RƏŞAD MƏCİD: "Bütün gənclərə arzum budur: oxuyun, yazın, düşünün və yaradıcılığınızla cəmiyyətə töhfə verin."
Bugünkü müsahibimiz, yazıçı, jurnalist, Azərbaycan mətbuat şurasının sədri, “525-ci qəzet”in baş baş redaktoru, Azərbaycan Yazıçılar Birliyi sədrinin müavini, Azərbaycan Respublikasının Prezidenti yanında Əfv Məsələləri Komissiyasının üzvü Rəşad Məciddir. Onun həm mətbuatdakı, həm də Yazıçılar Birliyindəki fəaliyyəti bir çox ictimai və mədəni proseslərə mühüm təsir göstərib. EmpaTV.az olaraq Rəşad Məcidə jurnalistika və ədəbiyyatdakı mövqeyi, gənclərə münasibəti, eləcə də cəmiyyətə ötürdüyü ideyalarla bağlı bir neçə sual ünvanladıq.
-Siz yalnız jurnalist deyil, eyni zamanda ictimai fikir liderisiniz. Bu məsuliyyət sizə nə vaxt və necə yükləndi?
-Mən o dövrdə Azərbaycan Dövlət Universitetinin (indiki Bakı Dövlət Universiteti) Jurnalistika fakültəsində təhsil alırdım və oxuya-oxuya da o vaxtlar məşhur olan “Elm və Həyat” jurnalında işə başlamışam. 1988-ci ildən etibarən Azərbaycanda ictimai həyat kifayət qədər qaynar bir mərhələyə qədəm qoydu: Ermənistanın Azərbaycana qarşı təcavüzü, sinirlərin daim gərgin olması, siyasi proseslərin sürətlənməsi, neqativ informasiyaların axını, həmvətənlərimizin Ermənistandan deportasiyası və Qarabağda baş verən faciələr – bütün bunlar cəmiyyətdə heç kimi biganə qoya bilməzdi.
Bu baxımdan mən də, bir jurnalist kimi, eyni zamanda bir yazıçı, ədəbiyyat xadimi və şair olaraq bu proseslərə vaxtaşırı münasibət bildirmişəm. Əvvəllər bu, əsasən, müsahibə və məqalələr vasitəsilə olurdu. Son illərdə isə sosial şəbəkələrin fəallaşması nəticəsində ictimai proseslərə münasibətimi daha çox qısa statuslar vasitəsilə ifadə etmişəm.
Bildiyiniz kimi, mən həm də statuslardan ibarət “Qələmsiz yazılanlar” adlı kitabın müəllifiyəm. Bu mənada hər zaman ictimai proseslərdən kənarda qalmamağa və öz mövqeyimi bildirməyə çalışmışam. Ola bilsin ki, bu səbəbdən də cəmiyyətdə mənə qarşı formalaşmış münasibət də bu yöndədir.
-Sizcə, jurnalist cəmiyyətdə “neytral müşahidəçi” olmalıdır, yoxsa “aktiv iştirakçı”? Hansı yanaşma daha doğrudur?
-Jurnalistikanın əsas prinsipləri mövcuddur və hər bir jurnalist obyektivlik, qərəzsizlik, operativlik, vicdanlılıq kimi dəyərlərə sadiq qalmalıdır. Bununla belə, bəzən elə hallar olur ki, jurnalist öz missiyasını aşaraq dərs vermək iddiasına düşür. Bəzən yazdığı məqalə ilə hər hansı bir problemin fəal iştirakçısına çevrilir, yaxud müsahibələrdə hökm verir, kimlərisə ittiham edir. Mən bu yanaşmanın əleyhinəyəm. Hesab edirəm ki, jurnalist mümkün qədər neytral mövqedə dayanmalı, hadisəni və faktı olduğu kimi təqdim etməlidir.
Amma əvvəlki cavabımda da qeyd etdiyim kimi, hazırkı ictimai-siyasi proseslər o qədər gərgin və zəngin xarakter daşıyır ki, jurnalistlərin neytral müşahidəçi kimi qalmaq imkanları bəzən məhdudlaşır.
Əslində, hazırda Azərbaycan tarixinin ən qürurlu dövrlərindən birini yaşayır. Təəssüf ki, texnologiyaların sürətli inkişafı fonunda Azərbaycana qarşı yönəlmiş qərəzli və saxta dezinformasiyalar da artmaqdadır. Bu mənada cəmiyyətin aparıcı təbəqələrindən biri kimi, jurnalistlər də ilk növbədə vətənpərvər olmalı, dövlətçilik dəyərlərinə sadiqlik nümayiş etdirməlidirlər.
