"İkram Kərimovun təcrübə yolu.."


Bu günkü, müsahibimiz Azərbaycan məhkəmə-hüquq sistemində dərin iz qoymuş, peşəkar fəaliyyəti ilə seçilən və təxminən 50 ilə yaxın müddətdə bu sahəyə xidmət etmiş hüquqşünas İkram Kərimovdur. O, uzun illər ərzində müstəntiq, prokuror və hakim kimi mühüm vəzifələrdə çalışaraq hüququn aliliyinin təmin olunmasına töhfə verib. Göstərdiyi xidmətlərə görə “Əməkdar Hüquqşünas” fəxri adına layiq görülən müsahibimiz hal-hazırda da Vəkillər Kollegiyasının üzvü kimi fəaliyyətini davam etdirir. İkram Kərimov Empatv.az saytına verdiyi müsahibəsində zəngin təcrübəsindən, yadda qalan məhkəmə işlərindən və ədalət anlayışına yanaşmasından bölüşdü.

Bu uzun və zəngin fəaliyyət dövründə sizi ən çox hansı sahə cəlb edib? Hansı peşə mərhələsində olarkən davamlı işləmək sizə daha çox qürur hissi yaşadıb?
– Orta məktəbdə oxuduğum vaxtdan qarşıma məqsəd qoymuşdum ki, hüquqşünas olum. Bu məqsədimə nail olmaq isə heç də asan olmadı. Çünki həmin dövrdə ittifaq miqyasında qərar qəbul olunmuşdu: iki il istehsalat təcrübəsi keçmədən ali təhsil müəs-sisəsinə sənəd vermək mümkün deyildi. Bu səbəbdən, iki il fəhlə kimi işləməyə məcbur oldum. Həmin müddəti başa vurduqdan sonra hüquq fakültəsinə qəbul oldum.
Tələbəlik dövründə elmə böyük marağım yarandı. Mühazirələrim müxtəlif universitetlərdə dinlənildi, məqalələrim dərc olundu. Elmi Şura universiteti bitirdikdən sonra mənim aspiranturaya qəbul olunmağım barədə qərar verdi. Əgər o qərar olmasaydı, yenidən iki il işləyib sonra aspiranturaya daxil olmalı idim.
Lakin son anda fikrimi dəyişdim və təyinatla prokurorluqda müstəntiq vəzifəsində çalışmağa başladım. Heç vaxt peşman olmadım. Çünki mənim üçün cinayət işlərinin araşdırılması, haqqın və ədalətin bərpası, qanunsuz olaraq məsuliyyətə cəlb olunan şəxslərin bəraət alması çox böyük əhəmiyyət kəsb edirdi.
Gənclik illərim bu sahədə çalışmaqla keçdi. Ola bilsin bu sözlər bir qədər qeyritəvazökar səslənir, amma bu faktı yeni yetişən gənc nəsil bilməlidir: üstü açılmamış cinayət işləri üzrə mən ixtisaslaşmış, tanınmış bir mütəxəssis olmuşam. Hələ SSRİ dövründə mənim istintaq təcrübəm iki dəfə SSRİ Baş Prokurorunun əmri ilə ümumittifaq üzrə yayılıb və prokurorluq işçilərinə nümunə kimi təqdim olunub.
Hər il SSRİ üzrə ən yaxşı müstəntiqlərin müşavirəsində iştirak etmişəm, təcrübə mübadiləsi aparmışıq. Mənim üçün əsas olan həmişə nəticə olub: ya qatillər tapılıb, ya da günahsız insanlar azad edilib. Bu nailiyyətlər mətbuatda da qeyd olunub, hüquqşünaslar tərəfindən də tanınıb.
Hətta ailə həyatı qurmamışdan əvvəl belə, ittifaq üzrə tanınan bir müstəntiq kimi fəaliyyət göstərirdim. Gənc hüquqşünaslar xatirələrində adımı hələ tələbə ikən eşitdiklərini qeyd edirlər. Həmin dövrdə məhdud mətbuat imkanları olsa da, SSRİ Prokurorluğunun "Sosialist Qanunçuluğu" jurnalıda, Umumittifaq Radio və Televiziya verlişlərində fəaliyyətlərim barədə məlumatlar yayımlanırdı.
Müstəntiq təkcə vəzifə deyil. Hüquqşünas həmçinin hakim, prokuror və digər sahələrdə də fəaliyyət göstərə bilər. Müasir dövrdə hüquqşünaslar beynəlxalq hüquq, bank və maliyyə sahəsində də işləyirlər. Amma müstəntiq olmaq üçün təkcə bilik yox, eyni zamanda xüsusi istedad və daxili peşəkarlıq da vacibdir.
Bu sahə musiqi və rəssamlıqla oxşardır. İfaçıda səs yoxdursa, zəhmətlə də nəticə ala bilməz. Rəssam da istedadlı deyilsə, sənəti
ilə seçilə bilməz. Müstəntiq də belədir. Gecənin bir aləmində qəflətən baş verən cinayət hadisəsinin üstünü qısa müddətdə açmaq, detallar üzərində dərhal düşünmək və qanun çərçivəsində qərar vermək yalnız peşəkar müstəntiqin işidir. Hadisə yerində saatlarla, qışın soyuğunda, gecə saatlarında çalışmaq, ailədən uzaq qalmaq bu işin bir parçasıdır. Mən bloknotla yatırdım ki, gecə ağlıma gələn istintaq variantını dərhal qeyd edim. Çünki bu işdə sürət, dəqiqlik və diqqət əsasdır. Həmişə deyirəm: məhkəmə-hüquq sistemində müstəntiq vəzifəsi başlanğıc sayılsa da, bu işin şahı məhz müstəntiqdir. O, kresloda oturan idarəçidən daha artıq məsuliyyət daşıyır. Müstəntiq olmaq həm sənət, həm də məsuliyyət tələb edir.

