"Əgər yaşamaq istəyiriksə, unutmağa haqqımız yoxdur."


Onun filmləri yalnız vizual estetikası ilə deyil, verdiyi dərin mesajlarla da tamaşaçı yaddaşında iz buraxır. Tarixi faktların kölgəsində gizlənən insan taleləri, unudulmuş qəhrəmanlar və vətən sevgisi – bütün bunlar kino rejissoru Kamalə Musazadənin yaradıcılıq yolunun başlıca qayəsidir. Bu müsahibədə biz onun yaradıcılığının motivlərini, ilham qaynaqlarını və sənətə yanaşmasını araşdırdıq. EmpaTV.az olaraq sənətkarla səmimi və düşündürücü bir söhbət apardıq._

 — Yaradıcılıq yolunuzda müşahidə etdiyimiz əsas xətt — vətənpərvərlik, tarix və milli şəxsiyyətlərə bağlılıqdır. Bu istiqaməti seçməyə sizi nə təşviq edib?

- Mənə görə vətənpərvərlik hər bir azərbaycanlının qəlbində olmalı olan hissdir. Çünki biz buna məcburuq. Əgər bu torpaqlar hələ də təhdid altındadırsa, biz susa bilmərik. Mən işğal altında olan torpaqları sadəcə 30 il əvvəlki hadisələrlə məhdud hesab etmirəm. Bildiyiniz kimi, Azərbaycan bəlkə də dünyada yeganə dövlətdir ki, onun hazırkı
sərhədlərinin o biri tərəfində də öz tarixi torpaqları yerləşir. Bu səbəbdən vətənpərvər olmaq bizim borcumuzdur. Bəlkə də bu, bizim taleyimizdir – əsrlərlə yaşadığımız faciələrin nəticəsidir.
Vətən sevgisi mənim üçün uşaqlıqdan başlayıb. Mən orta məktəbi Ağstafa rayonunun Vurğun kəndində (əvvəllər Kalininkənd adlanırdı) bitirmişəm. Bu kəndi 200 il əvvəl Qafqaza gəlmiş almanlar salıblar və almanca Krünfeld adlanıb. Rayonumuzda iki belə alman kəndi olub. Kirovka, indi Həsənsu kəndində almanlar tərəfindən tikilmiş məktəb fəaliyyət göstərirdi və mən həmin məktəbin rus bölməsində oxumuşam. O məktəbdən bir çox tanınmış ziyalılar, o cümlədən millət vəkilləri çıxıb. Hətta Xalq şairi Nəriman Həsənzadə də həmin məktəbin məzunudur.
Mənim nənəm və babam Qərbi Azərbaycanın Qaraqoyunlu mahalında yerləşən Çəmbərək rayonunun Gölkənd kəndindən idilər. Hətta 1925-ci ildən 1937-ci ilədək Atamın əmisi Məşədi Musa oğlu Çəmbərək (Krasnoselsk) rayonunda yüksək vəzifədə işləyib. 1937-ci ilin repressiya dalğası onun da həyatını məhv edib. Məzarının yeri də bilinmir.
Ancaq anamın anası və atamın atasının məzarları o kənddə - Gölkənddədir. Amma bu gün o torpaqlara getsəm belə, onların məzarlarının yerini tapa bilmərəm. Çünki qonşu ermənilər həmin qəbiristanlıqları dağıdıblar. Bu səbəbdən uşaqlıqdan mənim vətən anlayışım o torpaqlarla bağlı olub. 1988-ci ilədək ailəlikcə oraları tez-tez ziyarət etmişik.
Eyni zamanda, uşaq yaşlarımdan incəsənətə böyük marağım var idi. Məktəbdə sovet dönəmində keçirilən bayramlarda rejissorluq edir, tədbirlər təşkil edirdim. Ağstafada – Dəmir yol vağzalının yanında bir kitab mağazası vardı. Anam mənə pul verəndə, onu yığıb gedib kitab alırdım. Xüsusilə kino haqqında kitablar marağımı çəkirdi.
