DİL ÖYRƏNMƏ PROSESİNDƏ PSİXOLOGİYANIN ƏHƏMİYYƏTİ NƏDƏN İBARƏTDİR?

DİL ÖYRƏNMƏ PROSESİNDƏ PSİXOLOGİYANIN ƏHƏMİYYƏTİ NƏDƏN İBARƏTDİR?


Dil Öyrənmə prosesində psixologiyanın əhəmiyyəti mövzusunda Kembric Universiteti CELTA sertifikatlı, İngilis dili müəllimi, Vüqar Məmmədov ilə müsahibəmizi sizlərə təqdim edirik.
“Dil öyrənilməsi və mənimsənilməsi iki fərqli anlayışdır. Dilin öyrənilməsi prosesindən əvvəl, o, mənimsənilir. Məsələn, kiçik bir uşaq heç bir xüsusi təhsil almadan öz ana dilində rahatlıqla danışa bilir. Bu proses "dilin mənimsənilməsi dövrü" adlanır.
Dilin öyrədilməsi isə məktəbdə başlanır. Lakin biz dil öyrənməyə başladığımız zaman, əslində, əvvəlcə dilin mənimsənilməsi prosesi keçirilməlidir, ancaq çox vaxt birbaşa dil öyrədilməsinə başlanır”.
Müsahibimiz qeyd edib ki, müəllimlər təhsilalanlardan qrammatik qaydaları, gündəlik 50-100 yeni söz əzbərləmək və testlərdən istifadə etməyi tələb edir. Bu metodla ən yaxşı halda yalnız xarici dildə oxumağı və tərcümə etməyi bacarırıq:
“Məktəblərdə 11 il ərzində yalnız xarici dilin qrammatik qaydaları öyrədilir, universitetlərdə isə bu proses yalnız akademik şəkildə davam etdirilir.
Bu gün hər bir müəllim dərsləri Azərbaycan dilində deyil, tədris etdiyi xarici dildən keçməli və dərsi daha kreativ şəkildə təqdim etməlidir ki, dərsin keyfiyyəti artsın. Bunun üçün müəllimlər beynəlxalq kurslarda iştirak etməlidirlər. Müəllim təhsilə başlayanlara “Bu gün qrammatik mövzunu keçəcəyik” deməməlidir. Ümumiyyətlə, təhsilalanların növbəti dərsin hans mövzuda olacağını bilməsi doğru deyil. Müəllim mövzunu elə izah etməlidir ki, dərsin sonunda tələbə artıq bu mövzunu mənimsədiyini hiss etsin.
Hazırda tələbələrə verilən “Reading” tapşırıqlarında müşahidə edirik ki, tələbələr mətni əzbərləyib gəlirlər. Halbuki "Reading"in işlənmə qaydaları mövcuddur. Təəssüf ki, müəllimlərin əksəriyyəti bunu bilmir”.

Demək olar ki, hər kəs metoddan danışır, əksər insanlar motivasiya ilə başlayırlar, lakin davam edə bilmirlər. Bəs dil öyrənərkən psixologiya nə qədər önəmlidir?
Dil öyrənilməsində bir çox faktorlar rol oynayır, bunlara dilçiliyə aid olan və olmayan  faktorlar daxildir. Dil öyrənərkən psixologiyanın önəmi böyükdür , ən azı metod qədər, hətta deyərdim ki metoddan da önəmlidir. Buna bir nümunə ilə aydınlıq gətirək. Müharibə vaxtı qalalar tikilirdi, bu qalaların möhkəm, dizaynı çox gözəl və düşmənin ələ keçirilməsi qeyri-mümkün olduğunu düşünək. Psixologiya bu qalanın açarına bənzəyir. Qalanın qapısı açıq olsa, düşmən rahatlıqla içəri girə bilər. İnsanın psixologiyası zəif olduqda, dil öyrənmə prosesi yavaşlayır, zəifləyir.