Bəs cəza verdiyiniz şəxslərlə, cəzasını çəkib çıxdıqdan son-ra azadlıqda görüşdüyünüz olubmu?

– Sizin sualınıza bir qədər geniş cavab vermək istərdim, təkcə hakimlik dövrü ilə bağlı deyil. Mən məhkəmə sədri olmuşam, çoxsaylı hakimlərlə çalışmışam. Məhkəmədə əsas iş yükü onların üzərinə düşürdü, çünki birbaşa vətəndaşlarla ünsiyyətdə olurdular. Amma istintaq dövründə mən şəxsən, fərdi şəkildə bu ünsiyyətdə olmuşam. Ofisimə gəlsəniz, görərsiniz ki, sahibkarlıqla məşğul deyiləm, ancaq orada çoxlu suvenirlər var. Onlar vaxtilə azadlıqdan məhrumetmə cəzası almış şəxslər tərəfindən hazırlanıb. Bu şəxslər sonradan azadlığa çıxaraq minnətdarlıq əlaməti olaraq mənə hədiyyələr gətiriblər. Hətta bəzilərinin fotoşəkilləri mənim “Zirvədən zirvəyə...” adlı üçcildlik memuar kitabımda da yer alıb. Bu kitablar 2018-2020- ci illərdə nəşr olunub. 137,5 çap vərəqi həcmində 2195 səhifədən ibarətdir.
Maraqlı bir hadisəni də xatırlatmaq istəyirəm. Hakim kimi qəbul etdiyim qərardan illər sonra bir şəxs – artıq 25 il keçmişdi – məni tapıb, öz əli ilə hazırladığı suveniri mənə hədiyyə gətirdi. Onun sözləri, minnətdarlığı mənim üçün böyük dəyər idi. Hal-hazırda isə dördüncü kitabım üzərində işləyirəm. Bu kitabda da insanlar öz xatirələrini mənə təqdim ediblər və rica ediblər ki, onları çap olunacaq kitaba daxil edim. Onların arasında sadə fəhlədən tutmuş elmlər doktoruna qədər müxtəlif insanlar var.
İctimai yerlərdə çox oluram və demək olar ki, hər dəfə kimsə mənə yaxınlaşıb, vaxtilə qəbul etdiyim qərarın onun həyatına necə təsir etdiyini deyir. Bu, mənə ruh verir. Bir dəfə şəhərdə piyada gəzərkən biri mənə yaxınlaşdı, salam verdi və dedi ki, vaxtilə mənim qəbul etdiyim mülki iş üzrə qərar nəticəsində bu gün uğurlu sahibkarlıq fəaliyyəti ilə məşğuldur. Mən zarafatla dedim ki, heç olmasa o açdığınız restoranın yerini deyin, bəlkə gəlib sizi ziyarət etdik. O isə cavab verdi ki, artıq tanımadığınız halda belə dua edirdim sizə.
Bundan bir neçə dəqiqə sonra başqa bir şəxs də rastımıza çıxdı və məlum oldu ki, bu şəxslər qonşudurlar. Onların hər ikisi vaxtilə mənim qərarlarımdan təsirlənmiş şəxslər idi. Bu cür anlar insana həm ruh verir, həm də məsuliyyət hissini artırır. Hətta marketə getdiyim zaman belə olur ki, kimsə yaxınlaşır, kömək təklif edir və deyir ki, mənə etdiyiniz yaxşılığı heç vaxt unutmamışam. Bu, onu göstərir ki, insanlar bəzən dilə gətirməsələr də, qəlblərində təşəkkürlərini daşıyırlar.
Əlbəttə, hüququn pozulması hesabına edilən “yaxşılıq” ədalətli ola bilməz. Əsl hüquqşünas qanunun çərçivəsində ədaləti bərpa etməlidir. Qərar qəbul edərkən bəzən qohum-əqrəba, vəzifəli şəxslər, mət-buat və hətta təhdid vasitəsilə təzyiqlər olur. Amma əgər sən meşəyə giribsənsə, canavardan qorxmamalısan. Qanun və ədalət meyarlarını gözləmək, onlara sadiq qalmaq hüquqşünasın borcudur. Gedişin düz olmalıdır – uçuruma düşsən də, əziyyətlər çəksən də, yenə də gedişin düz olmalıdır. Axırda ədalət yerini tapır, haqq öz sözünü deyir. Bilirsiniz, insan daxilən nə qədər ləzzət alır ki, “mən bu ədalətli işi gördüm”.
1969-cu il idi. O vaxt iki illik iş təcrübəm var idi. Qonşu rayonda, indiki Şabranda bir şəxsi cinayət məsuliyyətinə cəlb etmişdilər. Söhbət bir vaqon şagird dəftərindən gedirdi. Bildirirdilər ki, bu dəftərlər rayona gəlib, amma itkin düşüb. Həmin şəxsin isə dəftərləri təhvil verdiyinə dair heç bir sənədi yox idi. Ona görə həm işdən çıxarılmışdı, həm partiya sıralarından xaric edilmişdi, həm də cinayət məsuliyyətinə cəlb olunmuşdu. Amma adam deyirdi: “Mən o dəftərləri mağazaya təhvil vermişəm. Mən 50 min dəftərə nə edə bilərdim axı?” Problem buradaydı ki, dəmir yolundan malları qəbul etdiyinə dair sənəd var idi, amma təhvil verildiyinə dair sənəd yox idi.
Sonradan Ali Məhkəmənin Rəyasət Heyətinin qərarı ilə bu iş ləğv olundu və mənə, Qusar rayon prokurorluğunda müstəntiq kimi, bu işi araşdırmaq tapşırıldı. O vaxt qonşu rayonda ikinci müstəntiq ştatı yox idi, işi mənə verdilər. Özümə söz verdim ki, bu işin axırına çıxacağam.
Əvvəl rayonda araşdırma apardım: neçə məktəb var, nə qədər
şagird var, dəftərə illik tələbat nə qədərdir? Məlum oldu ki, rayonda ildə beş mindən artıq dəftərə ehtiyac yoxdur. Amma guya 50 min dəftər itmişdi!
Axtarışlar zamanı üzə çıxdı ki, həmin dəftərlər Gürcüstanın Zuqdidi şəhərində istehsal olunub və Azərbaycana göndərilib. Halbuki, Azərbaycanın dəftər tədarükü əsasən Krasnodardan gəlirdi. Zuq- dididən isə rəsmi idxal qeydə alınmamışdı.
İşin üstündən artıq dörd-beş il keçmişdi. Mən mütəxəssislərlə həmin mağazaya baxış keçirdim və gördüm ki, 16 min Zuqdidi istehsalı olan dəftər hələ də satışdadır. Bundan sonra həmin şəxsin işinə xitam verdim, ona bəraət verildi. O 50 min dəftərin pulunu mənimsəyən başqa bir şəxs isə cinayət məsuliyyətinə cəlb olundu və işi məhkəməyə göndərdim.
İnanırsınız, o şəxs sonradan dünyasını dəyişdi. İndi onun övladları – bir neçəsi Ələtdə yaşayır – hər bayramda məni təbrik edirlər. Bundan böyük zövq, bundan böyük mükafat insana nə ola bilər, deyin bəs?