Bir dəfə Larisa Şepitko adlı qadın rejissor haqqında bir kitab oxudum. O, 41 yaşında avtomobil qəzasında vəfat etmişdi. Kitabı onun həyat yoldaşı – rejissor Elem Klimov onun haqqında yazmışdı. Həmin kitabda müharibə mövzusunda çəkilmiş filmlərin şəkilləri vardı. Mən bu xanımın çəkdiyi filmləri görəndə qərara gəldim ki, böyüyəndə rejissor olub, xalqımızın qəhrəman qadınları haqqında filmlər çəkəcəyəm.
Uşaqlıqda sinif yoldaşlarım arasında ermənilər də vardı. Onlardan biri – oğlan, daha sonra eşitdiyimə görə, Qarabağda erməni tərəfdən döyüşüb. Bizim sinif yoldaşımız olan Rahib Novruzov isə Birinci Qarabağ müharibəsində şəhid oldu. Həmin illərdə içimdəki vətən sevgisi daha da dərinləşdi.
Sonra ikinci təhsilimi Mədəniyyət və İncəsənət Universitetinin kinorejissorluq fakültəsində dünya şöhrətli professor Eldar Quliyevin sinfində aldım. İlk filmimi Qazaxda 1992-ci ildə şəhid olan Qaratel Hacımahmudova haqqında çəkdim. 2002-ci ildən bəri, yəni 23 ildir ki, şəhidlər və vətənpərvərlik mövzusunda sənədli filmlər çəkirəm. Bu sahədə çox əziyyətlər çəkmişəm. Montajı bilmirdim, amma öyrəndim. Öz filmlərimi özüm montaj edirdim, çünki bu sahəyə hər kəs maraq göstərmirdi. Hərdən operatorluq da edirdim, montaj işini də özüm görürdüm. İndi də filmlərimi özüm evimdəki kompyüterimdə montaj edirəm.
Azərbaycan Televiziyasında, İctimai Televiziyada çalışmışam. Muğam ifaçıları və muğam tarixi haqqında da filmlər çəkmişəm. Bu o demək deyil ki,
yalnız şəhidlər haqqında işləmişəm. Məsələn, Cabbar Qaryağdıoğlunun məzarı ilə bağlı məsələni 2000-ci illərdə araşdırmışdım. Onun məzarı 65 il gizli qalıb, yeri bilinməyib. Mən bu məsələni araşdırıb prezidentə ünvanladım. Uzun əziyyətlərdən sonra məsələ həll olundu. İndi məzarı üzərində abidə ucalır. Bu barədə iki film çəkdim. Birincisi Mədəniyyət Nazirliyinin xətti ilə "Cabbar Qaryağdıoğlu", digəri isə Azərbaycan Televiziyasında “Ecazkar səsin abidəsi" adı ilə yayımlandı və bu gün də göstərilir.

— Hər sənədli film, eyni zamanda, müəllifin daxili dünyasının bir aynasıdır. Sizin işlərinizdə də bu dünyadan izlər aydın şəkildə hiss olunur. Filmlərinizlə tamaşaçıya nə demək, onları hansı suallar üzərində düşünməyə təşviq etmək istəyirsiniz?

- Təbii ki, hər bir yaradıcı insanın ortaya qoyduğu
əsər – istər rəsm, istər tamaşa, istər kitab, şeir, bədii əsər, roman və ya film olsun – onun iç dünyasını əks etdirir. Bu əsərlər müəllifin duyğularını, düşüncələrini, arzularını və yaşadığı həyat təcrübələrini əks etdirir. Bu tamamilə təbiidir.
Mən şəhidlər haqqında filmlər çəkirəm. Tamaşaçıya vermək istədiyim əsas mesaj isə vətənpərvərlik hissidir. Çünki bizim başqa yolumuz yoxdur. Əgər tariximizin müxtəlif dövrlərində bizə "qonşu" kimi təqdim edilən haylar (ermənilər) bizim torpaqlarımızda dövlət yaradıblarsa və zamanla bu dövləti yenə bizim torpaqlar hesabına genişləndirməyə çalışıblarsa, biz yalnız və yalnız bir çıxış yolu görməliyik – vətənpərvərlik və milli oyanış. Biz sadəcə borclu deyilik, biz məcburuq ki, xalq olaraq hər birimiz, hətta yetmiş yaşımıza qədər belə, bir əsgər kimi hazır olaq.