-Yazıçılar Birliyindəki fəaliyyətiniz dövründə cəmiyyətə hansı ideyaları aşılamış olmağınızla fəxr edirsiniz?
-Mən “525-ci qəzet”in baş redaktoru kimi ilk sayımızda oxuculara müraciət etmişdim. Xüsusilə də gənclərə səslənərək bildirmişdim ki, “525” onların tribunasına çevriləcək. Çağırış etmişdim: “525”-də yazılarınız çıxsın, bu qəzetin aktiv müəlliflərindən olun. Qəzetimiz gənclərin mətbu orqanı olacaq. Lakin zamanla gördük ki, biz təkcə gəncləri deyil, artıq klassikləşmiş peşəkar yazıçılarımızı da əhatə edən bir tribunaya çevrilmişik.
Bu baxımdan, 2004-cü ildə Xalq yazıçısı, Yazıçılar Birliyinin sədri Anar müəllim mənə Yazıçılar Birliyində gənclər üzrə katib vəzifəsinin yaradılacağını və məhz bu vəzifədə məni görmək istədiyini bildirdi. Mən də məmnuniyyətlə razılaşdım. Çünki Anar müəllimin əsərləri və publisistik yazıları uşaqlıqdan düşüncə tərzimin formalaşmasında mühüm rol oynamışdır. Onun yaradıcılığı təkcə mənim deyil, bütöv bir neçə nəslin ədəbi və mənəvi inkişafına təsir göstərmişdir. Onunla birgə çalışmaq mənim üçün böyük xoşbəxtlik idi və həyatımın ən önəmli mərhələlərindən biri oldu.
2004-cü ildən etibarən Yazıçılar Birliyində gənclər üzrə katib kimi fəaliyyət göstərdim. Əsas məqsədim daha çox gənci ədəbi mühitə cəlb etmək idi. 2008-ci ildən etibarən Mədəniyyət Nazirliyi ilə birgə “Gənc Ədiblər Məktəbi” layihəsini yaratdıq. Bu gün həmin məktəbin məzunları Azərbaycan ədəbi, ictimai və jurnalist mühitində fəal iştirak edirlər. Hesab edirəm ki, bu gənclərə dəstək vermək, onların yazılarının çapı və tanıdılması Yazıçılar Birliyindəki fəaliyyətimin əsas və ən önəmli istiqamətlərindən biri olmuşdur.
Bununla yanaşı, sevdiyim yazıçıların, o cümlədən kölgədə qalmış mərhum qələm sahiblərinin kitablarının nəşri, yubiley tədbirlərinin təşkili istiqamətində gördüyüm işləri də həyatımın müsbət məqamları kimi qiymətləndirirəm.
Əlbəttə, Yazıçılar Birliyində çalışdığım dövrdə xalqımızın Zəfərindən sonra Şuşaya səfərlərimiz də mənim üçün xüsusi əhəmiyyət daşıyır. 2021-ci il mayın 12-də Anar müəllimlə birlikdə ilk dəfə azad Şuşaya getdik və sonradan 14 dəfə Şuşada keçirilən Poeziya Günlərində, “Xarıbülbül” festivalında iştirak etdik. Bu səfərlər həyatımın ən yaddaqalan anlarındandır.
Eyni zamanda, ədəbiyyatın Zəfər dönəmini əks etdirən, Anar müəllimin təşəbbüsü ilə ərsəyə gəlmiş “Qarabağ Dastanı: 30 ilin həsrəti, 44 günün Zəfəri” kitabının ideya müəllifi və tərtibçisi oldum. Bu kitabda Qarabağla bağlı yazılmış şeirlər, publisistik məqalələr, ədəbi nümunələr, bölgələrdən olan yazıçıların Zəfərdən sonra doğma yurdlarına qayıtdıqdan sonrakı təəssüratları yer alıb. Bu nəşri və ümumilikdə bu layihəni ədəbi fəaliyyətimin əsas mərhələlərindən biri hesab edirəm.
-Sizcə, bu gün mədəniyyət və ədəbiyyatın ictimai şüurun formalaşmasındakı rolu azalıb, yoxsa sadəcə forması dəyişib?
