalistlərin, ictimai şəxslərin auditoriyaya təsir edən danışıq formalarında.

2) Reklam və marketinq – insanın seçimlərinə təsir etmək, məhsul və ideyanı daha cəlbedici təqdim etmək üçün.

3) Akademik və elmi mühit – fikirlərin məntiqli, ardıcıl və inandırıcı təqdimində.

Ümumiləşdirərək demək olar ki, klassik ritorika sözü gözəlləşdirmə sənəti idisə, neoritorika sözü düşüncəyə çevirmə və insanı inandırma sənətidir.


Filoloq, aparıcı Həsrət Bəhramoğlu

Top