Mən sovet dövründə beynəlmiləl ruhda böyümüş bir insanam. Amma zaman göstərdi ki, biz nə qədər unutsaq da, qarşı tərəf heç vaxt unutmur. Tarixi fürsət düşən kimi bizi xalq, millət və dövlət olaraq məhv etməyə hazır olurlar. Tarix də bunu sübut edib. Onlar bizimlə çörək kəsib, sonra isə çörək yedikləri
qaba tüpürəcək qədər nifrətlə dolu olublar. Biz bundan sonra əvvəlki kimi davrana bilmərik. XX əsrin əvvəllərindən etibarən torpaq itirə-itirə gəlirdik. Amma bir qarışını belə geri ala bilmirdik. Nəhayət, tarixin hökmü ilə biz bu anı yaşadıq. Bu günlər bizə böyük dərs olmalıdır. Ən azından şəhidlərimizin xatirinə biz dəyişməliyik.
Biz dəfələrlə bizə qarşı olan faciələrimizi unutdurublar, aldadılmışıq. Amma artıq unutmaq haqqımız yoxdur. O millətlə təkrar dostluq münasibəti qurmaq, onları yenidən qucaqlamaq haqqımız yoxdur. Bəli, Azərbaycanda yaşayan bütün xalqlar bizim qardaşımızdır. Amma bəhs etdiyim millət istisnadır. Sovet dövründə belə, bizim oğlanlarımız onların qızları ilə ailə qurub, övlad sahibi olublar. Amma bu, həqiqəti dəyişmir. Mən siyasətə keçmək istəmirəm, amma bu sözlərim tam da çəkdiyim filmlərin mahiyyətindən doğur.
Mən bu filmlərdə şəhidlərin həyatını dərindən araşdırmışam. Onların heç biri ölümə doğru deyil, yaşamağa doğru gedirdi. Onlar musiqiçi, sənətkar, mühəndis ola bilərdi. Məsələn, Şuşalı şəhid Ramiz Qəmbərovun bir neçə barmağı kəsilibmiş, amma
möhtəşəm tar çalırmış. O, Süleyman Ələsgərov kimi bəstəkarların diqqətini çəkmişdi. Amma Şuşa işğal ediləndə əlinə silah almağa məcbur oldu. Bakıda tələbə olub və dövlət imtahanında diplom müdafiəsin belə qoyub, doğma şəhərini Şuşanın müdafiə etməyı gedib. Onun məzarı indi Şuşada – Cıdır düzündə yerləşir. Təəssüf ki, bu gün həmin qəbir yerlə yeksan edilib, mən Şuşada olanda oranı ziyarət etdim. Bakıda Şəhidlər Xiyabanında onun rəmzi məzarı var.
"Qəhrəmanlıq zirvəsi" adlı filmimin qəhrəmanı Bərdəli Səfiyar Behbudovun uşaqlıq xatirələri də mənə çox təsir edib. Bir gün o, küçədə ermənilərin “Türk qanı kimi şirin idi” dediyini eşidib, nənəsinə bu sözün mənasını soruşur. Bu cümlə onun beynində iz salır. O, soruşur: “Biz niyə unutmuşuq, amma onlar unutmur?” Bu sual onun içində illərlə qalıb. Milli Azadlıq Hərəkatı başlayanda isə bu uşaq artıq gənc bir döyüşçü kimi silaha sarılıb.
Mən bu filmlərlə göstərmək istəyirəm ki, bu insanlar sadəcə döyüşçü deyildi. Onlar ruhən, mənən və psixoloji olaraq bu günə hazırlanmışdı. Uşaqlıqda alınan travmalar, tarixi yaddaş və ailə tərbiyəsi onları
bu yola çıxardı. Mən heç bir zaman tamaşaçını “erməniyə nifrət edin” mesajı ilə yükləmirəm. Əksinə, faktlarla, sənədlərlə göstərirəm ki, bu insanlar müharibə üçün doğulmayıb, amma müharibə onlara zorla qəbul etdirilib. Onlar sevdiklərini, vətənlərini, namuslarını qorumaq üçün döyüşüblər.