İkram bəy, ömürlük azadlıqdan məhrumetmə cəzası vermisiniz?

– Bilirsiniz, mən uzun illər yüksək məhkəmə instansiyalarında çalışmışam. Əsasən, hakimlər işlərə baxırdı, lakin məhkəmə sədri kimi də az işə baxmamışam. Şəhər məhkəməsinin sədri olmuşam, Respublika Hərbi Məhkəməsinin, eləcə də Apellyasiya Məhkəməsinin sədrliyini icra etmişəm. Birinci instansiya səviyyəsində çalışmamışam, amma qarşılaşdığımız işlər olduqca ağır idi. Çox vaxt ağır cinayətlərə görə uzunmüddətli azadlıqdan məhrum etmə cəzası verilirdi. Həmin dövrdə elə hallar da olub ki, qanunvericiliyin imkan verdiyi vaxtda ölüm cəzası da çıxarılıb. Sonralar həmin işlər ömürlük azadlıqdan məhrum etmə cəzası ilə əvəz olundu. Burada maraqlı məqamlar da var. Bəzən cəmiyyətdə baş verən hadisələrə baxırsan və içindən deyirsən: “Bu adam güllələnməlidir”. Məsələn, ailəsini qətlə yetirən bir nəfər olmuşdu – beş nəfəri öldürmüşdü.
Lakin, ümumən baxanda, bu sahədə çox mühüm dəyişiklik baş verib. Ulu öndər Heydər Əliyevin təşəbbüsü və iradəsi ilə ölüm cəzası qanunvericilikdən çıxarıldı. Bu, çox müsbət addım idi. Çünki həyatda səhvsiz yaşamaq mümkün deyil. Kim desə ki, heç vaxt səhv etməyib – səmimi danışmır. Mənim üçün həyatdakı əsas düşmən qeyri-səmimi insanlardır. Mahatma Qandinin bir sözü var: “Bütün
uğurlarıma həyatımda buraxdığım səhvlərdən nəticə çıxarmaqla nail olmuşam.” Əsas məsələ odur ki, səhv edəndə ondan nəticə çıxarasan və onu bir daha təkrarlamayasan. Ölüm hökmü ilə bağlı səhvlərin baş verməsi – bu, çox ciddi məsələdir. Mən demirəm ki, bu, qaçılmazdır, amma tam istisna da edilə bilməz.
Hərbi məhkəmədə çalışdığım dövrdə Amerika Birləşmiş Ştatlarına – Pentaqonun dəvəti ilə səfər etdim. Orada hərbi cinayətlər üzrə məhkəmə təcrübəsini öyrəndim. Əlimdə 40-dan çox fakt var idi ki, ABŞ tarixində ölüm hökmü icra olunandan sonra sonradan bəlli olub: hökm əsassız verilib. Bəziləri güllələnmiş, bəziləri iynə ilə edam edilmişdi, amma günahsız idilər.
Bu yaxınlarda “İstintaq davam edir” verilişində bir hadisəni xatırlatdım. Gəncə şəhərindən olan bir Azərbaycanlı sürücüyə Rostov vilayətində ölüm hökmü çıxarılmışdı. Hadisə Azərbaycanda baş vermişdi, lakin SSRİ dönəmində bu cinayət işinə Rusiyada baxılmışdı. Halbuki bu, qanunsuz idi.
Daha sonra Moskvada, Kremlin Qurultaylar Sarayında ABŞ və SSRİ hüquqşünaslarının birgə iclası keçirildi. Orada çıxış etdim və bu məsələni qaldırdım: “Azərbaycanda törədilən cinayətə niyə Rusiyada baxılıb?” TASS o vaxt mənim çıxışımı qeyd etmişdi.
