Tütək səsi
Tütək səsi Azərbaycan mədəniyyətində sadəcə bir musiqi alətinin avazı deyil, birbaşa insan ruhuna toxunan mənəvi bir rəmzdir. Bu səs özündə dərin bir yalqızlıq duyğusu daşıyır, insanı öz daxili dünyası ilə baş-başa qalmağa , öz içinə boylanmağa məcbur edir. Səsin yanıqlı tonu itirilmiş günlərin, uzaqda qalan doğmaların və yaşanmış acıların mənəvi sədası kimi ruhumuza süzülür. Böyük rejissor Rasim Ocaqovun ərsəyə gətirdiyi "Tütək Səsi" filmində isə bu mənəvi anlayış tamamilə fərqli, dramatik və fəlsəfi bir zirvəyə ucalır.1975-ci ildə ərsəyə gələn bu filmin ssenaristi İsa Hüseynovdur. Filmin sujeti təkcə müharibənin görünən dəhşətlərindən ibarət deyil. Burada diqqət insan xarakterinin ziddiyyətlərinə, mənəvi dəyərlərin sınağa çəkildiyi incə məqamlara yönəlir. Müharibənin insan həyatında buraxdığı dərin yaralar, ailələrin paramparça olması və düzəlməz hala gəlməsini çox dəqiqliklə görürük. Hadisələr Muxtar və Cəbrayıl adında iki dostun birlikdə qurduğu kalxozun içində cərəyan edir. Lakin Muxtar cəbhəyə getdikdən sonra sədr Cəbrayıl qalır. Kənddə heç kəs onu sevmir. Amma o insanların xoşbəxtliyi üçün çalışır və öz kəndinə çətin müharibə şəraitində kömək edir. Cəbrayıl obrazı illər əvvəl sevdiyi, lakin dostu Muxtarla ailə quran Sayalını iki uşağı ilə birlikdə qəbul edir. Bəlkə də fərdi baxımdan sevdiyi qadına sahib çıxmaq, onu övladları ilə qəbul edib hər kəsi qarşısına almaq ilk baxışda təqdirəlayiq addım təsiri bağışlayır. Lakin zaman və məkan bu hisslərin üzərinə ağır bir kölgə salır. Cəbhədə döyüşən dostunun yoxluğunda, qara xəbərin hər qapını döydüyü və bütün qadınların ümidlə yol gözlədiyi bir vaxtda bu izdivac kənd camaatı tərəfindən heç cür qəbul edilə bilməzdi. Buna görə də Cəbrayıl el içində "əsgər ailəsi dağıdan şəxs" kimi damğalanır. Bu mənəvi çəkişmənin ən böyük zərbəsi isə təbii ki, gənc Tapdığın çiyninə düşür. Əsasən adını çox eşitdiyimiz Tapdıq olur ki, o atasının ölmədiyinə inanır və anasının Cəbrayılla evli olmasından möhkəm inciyir. Düşünürəm ki, "Tütək Səsi"nin ən saf, ən günahsız obrazı Tapdıqdır. Ətrafdakı insanlar əvvəlcə bu izdivaca qarşı çıxsalar da, işdən-gücdən yayınsalar da, zaman keçdikcə həyatın axarına təslim olur, qaldıqları yerdən yaşamağa davam edirlər. Lakin Tapdıq anasını bağışlaya bilmir, evə qayıtmaqdan imtina edir, hətta ən yaxşı dostunun evində qalmağı özünə sığışdırmayıb qırıq-sökük bir damda tək-tənha yaşayır. Anasından gələn yeməkləri yeməyən, xəstələnərkən dərmanları qəbul etməyən bu gənc oğlan öz etirazını öz canı ilə ödəyir.Orda da xəstəlik tutur. Burada haqlı bir sual ortaya çıxır: Atasının şəhidlik xəbərini alan bir yeniyetmənin keçirəcəyi ruhi sarsıntıları, dostları arasında düşəcəyi utancverici vəziyyəti düşünmədən atılan bu addım nə dərəcədə düzgündür? Cəbrayılın sevgisi nə qədər səmimi olsa da, arxa cəbhədə böyüyən bu faciə filmin sevgi xəttini dərin ziddiyyətlər və mənəvi suallarla doldurur.
Müharibənin dəhşətlərindən birini isə məktubların olduğu səhnədə görürük. Gələn,lakin verilməyən onlarla qara kağız…
İnsanların isə yanlız tutunduğu boş ümidləri var idi. Əgər bu qara kağızlar onlara verilsə idi o ümidləri də boş olacaqdı. İsfəndiyar kişi oğlunun həsrətinə çox dözməyərək oturub sazını çalır. Nə qədər müharibə ön cəbhədə gedirmiş kimi görünsə də insanın içində verdiyi çox ağır savaşlar var. Film Azərbaycan xalqının necə böyük vətənpərvərlik və fədakarlıq hissələrinə malik olduğunu da aydın şəkildə nümayiş etdirir. Müharibənin bütün ağırlığına dözən kənd camaatı əlində olan hər şeyi — əsgərlərə yaraya biləcək, frontda rahatlıq yaradacaq hər bir şeyi cəbhəyə göndərir. Yığım zamanı hətta bütün biçini belə döyüşən oğullar üçün qurban verməyə hazır olan bu insanlar rəşadət dərsi keçirlər. Tütək səsi, sazın telləri bu savaşları insanlara çox gözəl çatdırır. Bəs siz Cəbrayılın Sayalı ilə evlənməsinə necə yanaşardınız?
Şüşəxanım Vəliyeva
Gülsüm Qasımova