Sevinc Muğanna:

Sevinc Muğanna: "Çox arzulayıram ki, yaşadığımız dövrdə də yeni İsa Muğannalar yetişsin"


Azərbaycan ədəbiyyatının parlaq simalarından biri olan Xalq Yazıçısı İsa Muğannanın adı zaman keçdikcə daha da ucalır, onun zəngin irsi isə bu gün də yeni nəsillərə yol göstərməkdədir. Təkcə böyük yazıçı deyil, həm də nümunəvi bir ata və ailə başçısı kimi yadda qalan İsa Muğannanın övladı onun yoxluğunda belə varlığını dərin ehtiramla hiss edir.

EmpaTV.az olaraq bu dəfə biz İsa Muğannanın qızı Sevinc xanımla həmsöhbət olduq. Onunla birlikdə atası ilə bağlı xatirələrə üz tutduq, ədəbiyyat və ailə dəyərləri ətrafında səmimi fikirlərini dinlədik. Sevinc xanımın sözlərində həm böyük bir ata üçün duyulan qürur, həm də onu itirməyin ağrısı vardı...


 -Atanızın yazıçı olması sizin həyatınızda təkcə qürur mənbəyi idimi, yoxsa müəyyən ağırlıqlar da gətirirdi? Onun kölgəsində var olmaq hissi ilə necə baş etmisiniz?

-Atamın yazıçı olması mənim üçün hər zaman qürur və fəxarət mənbəyi olub. Təsəvvür edək ki, bir möcüzə nəticəsində mən dünyaya gəlməzdən əvvəl seçim şansım olsaydı – bir tərəfdə Xalq Yazıçısı, sadə və ziyalı bir insan olan İsa Muğanna, digər tərəfdə isə milyonlarla pulu olan bir oliqarx dayanmış olsaydı və hər ikisi də xasiyyətcə yaxşı insanlar olsaydılar – mən yenə də tərəddüdsüz İsa Muğannanın qızı olmağı seçərdim.

Atam təkcə mənim qürur mənbəyim deyil, həm də yaradandan sonra mənim qibləgahım, ümid yerimdir. Həyatda olmasa da, onun varlığını, qayğısını və sevgisini daim üzərimdə hiss edirəm. O, mənim üçün sadəcə bir ata deyil, eyni zamanda yaxın dostum və sirdaşımdır. Elə hallar olur ki, çətin bir vəziyyətə düşəndə sanki içimdə onunla danışıram, ondan məsləhət alıram. Məsələlərə onun gözü ilə baxmağa, qərarları onun düşüncə tərzinə uyğun verməyə çalışıram. Eyni zamanda, bəzən anamın da baxış bucağını nəzərə alıram – düşünürəm ki, onlar həyatda olsaydılar, bu vəziyyətdən necə çıxardılar? Maraqlısı odur ki, mən xasiyyətcə daha çox atama bənzəyirəm. Onun kölgəsində var olmaq isə mənim üçün qürurverici bir hissdir. Onun ruhunu və qayğısını daim hiss etsəm də, yoxluğuyla barışa bilmirəm və içimdəki boşluğu heç nə ilə doldura bilmirəm.


-Atanızla ədəbiyyat mövzusunda etdiyiniz söhbətlərdən yadınızda qalan ən təsirli fikir nə olub?


-Tələbəlik illərimdə bizə məcburi şəkildə oxutdurulan əsərlər olurdu. Onlar ev tapşırığı kimi verilir, oxunub təhlil edilməliydi. Elə əsərlər vardı ki, nə qədər çalışsam da, onları oxuya bilmirdim. Amma bəziləri də olurdu ki, kitabı əlinə alıb səhifələyirdin, əvvəlcə sıxıcı gəlsə də, sonra elə cəlb edirdi ki, yerə qoymaq istəmirdin.

O dövrlərdə oxuya bilmədiyim əsərlərlə bağlı tez-tez atama şikayətlənirdim. O isə gülümsəyərək deyirdi: “Eybi yox, oxumasan da olar”. Bununla yanaşı, təkidlə oxumağımı istədiyi, israrla təklif etdiyi yazıçılar və şairlər də vardı.

Həmin illərdə mən də yeni-yeni yazmağa başlamışdım. Bir dəfə söhbət əsnasında atam mənə dedi: “Əgər məndən üstün bir yazıçı ola biləcəksənsə, davam et. Qabiliyyətin var, yazıqlarını bəyənirəm. Heç olmasa mənimlə bərabər addımla – üstün olmasan da, geridə də qalma”.
Bu sözlər məndə böyük bir məsuliyyət hissi yaratdı. Bu ağır yükün altına girməyə cəsarət etməyərək qələmi yerə qoydum. Sonralar həyatın şərtləri də yazmağa davam etməyə imkan vermədi. Bəlkə də imkan versəydi, mən bu yolda addımlaya bilərdim...