Bu filmlər vasitəsilə bir xalq olaraq unutmaq haqqımızın olmadığını demək istəyirəm. Əgər sağ qalmaq, mövcud olmaq, yaşamaq istəyiriksə – millət kimi, dövlət kimi – başqa yolumuz yoxdur.

— Bəzən bir ideya illərlə insanın içində dolaşır, bəzən də bir anlıq təsirlə doğulur. Sizdə "bu filmi mütləq çəkməliyəm!" fikrini yaradan nədir? O daxili çağırışın mənbəyi haradandır?

- Uşaqlıqda baxdığım bir film vardı, elə ağlamışdım ki...Həmin Larisa Şepitkonun müharibə haqqında çəkdiyi "Vosxojdeniye" - "Восхождение" bədii filmi. O film mənə çox təsir etmişdi. Müharibə
mövzusunda psixoloji dərinliyi olan filmlər məni hər zaman təsirləndirib. Hər mövzuya maraq göstərə bilmirəm, amma müharibə, xüsusilə də döyüşgən ruhunu əks etdirən mövzular mənim içimdə əks-səda doğurur. Deyəsən bu, mənim təbiətimlə, ruhumla bağlıdır.
Amma mən elə bir film çəkmək istəyirəm ki, onu heç kim çəkə bilməz. Həqiqətən, ən gözəl söz hələ deyilməyib. Bilirsinizmi, uşaqlıqdan bəri Bəxtiyar Vahabzadənin Muğam poemasını dəfələrlə oxumuşam. O poemada "Rast", "Şur", "Segah", bir də "Çahargah" muğamı haqqında elə poetik, təsvirli hisslər var ki, bu mənim yaddaşıma həkk olunub.
Uşaqlıqdan etibarən bu poemanın kinematoqrafik həllini düşünmüşəm. Arzu etmişəm ki, bir gün onu film kimi çəkim. Muğamı çox sevmişəm. Hətta uşaqlıqdan səsim də vardı. İslam Rzayevin sinfində oxumuşam. Hələ də içimdə az da olsa muğam sədası qalıb. Mən muğamı Allahdan gələn bir əks-səda kimi hiss edirdim. Rəhmətlik Əlibaba Məmmədov deyirdi ki, “Mən nə qədər mahnılar yazmışam, ancaq bir muğam yarada bilməmişəm...”
Muğam bu xalqın ruhudur. Xalq mahnısının müəllifi ola bilər, amma muğam sanki ilahidən gələn əks-sədadır, ilahi sevgidən doğan musiqilərdir. İnsan onu sadəcə maddiləşdirir.
Muğam mənimçün bu qədər müqəddəs olduğu üçün uzun illərdir üzərində düşünürəm. 2020-ci ildən sonra, xüsusilə "Çahargah" muğamı üzərində daha dərindən işləməyə başladım. Ola bilər ki, hələ o filmi çəkməyə hazır deyiləm. Bəlkə də film özü hələ dünyaya gəlməyə hazır deyil. Çünki hazırda montajını gözləyən filmlərim var. Amma ürəyimdə yaradıcı bir arzum var – muğamı ekranlaşdırmaq, onu film şəklində təqdim etmək, Muğam-film yaratmaq istəyirəm.
Bu muğamı xalqımızın 200 ildən sonra qazandığı zəfərlə əlaqələndirmək istəyirəm.

— Sənədli film həm reallığın izini sürür, həm də bir sənət əsəri kimi formalaşır. Həqiqəti demək və onu bədii şəkildə təqdim etmək bəzən çətinlik yaradır.
Siz bu iki dünyanın – reallıq və incəsənətin – sərhədini necə müəyyənləşdirirsiniz?