Dil öyrənmədən öncə psixoloji hazırlıq mütləqdir, bununla yanaşı, motivasiya və disiplin də qeyd olunmalıdır. Motivasiya və disiplin arasında fərqlərə baxsaq, motivasiya keçərlidir, kimdənsə ilham alırsan, bir insandan, hər hansı kitab və ifadədən. Motivasiyanı aldıqdan sonra deyirsən ki, başlayacam, öyrənəcəm, beyin dopamin ifraz edir. Bildiyiniz kimi, dopamin xoşbəxtlik hormonudur. Bir müddətdən sonra keçib gedir, qalıcı deyil. Onun təsiri keçdikdən sonra qayıdırsan əvvəlki vəziyyətinə. Lakin dil öyrənilməsi uzun bir prosesdir, bunu görüb, yarıda qoyursan. Bu zaman displin sənə kömək olur. İradə gücün necədir? Nə qədər əzmkarlıq göstərə bilərəm? Olar bilər ki, depresiyyadasan, xəstəsən və ya bir çox bu kimi hallar ola bilər. Hər şeyə rəğmən davam etməli, özünü məcbur etməlisən. Digər tərəfdən məqsədin olmalıdır. “Nə üçün ingilis dili öyrənirəm?” Məqsədlərin o qədər güclü olmalıdır ki, səhər tezdən yuxudan oyatsın, gecə yatmağa da gec aparsın. Bunlar olmayanda müxtəlif bəhanələr tapa bilərsən, ”xəstəyəm”, ”depresiyyadayam” deyib məşğul olmamaq üçün, ya da “xəstə olsam da və hər hansı bəhanəyə sığınmayacam”- deyib davam edəcəksən. Psixologiya çox önəmlidir, psixologiya nəinki dil öyrənilməsində, həyatın hər bir sahəsində psixologiyanın güclü olması çox vacibdir.
Bilirsiniz ki, hər keçən gün kursların sayı, dil mərkəzlərinin sayı artmaqdadır. Və əksəriyyəti qısa müddətdə dil öyrənməyin mümkün olduğunu söyləyir, dil öyrənməyin müddəti nə qədərdir?
Bir çoxları bunları ayla dəyərləndirir. Buna görə də belə sualları tez-tez eşidirik :”Neçə aya dil öyrənə bilərəm, neçə müddətə sərbəst danışa bilərəm?” Bu kimi suallarla müəllimlərə yaxınlaşırlar. Təbii ki, onlar tələbələrdir və bu haqda bir çox araşdırma etməyiblər, daha dərindən bilmirlər. Dilin öyrənilməsi ayla və ya illə hesablanmır, saatlarla hesablanır. Gün ərzində nə qədər dil öyrənilməsinə vaxt ayırıb məşğul olacaqsan. Ən çox eşitdiyim suallardan biri də “Neçə müddətə danışa biləcəm?” sualıdır. Lakin bu sual qeyri-dəqiq sualdır. Əlbəttə ki, adını , yaşını, işini və ya harda yaşadığını ifadə etmək üçün aylara ehtiyac yoxdur. Əslində sual dəqiq qoyulmalıdır.” Neçə müddətə, neçə saata hansı səviyyədə ola bilərəm?” Cədvələ nəzər yetirsək görərik ki, 0-dan başlayan bir tələbə təxminən 90-100 saat ingilis dili üzərində məşğul olmalıdır. Mentor və ya müəllim səni doğru şəkildə yönəltməli, bu saatları necə effektiv şəkildə çalışa biləcəyini izah etməlidir. Ortalama 1000-1200 saat lazımdır ki, insan rahat şəkildə ingilis dilində danışa bilsin. Bu saatlara necə nail olmaq olar?-sualı yaranır. Əksər kurslar 2-3 aya bir səviyyəni bitirmək olar deyə vədlər verirlər. Gəlin belə bir hesablama edək. Əgər tələbə həftədə 3 dəfə 1 saatda kursda müəllimlə çalışırsa, bu isə ayda 12 saat, 2aya isə 24 saat edir. Lakin biz cədvəllə baxsaq, "elementary" səviyyəsi üçün 180-200 saat olduğunu görərik. Bu cədvəl "Cambridge"nin şkalasıdır, lakin kursda müəllimlə cəmi 24 saat dərs keçirilir. Qeyd etmək istərdim ki, doğru metodla, effektiv müəllimlə bu şkala əsasında nəticəni əldə etmək olur. Əgər tələbə gündə 3 saat vaxt sərf edirsə, bu aya 90 saat, 2 aya 180 saat edir. Bu halda tələbə gündə 3 saat məşğul olmaqla 2 aya bir leveli keçə bilər. Dilin öyrənilmə müddəti müxtəlif səviyyələr üzrə müxtəlif saatlar üzrədir.