 -Əgər bir gün öz həyatınızı yazmalı olsanız, bu daha çox müəllim Sevincin hekayəsi olar, yoxsa yazıçı İsa Muğannanın qızı Sevincin?

-Əgər bir gün həyatımı qələmə alsam, özümü İsa Muğannanın yadigarı və varisi kimi təqdim edərdim. Müəllim Sevinc kimi isə tələbələrimin baxışlarını, fikirlərini əks etdirərdim.

 -Atanızın sizə heç zaman demədiyi, amma yazıları ilə hiss etdirdiyi bir duyğunu bizimlə bölüşə bilərsinizmi?

-Atamın mənə demədiyi hissələri olub-olmadığını dəqiq deyə bilmərəm. Amma bir oxucu kimi onun əsərləri ilə tanış olduqda, necə bir insan olduğu və nə demək istədiyi yaratdığı obrazlardan aydın görünür. “Saz” əsərindəki İsfəndiyar, “Şinel” hekayəsindəki Yaralı Əsgər — hər birində onun bir parçası var.

Zahirdə çox sakit, heç kimin qəlbinə toxunmaq istəməyən bir insan idi. Məncə, yaratdığı obrazlarda özündən izlər saxlayıb. Məsələn, İsfəndiyar kişinin həlimliyi, daxili gözəlliyi, Qılınc Qurbanın sərtliyi – bunların hər ikisi atamın xarakterində vardı. Həyatda görmədiyim sərt tərəflərini o, yazılarında hiss etdirirdi. Onun səsini yüksəltdiyini isə çox nadir hallarda görmüşəm.


-Əgər İsa Muğanna bu gün sağ olsaydı, hazırkı ədəbiyyat mühitinə münasibəti necə olardı?

-Ədəbiyyat mühitinə münasibəti də, məncə, mənim baxışlarıma çox bənzəyərdi. Əvvəllər – Sovet dövründə senzura vardı, amma indi belə bir məhdudiyyət yoxdur. İstedadı və bacarığı olan hər kəs azad şəkildə düşündükləri kağıza köçürə bilər. Heç bir qadağa yoxdur. Lakin bütün bu azadlığa baxmayaraq, Sovet dövründə yazılan əsərlərdəki cəlbediciliyin, dərinliyin indiki ədəbiyyatda bir qədər az hiss olunduğunu düşünürəm. Bu dəyişiklik təkcə ədəbiyyatda deyil, həyatın bir çox sahəsində hiss olunur.

İsa Muğannanın varisi olaraq deyə bilərəm ki, mən keçmişin – o nostalji hissin təsirindən hələ də qopa bilməmişəm. Uşaqlıqda oxuduğum romanlarda, dinlədiyim musiqilərdə, səsləndirdiyim şeirlərdə ilişib qalmışam. Məncə, atam da sağ olsaydı, bu hissləri mənim kimi yaşardı.

Bugünkü ədəbiyyat aləmində istedadlı gəncləri görürəm. Çox arzulayıram ki, yaşadığımız dövrdə də yeni İsa Muğannalar yetişsin. İndi onun qələminin kiçik işartılarını nəvəsi – Səma Muğannada görürəm. İstəyirəm ki, o, İsa Muğannanın davamçısı olsun. Atasının yerişini yeriyə bilməsə də, heç olmasa onun addımlarını atsın. Bu addımları artıq yavaş-yavaş atmağa başlayır. Ümid edirəm ki, Səma bu qələmə sahib çıxacaq.

Və mən inanıram ki, atam bizi görür, uğurlarımıza sevinir, cəfalı Firuzəsi ilə birlikdə bizə ruhən dəstək olur.


Sevinc xanımın sözlərindən aydın olur ki, İsa Muğanna təkcə nəhəng bir ədib deyil, eyni zamanda ailəsi üçün sarsılmaz bir dayaq, mənəvi bir ruh sütunudur. Onun qızı kimi daşıdığı məsuliyyət və duyduğu sevgi yalnız şəxsi bir bağlılıq deyil, həm də ədəbiyyata və mədəniyyətə olan dərin hörmətin təcəssümüdür. Sevinc xanımın da dediyi kimi, hər dövrün öz İsa Muğannası yetişə bilər – yetər ki, bu irsə sahiblənilsin, ona layiqincə davam gətirilsin. Və görünür ki, bu işartılar artıq Səma Muğannada görünməyə başlayıb. Bəlkə də gələcəkdə biz yenidən “Muğanna” imzasını böyük ədəbiyyat səhnəsində görəcəyik...

Hazırladı: Sura Əliyeva
Top