- Çox gözəl sualdır. Mən, ümumiyyətlə tarixi filmlərin olduğu kimi təqdim olunmasının tərəfdarıyam. Sağlam incəsənət reallığın inikası olmalıdır. Xüsusilə, şəhidlər haqqında çəkilən sənədli filmlərdə bizim öz fantaziyamıza əsaslanaraq nələrsə əlavə etmək haqqımız yoxdur. Çünki bu, təkcə bir hekayə deyil – bu, tarixdir. Bu, Qarabağ müharibəsinin tarixidir, Azərbaycanın hərb tarixidir. Bizim çəkdiyimiz qəhrəmanlar – milli qəhrəmanlar, şəhidlər – bunlar artıq tarixi şəxsiyyətlərdir. Onlar Azərbaycan tarixinin ən müqəddəs səhifələrində yer alıblar.
Mən, ümumiyyətlə, oyun filmlərinin sənədli mövzularda bədiləşdirilməsinin tərəfdarı deyiləm. Ola bilər, bəzi hallarda kiçik bədii əlavələr olsun – məsələn, şəhidin sevgilisinin məzarına gül qoyması kimi. Bu, bəzən simvolik və poetik ola bilər, amma yenə də reallığın sərhədlərini aşmamalıdır. Tarixi olduğu kimi vermək lazımdır. Bunun üçün əziyyət çəkmək, araşdırma aparmaq, hərbi hadisələrin gedişatını düzgün öyrənmək lazımdır.
Əslində 2020-ci ilə qədər bizim həm işğal, həm də dirçəliş tariximiz var. Biz bu dövrləri olduğu kimi, heç nəyi gizlətmədən göstərməliyik. Həmin qəhrəmanlar artıq sadəcə insanlar deyil – Azərbaycan tarixinin şəxsiyyətləridir. Onları da məhz olduğu kimi, reallığı ilə verməliyik.
Əlbəttə, filmdə tamaşaçı üçün maraqlı elementlər olmalıdır. Amma bu maraq uğruna tarixi saxtalaşdırmaq olmaz. Yaradıcı yanaşma lazımdır ki, hadisə həm olduğu kimi qalsın, həm də qəhrəman şəxsiyyətin xarakteri tamaşaçıya açılıb göstərilə bilsin. Mən buna nail olmağa çalışmışam. Nə qədər bacarmışam – bunu tamaşaçılar deyə bilər.
Məncə, bədii əsərlərdə də, filmlərdə də tarixi mövzu işlənirsə, tarixin özünə sadiq qalmaq lazımdır. Mənim bir dəfə çox tanınmış, nüfuzlu bir insanla söhbətim oldu. O, bir dövlət xadimi haqqında dedi ki, “Onun ölümü belə olub, amma əsərdə başqa cür verilib.” Bu zaman mən düşündüm ki, bəzən biz reallıqdan utanırıq, onu gizlədirik. Məncə, bu, doğru deyil. Əgər hansısa hadisə bizim üçün utancvericidirsə, onu ümumiyyətlə göstərməmək
olar. Amma göstərilirsə – doğru təqdim olunmalıdır.
Eyni zamanda, biz tarixi şəxsiyyətlərimizi dünyaya onların müsbət tərəflərilə tanıtmalıyıq. Yaradıcı insanlara çağırış edirəm – kino çəkənlərə, yazarlara, sənət adamlarına. Gəlin, bizə qələbə hissini yaşadan, bizə azadlıq daddıran şəhidlərin həyatına müraciət edək. Onların həyatları o qədər dərin, o qədər təsirlidir ki, inanın, heç bir süni, "sabun köpüyü" kimi mövzularda film çəkməyə ehtiyac yoxdur.
Əgər bir yaradıcı insan uğur qazanmaq istəyirsə, şəhidlərin – 18, 20, 30 yaşında həyatını vətənə qurban vermiş gənclərin həyatına baxsın. Onlardan yazsın, onları çəksin. O zaman həm onları yaşatmış olacaq, həm də bizim yaddaşımızda onların familiyası yaşayacaq. Bu mövzular tükənməzdir. Sadəcə baxmaq, duymaq, hiss etmək lazımdır.