Nəticədə, həmin iş ləğv olundu və Azərbaycana qaytarıldı. İndi ölkə rəhbərliyində çalışan, hörmətli şəxslərdən biri o vaxt həmin işə baxan hakim idi və o şəxsə bəraət verdi. Həmin adam indi Gəncədə yaşayır və həmin televiziya proqramında biz onu da dəvət etdik, tamaşaçılara göstərdik.
İnsan dörd il ölüm hökmü altında yaşayıb – təsəvvür edin! Hansı hissləri kecirib! Kim deyirsə ki, ölüm cəzası ilə bağlı səhvlər olmur, yanılır. Bəzən elə qatı cinayətkarlar olur ki, cəmiyyət onları qəbul edə bilmir, amma qanunla yanaşdıqda – ədalət hər şeydən önəmlidir. İnsan həyatı, səhv ehtimalı və hüququn aliliyi – bunlar hər şeydən üstündür.

Elə hallar olubmu ki, törədilmiş cinayətin ağırlığı sizi o dərəcədə sarsıdıb ki, düşündünüz: Cinayət Məcəlləsində bu cür əməllərə nəzərdə tutulan cəza yetərli deyil? Məsələn, bir ailənin qətli və ya azyaşlı uşağın xüsusi amansızlıqla öldürülməsi kimi cinayətlərdə, belə hallarda sizcə daha ağır və adekvat cəzalar müəyyən edilməlidirmi?

– Sizə deyim ki, qanunda nəzərdə tutulmayan heç bir cəzanı tətbiq etmək mümkün deyil. Məsələn, elə hallar olur ki, cinayət əməli var, fakt var, amma onu törədən şəxs cinayət məsuliyyətinə cəlb edilə biləcək subyekt deyil. Yəni, deyək ki, hadisəni törədən şəxs müəyyən yaş həddinə çatmayıb. Bu halda iş məhkəməyə qədər gəlib çıxmır. İstintaq dövründə belə işlər üzrə icraata xitam verilir və həmin şəxsin yaşı nəzərə alınaraq başqa hüquqi tədbirlər görülür.
Əgər yaş həddinə çatmayıbsa, şəxs cinayət məsuliyyətinə cəlb edilə bilməz. Eyni yanaşma anlaqsız (ruhi xəstə) şəxslərə də aiddir. Belə hallar da olub ki, cəmiyyətdə böyük rezonans doğuran bir cinayətdə – məsələn, bir ailənin beş üzvü qətlə yetirilib – araşdırmalar nəticəsində məlum olub ki, cinayəti törədən şəxs anlaqsız vəziyyətdə olub. Nəticədə, həmin şəxs məhkəmə qərarı ilə cəzalandırılmayıb, məcburi müalicəyə göndərilib.
Ancaq cəmiyyət bu qərarı bəzən düzgün anlamaya bilər. Elə düşünülür ki, bu, sadəcə xəstəxanada müalicə olunmaq deməkdir. Amma əslində bu, heç də sadə deyil. O şəxslər xüsusi mühafizə olunan müəssisələrdə saxlanılır, bəzən onların şəraiti hətta ömürlük cəza çəkənlərin yerləşdiyi yerlərdən də sərtdir. Çünki onlar bəzən özlərini idarə edə bilmirlər və cəmiyyət üçün təhlükə törədə bilərlər. Məcburi müalicə də, əslində, cəza növü qədər ağır və ciddi tədbirdir. Sadəcə adı “müalicə” olduğu üçün bəziləri düşünür ki, orada şərait yüngüldür. Əsla belə deyil. Əgər istəsəniz, jurnalist olaraq bir dəfə o müəssisələrdən birinə ekskursiya edərsiniz. Öz gözlərinizlə görərsiniz ki, bu, hər hansı sadə bir xəstəxana deyil. Orada vəziyyət elə ağırdır ki, bəzən hətta adi cəzaçəkmə müəssisələrindən daha çətindir.