Əksər dil öyrənənlər artıq keçmiş, ənənəvi üsullardan istifadə etmək istəmirlər, qrammatika öyrənirlər, lakin danışa bilmirlər.Necə ola bilir əksər tələbələr başa düşür, lakin danışa bilmədiklərini iddia edirlər. Siz hansı metodlardan istifadə edirsiniz?
Ənənəvi metodika ilə qrammatika öyrənirlər. Çox vaxt eşidirik ki, başa düşürəm, lakin danışa bilmirəm. İlk öncə qrammatika məsələsini aydınlaşdıraq. Qrammatika 3 hissədən ibarətdir: forma(form),məna(meaning) və istifadə(usage). Bizə əslində qrammatika haqqında biliklər, qaydalar öyrədilir: zamanların adları,formulaları və s. TQDK-nın strukturu belədir, yəni bunları bilməlisən ki,testləri keçib,universitetə qəbul ola biləsən. 25 sualı yazmaq- bu sənin qrammatika haqqında bilikləri göstərir, lakin sənin imtahanda 25 sualı düzgün yazmağın İngilis dilini əla bildiyini göstərməz. Əgər gözəl şəkildə danışmaq və başa düşmək istəyirsinizsə, gəlin uşaqları analiz edək: Uşaqlar dili necə öyrənir? Fikir versək, görərik ki ,uşaqlar yaza bilmir, oxuya bilmir, lakin sərbəst şəkildə danışa bilirlər.  Hər hansı bir fransız, italyan və ya yapon bir uşaqdan və ya valideynindən soruşsaq, deyəcəklər ki, asan şəkildə öyrəniblər, çünki onlar bunu təbii şəkildə öyrənirlər. Dilin öyrənilməsində 1 metodika var-dinləmədir. İstənilən bir dil dinləmə üzərindən öyrənilir. Uşaqlar ilk öncə eşidirlər, informasiya qəbulunu onların qulaqlarından gedir, həmçinin gözləri vasitəsilə. Bu zaman deyirik ki, uşaq dili mənimsəyir və bu proses 4-5 il çəkir, lakin yetişkinlərdə deyə bilmərik ki, 4-5 il çəkir. Deyə bilərik ki, 1-2 ilə doğru metodika və yanaşma ilə bu nəticəni əldə edə bilərik. Uşaqlarda belədir ki, 24 saat dilə məruz qalırlar və bu qaydada mənimsəyirlər. Biz də dili öyrənmək istəyiriksə, qulaqlarımızı bu dilə məruz qoymalıyıq, çoxlu sayda dinləmələr etməliyik, sadə hekayə kitablarını dinləyə bilərik. İlkin növbədə ağır kitablara yox, sadə uşaqlar üçün olan hekayə kitabları və sadə podkastları dinləməliyik. Bütün bunları nəzərə alaraq, 1-2 il ərzində dil ilə məşğul olsanız, sərbəst şəkildə danışa bilərsiniz. Lakin insandan insana bu da dəyişir, bəzisi 1 ilə daha çox nəticə, digəri isə daha az nəticə göstərə bilər.
SƏBİNƏ MƏMMƏDOVA
EMPA TV
Top