Düzünü desəm, mən televiziyalara çox da baxmıram. Orada nə qədər serial gedir, hansı verilişlər var – vallah, xəbərim yoxdur. Bəlkə də hansısa serial bir hadisə kimi təqdim olunur, amma mənə maraqlı deyilsə, izləməyə dəyməz. Çünki çox
vaxt yüngül və mənasız mövzular efirdə yer alır.

— Sizin "İki yüz illik gizli tarix" tammetrajlı sənədli filminizə də toxunmaq istərdim. Filmin həm adı, həm də içindəki materiallar cəmiyyətə güclü mesaj verir. Filmdə üzə çıxardığınız "gizli" tarix hansı səbəblərdən bu qədər uzun müddət susdurulub? Sizcə, bu sükut niyə bu qədər davam edib?

- Əslində bu, bütün dünyada bilinən bir həqiqətdir. Sadəcə olaraq, qeyd etdiyiniz kimi, söhbət dini-tarixi bir filmdən gedirsə, ona yanaşma da daha həssas və dərin olmalıdır. Burada söz birbaşa tarixi şəxsiyyətlərin həyatından getməsə də, onların dünyagörüşü, mənəvi yolu həmin təlimin içindən keçib. Məsələn, Hüseyn Cavidin "İblis" əsərində deyilir: “Kəssə hər kim tökülən qan izini, qurtaran dahi odur yer üzünü.” Bu, təkcə ədəbiyyat deyil – bu bir fəlsəfədir. Bu bir tamaşa deyil, bu bir mövqedir, çağırışdır.
Bu, çox dərin məsələdir və onu iki cümlə ilə izah etmək mümkün deyil. Məsələn, Mirzə Ələkbər
Sabirin satirik şeirlərində də maarifçi düşüncə ilə dini fanatizm arasında sərt qarşıdurmanı görürük. Onun “Oxutmuram, əl çəkin..." və yaxud, "Dini-imanı azıbdır, babıdır...” sətirləri o dövrün maarifpərvər insanları dini savadla cahil fanatizmi ayırd edə bilirdilər. Qurani-Kərimdə “ikra” – “oxu” əmri ilə başlayan bir kitab varsa, bu artıq elmin, inkişafın başlanğıcıdır. Əl-bəqərə surəsindən başlayaraq Quran, əslində, düşüncəyə və tərəqqiyə çağırır.
200 il əvvəl baş verən bir hadisə bu gün dünyanın 250-dən çox ölkəsində rəsmi qəbul olunub və dinlər içində İslamdan sonra ən geniş yayılan təlimə çevrilib. Bu təlim dünyanı, bəşəriyyəti birliyə, dostluğa, sülhə çağırışdır. Hüseyn Cavidin "Gülbahar" adlı şeirində də bu fikir açıq-aydın görünür...
Filmdə belə bir səhnə var idi – yer kürəsi bir uşağın ovcunda şar kimi yerləşir. O uşaq – bəşəriyyətin simvoludur. Dünya onun ovuçlarında o qədər kiçik və həssas görünür ki... Amma biz bu aləmi nüvə bombalarıyla, millətlərarası nifrətlə, qırğınlarla məhv edirik. Halbuki bu dini təlim, bu fikir sistemi insanı insana qarşı deyil, birlik və anlayışa doğru
yönləndirir. “Artıq yetər..." deyir. İnsan insanı qırmaqdan əl çəkməlidir.
Filmin hazırlanması isə uzun və çətin yol oldu – düz doqquz il. Abşeron yarımadasını qarış-qarış gəzdim ki, bir səhnə üçün uyğun yer tapa bilim. Amma nə qəribədir ki, hər gün keçdiyim bir yerdə, yuxuda gördüyüm məkanda onu tapdım. Şəhidlər haqqında olan filmlərin çəkilişində də dəfələrlə mistik hallarla qarşılaşırdım. Elə bil ki, bu film mənim deyil, bir başqa güc tərəfindən yaradılırdı. Mən sadəcə vasitəçi idim.