Bir hakimin hökm oxuması anında ən ağır gələn nədir? Qanunun sərtliyi, yoxsa insan taleyi?

– Bu sualın cavabı çox mürəkkəbdir. Sadə bir ailəni götürək. Əgər bir uşaq səhv edirsə, valideyn onu müəyyən qədər danlayır, bəzən də cəzalandırır. Burada “cəza”dan fiziki tədbiri nəzərdə tutmuram — məsələn, “bu gün səni gəzməyə aparacaqdım, amma davranışına görə aparmıram” kimi. Bu, cəzadır, amma həm də tərbiyə üsuludur. Hər halda, cəzanı tətbiq etmək özü çox ağır bir prosesdir. Cəmiyyət bəzən bu prosesi düzgün başa düşmür. Amma həqiqət budur ki, cəzanın tətbiqi şərtləri qanunla nə qədər dəqiq müəyyənləşdirilsə, hakim üçün bir o qədər rahat olar. Çünki cinayət eyni ola bilər, amma cinayətkarlar fərqlidir. Məsələn, Həsən də, Məmməd də adam
öldürüb. Hər ikisi bir güllə ilə cinayəti törədib. Amma Həsən əvvəllər cinayət törətmiş, təkrarən cəmiyyət üçün təhlükə yaradan biridir. Məmməd isə keçmişdə Vətən uğrunda döyüşüb, nümunəvi həyat sürüb. Bunların eyni cəzaya məhkum edilməsi nə qədər ədalətlidir? Bax, cəzanın fərdiləşdirilməsi dediyimiz prinsip də buradan doğur.
Bəzən görünür ki, təqsirləndirilən şəxsin beş uşağı var, ailə vəziyyəti ağırdır – yüngülləşdirici hal kimi dəyərləndirilə bilər. Amma sonra aydın olur ki, həmin şəxs boşanıb, uşaqlara aliment vermir. Bu halda nə üçün bu hal onun xeyrinə qiymətləndirilməlidir? Cəzanı müəyyənləşdirərkən həm yüngülləşdirən, həm də ağırlaşdıran hallar diqqətlə araşdırılmalıdır. Şəxsin özünün kimliyi, keçmişi, həyat tərzi də nəzərə alınmalıdır. Bəli, bu çətindir. Axı hansı “rəqəm” doğrudur? Siz bir hakim kimi düşünürsünüz ki, bu şəxsə 10 il cəza verilsə, ədalətlidir. Başqa birisi deyə bilər ki, səkkiz il daha münasib olar. Hər ikisi də hüquqi çərçivədə ola bilər. Cəzanın fərdiləşdirilməsi hakimin dünyagörüşü, həyat təcrübəsi, işə yanaşması ilə sıx bağlıdır. Həm də cinayəti törədən şəxsin kimliyi ilə. Bəzən qarşıya çıxan şəxs milli qəhrəmandır, böyük xidmətləri var. Bəzən də eləsi olur ki, bu onun dördüncü cinayətidir – əvvəllər də cəza çəkib, yenə də qayıdıb eyni əməli törədib. Qanunda aralıq müddətlərin nəzərdə tutulmasının səbəbi də budur: məsələn, adam öldürmə 5 ildən 15 ilə qədər, ya da ömürlük cəza ilə qiymətləndirilə bilər. Bu aralığı hakim öz peşəkarlığına, təcrübəsinə və işin xüsusatlarına əsaslanaraq müəyyən edir.
Cəzanın fərdiləşdirilməsi çox mürəkkəb bir prosesdir, böyük bir institutdur. Ona görə də bu məsuliyyətli qərarın verilməsi yalnız qanunu bilmək yox, həm də insan taleyini dərindən dərk etməyi tələb edir. Hakim üzərinə böyük bir məsuliyyət götürür. Siz də görürsünüz ki, mətbuatda tez-tez belə xəbərlərə rast gəlirik: birinci instansiya məhkəməsi müəyyən cəza verib, amma apellyasiya instansiyası həmin cəzanı ya bir qədər azaldıb, ya da əksinə, müddəti bir az artırıb.
Bu fərqlər niyə yaranır? Çünki hər bir işin özünəməxsus tərəfləri var. Bu qərarlar fərdi xarakter daşıyır – hadisə eyni olsa da, təqsirlən-dirilən şəxslər, sübutlar, məhkəməyə təqdim olunan hallar müxtəlifdir.
Ona görə də əsas məqsəd yalnız qanuna söykənmək deyil, eyni zamanda ədalətli qərar verməkdir. Qanun çərçivəsi müəyyən sərhədlər qoyur, lakin bu sərhədlər daxilində qərarın ədalətli olması hakimin məsuliyyətidir. Siz özünüz də qeyd etdiniz ki, bəzən eyni xarakterli
hadisələr baş verir, amma nəticələr fərqli olur. Bu da onu göstərir ki, insan amili – həm təqsirləndirilən şəxsin fərdi xüsusiyyətləri, həm də hakimlərin qərarvermə yanaşması mühüm rol oynayır.