-Bu günlərdə bildiyiniz kimi, Ağdam Muğam Mərkəzinin açılışı baş tutdu və cənab Prezident Ağdama qayıdan Kəngərli kənd sakinləri ilə görüş keçirdi. Həmin görüş zamanı səsləndirilən fikirlərdən biri xüsusilə diqqətəlayiq idi: “Bizi saxlayan – dilimiz, ədəbiyyatımız, mədəniyyətimiz, gənc nəslin yetişdirilməsində isə ailə və məktəb olub.” Hesab edirəm ki, cənab Prezidentin dilindən bu fikirlərin səsləndirilməsi son dərəcə önəmlidir və dərin məna daşıyır.
Müasir dövrdə, sosial şəbəkələrin təsiri ilə bəzən bayağı musiqilər və saxta “mədəniyyət nümunələri” ön plana çıxır. Lakin bütün bunlara baxmayaraq, milli mədəniyyətimiz və ədəbiyyatımız həm ictimai şüurun formalaşmasında, həm də Qələbəmizin əldə olunmasında misilsiz rol oynayıb. Bugünkü texnoloji, bir qədər də xaotik dövrdə bəlkə də mədəniyyət və ədəbiyyat əvvəlki kimi cəmiyyətə təsir gücünə malik görünmür. Amma mən bunu müvəqqəti bir hal hesab edirəm.
Əminəm ki, Azərbaycan mədəniyyəti və ədəbiyyatı həmişə olduğu kimi, bundan sonra da xalqımızın mənəvi dayağı olacaq, ictimai şüurun inkişafında mühüm rol oynamaqda davam edəcək. Çünki bizi qoruyan və bir arada saxlayan əsas dəyərlər – ana dilimiz, ədəbiyyatımız, mədəniyyətimiz, ailə və məktəbdir.
-Ədəbi mühitdə gənclərə yol açmaq nə dərəcədə asandır? Bu prosesdə bəzən ziddiyyətlər yaşanırmı?
-Mən dediyim kimi, 1992-ci ildən etibarən “525-ci qəzet”in təsisçisi və baş redaktoru kimi fəaliyyət göstərirəm və bu illər ərzində çoxsaylı gənc jurnalist və yazarlarla çalışmışam. 2004-cü ildən isə rəsmi olaraq Yazıçılar Birliyinin gənclər üzrə katibiyəm. Bu gün də həm Yazıçılar Birliyində, həm də qəzetdə gənclərlə birgə işləyirəm. Hazırda Mətbuat Şurasının sədri kimi jurnalistlərlə, xüsusilə də gənclərlə daha çox təmasda oluram.
Gənclik təbiətən iddialı olur, dünyanı dəyişmək həvəsi ilə yaşayır. Bu, başa düşüləndir və təqdirəlayiqdir. Amma mən gənclərə hər zaman deyirəm ki, keçmişimizi, tariximizi, ədəbiyyatımızı yaxşı bilməlidirlər. Ənənələrə söykənməli və gələcəkdə Azərbaycan ədəbiyyatının və mədəniyyətinin layiqli təmsilçilərinə çevrilməlidirlər.
Bəzən gənclər arasında əsassız və yersiz iddialarla çıxış edənlər də olur. Lakin bu cür iddiaların arxasında sanballı və dəyərli bədii əsərlər dayanmayanda, bu iddialar cəmiyyət tərəfindən gülüşlə qarşılanır. Ona görə də gənclərə həmişə deyirəm: daim çalışın, əziyyət çəkin. Bu sahədə uğur qazanmaq üçün zəngin mütaliə, güclü müşahidə qabiliyyəti və böyük əzmkarlıq vacibdir.
Bütün gənclərə arzum budur: oxuyun, yazın, düşünün və yaradıcılığınızla cəmiyyətə töhfə verin.
Rəşad Məcidin cavablarından da aydın görünür ki, jurnalist və yazıçı olmaq təkcə bir peşə deyil, eyni zamanda böyük ictimai məsuliyyətdir. Onun fikirləri cəmiyyətə, xüsusilə də gənc nəsilə yol göstərmək baxımından əhəmiyyətlidir. Bizə ayırdığı dəyərli vaxt və səmimi cavabları üçün Rəşad Məcidə təşəkkür edir, EmpaTV.az oxucularına bu maraqlı müsahibəni təqdim etməkdən məmnunluq duyuruq.

Hazırladı: Xumar Emilqızı
Sura Əliyeva