Hər dəfə çəkilişə başlayanda bir maneə çıxırdı, amma sonra elə bir fürsət yaranırdı ki, o maneənin səbəbini anlayırdım. Filmin ssenarisi sanki özü-özünü yazırdı. Hətta təqdimat tarixini də təsadüfən 21 fevrala salmışdıq. Hava şəraitinə görə təqdimat təxirə düşdü. Sonra dostlarla danışdıq və qərara gəldik ki, yaza keçirək. Və film elə bir tarixdə təqdim olundu ki – 2 May – bu dinin peyğəmbəri Hz. Bəhaullanın Rizvan bağında peyğəmbərliyinin elan olunduğu günə təsadüf etdi. Rizvan – güllü-çiçəkli bir bağ deməkdir, həm də peyğəmbərin yeni dövrə çağırış etdiyi müqəddəs gündür. Bundan daha
mistik, daha mənalı bir təsadüf ola bilərmi? Bəzən biz çox çalışırıq, plan qururuq, amma yaradan ssenarini özü yazır. Mən sadəcə bir vasitəçi olmuşam.

— Söhbətimizin sonunda bir az fərqli sual vermək istərdim. Çünki həmişə düşünürəm ki, müsahibələrdə bəzən ən maraqlı suallar verilməmiş qalır. Sizə bu günə qədər heç kim tərəfindən verilməyən, amma cavabını vermək istədiyiniz hansı sual var?

- Təbii ki, dinləmək istədiyim suallar çoxdur. Həddindən artıq çoxdur. Verilməyən, amma verilməsini arzuladığım suallar da kifayət qədərdir. Amma bunu şəxsən sizə ünvanlamıram, ümumi bir yanaşmadır. Mən istərdim ki, bu suallar filmlərin hamısına baxıldıqdan sonra formalaşsın. Çünki bu filmlər, inanın ki, böyük zəhmət bahasına ərsəyə gəlib.
Orada bir nöqsanı, çatışmazlığı görmək asandır. Yaradıcılıq prosesinin arxasında dayanan gərginliyi, psixoloji yükü isə az adam anlayır. Mən o qədər stress, əsəb yaşamışam ki, hətta huşumu itirib yıxılmışam. Başım sementə dəyib, ağır zədələr almışam. Bu, yaradıcı prosesin bir hissəsidir. Qılıncı ağayana tutmaq asandır, amma bir rejissorun, bir yaradıcı insanın beynində doğulan bir filmi, onun baxış bucağını anlamaq o qədər də asan deyil. O zaman gəlin özünüz film çəkin.
Bunu təkəbbür kimi qəbul etməyin. Sözümün kökündə təvazökarlıq dayanır. Amma mənim üçün tamaşaçının tənqidi deyil, qəhrəmanın necə təqdim olunması önəmlidir. Əsas məqsəd vətənpərvərlik hissini oyatmaqdır. İstər inansınlar, istər inanmasınlar, bu hiss tamaşaçıya keçməlidir.
Bir vaxtlar məktəbdə iki alan, ya da "avara" damğası vurulan uşaqlar – elə həmin gənclər tarixi yazdılar. Qanları ilə yazdılar. Bu tarixi yaşatmaq bizim borcumuzdur. Bu filmlərin çəkiliş meydanlarında o qədər suallar yaranır ki... Elə şəhidlər var ki, toya hazırlaşırmış, amma döyüşə gedib şəhid olub. Məsələn, Azər Yusifli – Vətən Müharibəsi
Qəhrəmanı. Mən onunla bağlı film çəkdim. Onun nişanlısı deyir ki, Azər şəhid olacağını bilirdi. Amma yenə də getdi. Kim istəyər ki, ölümlə üz-üzə dursun? Amma bu gənclər seçdilər. Niyə?