– Cinayətləri oxşar olsa da, fərqli insanlar üçün fərqli hökmlər vermək sizə necə təsir edir?

– Yadımdadır, bir dəfə iki gəmi toqquşmuşdu – gəmi kapitanları haqqında cinayət işi açılmışdı, mən istintaqa cəlb olunmuşdum. Başqa bir işdə universitet müəllimi tələbədən rüşvət almışdı – onun istintaqını aparırdım. Elə bir hadisə də olmuşdu ki, dəfələrlə ölüm hadisəsi törətmiş bir narkomaniya asılısı ilə bağlı araşdırma aparırdım. Başqa bir istintaqda isə mühəndis idi, bəzən isə elə təşkilatın işçisi olurdu ki, hətta o təşkilatın varlığından belə xəbərim yox idi.
İndi təsəvvür edin, müstəntiq bu şəxslərin hamısının keçmişini, peşəsini, ətrafını, aid olduğu sahəni öyrənməlidir. Əgər müstəntiq bu sahələri dərindən bilmirsə, o zaman işi düzgün istiqamətə yönəltmək mümkün deyil. Bir əhvalat danışım sizə. Bu hadisə Azərbaycanda yox, Moskvada baş vermişdi. SSRİ Səhiyyə Nazirliyinin baş uroloqu cinayət məsuliyyətinə cəlb olunmuşdu. Belə ki, saxta olaraq böyrəkdə vərəm xəstəliyi diaqnozu qoyur, xəstələri yalancı əməliyyat edirdi. Kəsir, tikir, ad qazanır, “Əməkdar elm xadimi” adına layiq görülür, elmlər doktoru olur.
Bu işi isə cavan bir qadın – Moskva şəhər Prokurorluğunun müstəntiqi aparırdı. Biz təcrübə mübadiləsində olarkən o qarşımızda çıxış etdi. Dedi ki, “Mən bu işə başlayanda urologiya sahəsində nə qədər kitab varsa, hamısını oxudum. Mütəxəssislərlə məsləhətləşdim. Çünki mən bu sahənin elmlər doktoruna qarşı cinayət işi aparırdım. O səviyyədə məlumatlı olmalı idim ki, onunla eyni dildə danışa bilim”. Görürsünüzmü, bəzən istintaq zamanı qarşına adi bir yeniyetmə çıxır, bəzən isə yüksək intellektli, vəzifəli biri. Amma müstəntiq hər bir halda eyni adamdır. Qarşındakı şəxsin səviyyəsi dəyişsə də, sən onun dilində danışmağı bacarmalısan. Eyni qayda jurnalistlər üçün də keçərlidir. Siz də müxtəlif sahələrdən, fərqli dünyagörüşünə malik insanlarla ünsiyyətdə olursunuz — biri mühəndisdir, biri həkim, biri hüquqşünas. Müsahibə zamanı onlarla effektiv və düzgün ünsiyyət qurmaq üçün onların sahəsini az-çox bilməli, onların dili ilə danışa bilməlisiniz.
Bir misal da çəkim. Şəxsi dindirdiyimiz zaman əvvəlcə anket məlumatları toplanır. Bir dəfə tanınmış elm xadimini dindirirdim.
Axırıncı sual belə idi: “Əvvəllər məhkum olunmusunuzmu?” O sualdan çox narahat oldu, qəzəblə soruşdu: “Siz məni tanımırsınız? Mən məhkum olmuş adamam?” Dedim ki, bu sual formaldır, cavab yazılmalıdır. Yazdım: “Öz dediyinə görə, məhkumluğu olmayıb”. Elə olurdu ki, növbəti dindirdiyim şəxs narkotik asılısıdır, qətl törədib. Soruşuram: “Məhkum olunmusunuzmu?” Cavab verir: “Əlbəttə, olunmalıyam!” Eyni sual, amma tam fərqli yanaşma. Ona görə də biz müstəntiqlər bir növ həm də psixoloq olmalıyıq. Eyni zamanda hansı sahə ilə bağlı istintaq aparırıqsa, o sahəni dərindən öyrənməliyik. Qarşımızdakı şəxslə düzgün ünsiyyət qurmaq, ona uyğun davranış tərzi müəyyənləşdirmək üçün bu vacibdir.

Sizcə, cəza həmişə ədalət deməkdir?

– Cəzanın ədalətliliyinin hərə bir cür baş düşə bilər. Amma nəticə etibarilə bir şəxsin cinayət işinə hüquqi qiymət verib, ona cəza təyin edən hakim həmin işin bütün hallarını araşdıraraq qərar verir. Burada subyektiv fikirlər qaçılmazdır. Cəza alan şəxs özü üçün bu qərarı ədalətli də saya bilər, ədalətsiz də. Yəni bu məsələyə tam obyektiv yanaşmaq çətin məsələdir.
Amma bir prinsip dəyişməzdir: cəzalar qanun çərçivəsində olmalıdır. Bütün hallarda, istər fərdin öz baxış bucağından, istərsə də cəmiyyətin gözündə, cəza qanunun tələbinə uyğun olmalıdır. Eyni zamanda onu da qeyd edim ki, qanunun özü də ədalətli olmalıdır. Bəzən cəzanın ədalətli müəyyən edilməsi üçün hakimlər çətinliklərlə üzləşirlər. Məsələn, qanunda yazılır: “Cinayətə görə 3 ildən 5 ilə qədər azadlıqdan məhrumetmə.” Bu halda hakimə yalnız üç seçim qalır: 3, 4 və ya 5 il. Halbuki cinayəti törədən şəxslər fərqlidir – onların şəraiti, motivləri, keçmişi eyni deyil. Mənim fikrimcə, bəzi hallarda aşağı cəza həddi göstərilməməlidir. Hakimə daha geniş səlahiyyət verilməlidir ki, konkret şəxsə uyğun cəzanı özü müəyyən edə bilsin. Məsələn, elə hallar olub ki, cinayət törədən şəxs hər iki ayağını itirmiş biri olub. Belə şəxsi azadlıqdan məhrumetmə müəssisəsində saxlamaq, ona qulluq göstərmək özü də ciddi çətinliklər yaradır. Onu digərləri ilə eyni müəssisədə saxlamaq da həmişə mümkün olmur. Nəticə etibarilə, bir hakim “mən ədalətli cəza verdim” deyə bilər. Cəza almış şəxs isə bunun əksini düşünə bilər. Bütün bu mübahisələrə yekun nöqtəni yalnız bir prinsip qoya bilər: Əgər qanun ədalətli hazırlanıbsa, cəzanın tətbiqi də ədalətli olacaqdır.

Bəs indiyə kimi təcrübənizdə yaddaşınızda ən çox qalan, vicdanınıza toxunan bir məhkəmə işi olubmu?

– 
Saysız-hesabsız məhkəmə işlərində iştirak etmişəm. Elə işlər var ki, onlar cəmiyyətə bəlli olur, ictimai marağa səbəb olur. Amma elələri də olur ki, hadisə törənir, istintaq aparılır, iş məhkəməyə göndərilir, cəza təyin olunur, amma cəmiyyətin bundan xəbəri olmur. Yəni ictimai diqqət baxımından işlər bir-birindən fərqlidir. Təcrübədə belə hadisələr çoxdur. Birini xüsusi qeyd etmək istərdim – Xəlil Rzanın bərəsində olan iş. O, azadlıq carçısı idi. Moskvadan gəlib Azərbaycanda həbs edilmişdi. Təkcə o yox, bir neçə şəxs birlikdə həbs olunmuşdu. Onların hamısını sadalamağa ehtiyac yoxdur. Bu iş üzrə təqsirləndirilən şəxslər uzun müddət Lefortovo həbsxanasında saxlanıldı. Biz həmin işə baxanda aydın oldu ki, onun əməlində cinayət tərkibi yoxdur. Nəticədə, biz ona bəraət verdik. Bu hadisə hələ də müxtəlif mətbu orqanlarda qeyd olunur, haqqında yazılar yazılır. Məsələn, jurnalist Aydın Ağazadənin “Cəlad aman istəyir” adlı kitabında bu məsələ geniş şəkildə əksini tapıb. Orada qeyd olunur ki, əgər o vaxt Xəlil Rza məhkum olsaydı, SSRİ dönəmində bu, ədalət məhkəməsinin üzərində qara ləkə kimi qalacaqdı. Amma biz ona bəraət verdik və tariximizə qara ləkə düşmədi.

Hökmü elan edəndən sonra özünüzlə baş-başa qaldığınız anlar olubmu? Bu zaman özünüzü necə hiss etmisiniz?

– Açıq deyim, bu hiss hər kəs üçün keçərlidir. Hər hansı bir cəza veriləndə, cəzanı verən adam heç də xoş əhval-ruhiyyədə olmur. Öz- özünə sual verirsən: Bu əməl niyə cinayət sayılır? Hadisəni şəxs niyə törədib? Bir hadisəni tam detallı olmasa da, danışım. Elə bir iş olmuşdu ki, Tofiq adlı şəxs öz xəstə bacısını öldürüb həyətində basdırmışdı. Anası bu hadisəni görmüş və qızının basdırıldığı yeridə daim ağlayırdı. Qız itkin düşmüş şəxs kimi qeydə alınmışdı. Sonradan həmin şəxs anasını da öldürür və bu dəfə dəfn yerini dəyişdirir. Əncir ağacının altında basdırır. Hətta atasını da öldürmək istəyirmiş, lakin bu plan baş tutmamış və işin üstü açılmışdı. Sonradan məlum oldu ki, həmin ailədə əvvəlcə həyat yoldaşı intihar edib, sonra isə bu şəxs yenidən evlənib və o qadın da evdən qaçıb. Bu cinayət işində mən dövlət ittihamçısı kimi çıxış edirdim. Bu qədər amansızlıqdan sonra, təbii ki, ölüm cəzasını tələb etdim və məhkəmə də bu cəzanı verdi. Hökm icra olundu. Amma həmin hadisənin təfərrüatları, məhkəmə prosesi zamanı yaşananlar yaddan çıxmır.
Məhkəmə Gülçülük Sovxozunun klubunda keçirilirdi. Zalda əsasən qadınlar iştirak edirdi. Hadisənin detallarını dinlədikcə, xüsusən də ölənlərin ailə üzvlərinin çıxışlarını eşitdikcə, göz yaşlarıma hakim ola bilmədim. Özümü tutmaq çox çətin idi. İnsanıq axı... Hadisəyə nə qədər yaxınsan, o qədər çox təsirlənirsən. Hakim, prokuror, müstəntiq – biz də insanıq, hiss edirik. Bəli, bir tərəfdən qatilə qarşı nifrət də var, amma bu nifrət cəzaya təsir etməməlidir. Paralel olaraq, haqsız yerə həyatını itirən insanlara da acıyırsan. Bu hisslər bir- birinə qarışır və çox ağır olur. Elə bilirsiniz, biz hər zaman sakit və rahat əhval-ruhiyyədə ola bilirik? Məsələn, bir dostumun oğlu bir dəfə mənim barəmdə xatirə yazmışdı. O, bizim evdə olmuşdu və o gün məni çox pis vəziyyətdə görüb, amma səbəbini bilməmişdi. Sonradan öyrənmişdi ki, həmin gün ağır bir məhkəmə prosesindən çıxmışdım. Bəzən görürsən biri ağlayır, diğəri isə gülür. İnsanların reaksiyaları müxtəlifdir. Amma bizim üçün bu işlər asan deyil. Hər bir cinayət hadisəsi həyatımızda öz izini qoyur.

Bəs indiyə kimi unutmadığınız bir cinayət işi varmı?

– Mən sizə bir şey deyim. Valideynə sual verirlər ki, “uşaqlarından hansını daha çox sevirsən?” Onlar cavab verə bilmirlər, çünki hamısı əzizdir. Eləcə də mənim üçün apardığım cinayət işlərinin hər biri bir övlad kimidir. Təsəvvür edin, həyatım boyu gördüyüm işləri qələmə aldım. O kitabı yazanda elə bil ki, bütün hadisələri yenidən yaşadım. Hər bir işi bir-bir xatırladım. Soruşurlar ki, “Bunları necə yadında saxlamısan? Qeydiyyat aparmısan?” – Yox! Heç bir qeydiyyatım olmayıb. Hər şey hafizəmdədir. Çünki onlar mənim üçün sadəcə iş deyil. Onlar həyatımın bir parçasıdır. Elə işlər olub ki, övladımı dəfn edib birbaşa işə qayıtmışam, çünki həmin işi yarımçıq qoymaq istə-məmişəm. Bu səbəbdən də deyə bilmərəm ki, hansısa işi unudaram. Heç biri unudulmaz deyil. Hər biri yaddaşımda, qəlbimdədir.

Sizcə cinayətkara həmişə cəza ilə cavab verilməlidir, yoxsa bəzi hallarda şəfqət də göstərilməlidir?

– Bu çox yaxşı sualdır. Cinayət qanunu özü humanist bir yanaşma üzərində qurulub. Yəni cəzanın məqsədi şəxsi təkcə cəzalandırmaq yox, həm də islah etməkdir. Bəzən əfv fərmanları verilir, amnistiya aktları qəbul olunur, yaxud qanunda nəzərdə tutulan minimumdan daha yüngül cəza tətbiq edilir. Bu halların hamısı qanunun humanizm prinsipindən irəli gəlir. Əsas məsələ şəxsin törətdiyi əməldən sonra özünü necə aparmasıdır. Əgər peşmandırsa, davranışları düzəlibsə, 
cəmiyyət üçün təhlükə yaratmırsa, yararsız deyilsə – bəli, şəfqət göstərilə bilər. İnsan cinayətkar doğulmur. Hamı eyni şəkildə doğulur, amma sonradan həyat yolu onları fərqli istiqamətlərə aparır. Elə ailələr olur ki, beş-altı uşaq böyüyür – eyni tərbiyəni alırlar, eyni mühitdə yaşayırlar. Amma birisi cinayət törədir, o biri yox. Bu da göstərir ki, məsələyə fərdi yanaşmaq lazımdır. Dinimizdə də bağış-lamaq, mərhəmət göstərmək prinsipləri var. Əsas odur ki, insan törətdiyi əməldən nəticə çıxarsın və islah olsun. Bəli, bəziləri peş¬man olur və cəmiyyətə yenidən inteqrasiya edir. Amma peşman olmayanlar, hətta cinayəti təkrar edənlər də var. Buna görə də, hər bir hadisə ayrıca qiymətləndirilməlidir.
Müsahibəni götürdü: Aydan Məmmədova
Hazırladı: Xumar Emilqızı 
Top