Bax, verilməsini istədiyim əsas suallardan biri budur: bu uşaqlar nəyə görə ölümə gedirdi? Onların iç dünyasını, fəlsəfi baxışlarını anlamağa çalışmaq lazımdır. Bütün bu filmlərdə fəlsəfi bir qat var və biz bu fəlsəfəni dünyaya çatdırmalıyıq. Erməni tərəfi bu gün belə bizi işğalçı kimi təqdim edir. Amma bir vaxtlar qaçqın kimi ayaqyalın gələn o körpə uşaqlar 44 günlük Savaşda hərbçi kimi tankın üstündə irəli getdilər, Qarabağı öz canları bahasına qaytardılar.
Hər bir şəhidin həyatı bir film, bəzən bir neçə seriallıq bir hekayədir. Mən filmə başlamamışdan öncə şəhidin nənə-babasına qədər araşdırıram. Hətta ailələrdən şəkil, əlyazma, məktəb dəftəri tapıb alıram. Bəzən bir cümlə, bir inşa, bir şəkil bütün filmin ruhunu müəyyənləşdirir. Bu cümlələr onların şəxsiyyətini, düşüncə tərzini, qəhrəmanlığını göstərir.
Əlbəttə, bəzi döyüş epizodları ailələrə belə məlum olmur. Mən hadisəni tək bir mənbədən deyil, bir çox
nəfərdən – döyüş yoldaşlarından, məktəb dostlarından, qonşulardan öyrənirəm. Çünki istəyirəm ki, fakt dəqiq olsun. Sənədli və bədii filmin kəsişməsində dayanmaq, yəni həm sənədin, həm də sənətin bir arada olduğu bir formatda işləmək məsuliyyət tələb edir.
Bu qədər dəyərli hekayələr var ki... Mən istəyirəm ki, suallar bu mövzularda verilsin. Bütün bunları niyə edirəm? Çünki bir gün bu dünya ilə vidalaşanda arxamda duran işə görə desinlər ki, bu adam doğru hekayəni yazdı.
O filmlər sadəcə səhnə ardıcıllığı deyil. Onların arxasında insanın taleyi, gənclərin gələcək arzuları, anaların göz yaşları, bir millətin yaddaşı var. Məsələn, şəhid Azər Yusifli haqqında film – onun nişanlısı ilə olan söhbətləri, toya hazırlaşdığı dönəm və eyni zamanda şəhid olacağını bilməsi – bu, təkcə hadisə deyil, bir fəlsəfədir. O gənclər ölümə könüllü getdilər. Bu nə deməkdir? Kim istəyər ölməyi? Amma onlar seçdilər. Biz bu sualları verməliyik. Bu suallar vasitəsilə o filmlərin fəlsəfi qatını dünyaya açmalıyıq. Çünki o uşaqlar 32 ildən sonra Qarabağa
ayaqyalın qayıdıb tankların üstünə getdilər.
Film çəkməzdən öncə mən hər bir şəhidin həyatını dərindən araşdırıram – ailəsini, uşaqlığını, məktəb illərini, dostlarını. Bəzən elə olur ki, bir şəkil üçün saatlarla ailəsini dilə tuturam, bir yazısını tapmaq üçün min əziyyət çəkirəm. Amma nəticədə həmin bir cümlə o gəncin necə böyük şəxsiyyət olduğunu göstərir. O qədər yazı tapmışam ki, inşa şəklində yazıb gələcəyini, şəhid olacağını hiss etdirən sətirlər... Elə anlar olub ki, rayonlarda təqdimat zamanı icra başçısı belə ağlayıb deyib: “Biz bu qəhrəmanı tanımırmışıq...”
Mənə veriləsi ən böyük sual budur: “Bu gənclər necə oldu ki, bu yolu seçdilər?” Çünki onların həyatına baxanda görürsən – adi insanlar idilər. Elə bilirsən heç vaxt silah götürməz, amma elə bir an gəlir ki, siqnal verilir, güllə bitir, əlbəyaxa döyüş olur. Mən bu hadisələri 10-15 fərqli mənbədən dəqiqləşdirirəm ki, sabah kimsə deməsin “bu film səhv çəkilib...”.
Ən böyük arzum isə – Qaratelin həyatı haqqında film çəkməkdir. O, bir Azərbaycan xanımı kimi milli azadlıq hərəkatında iştirak edib. Sonra qardaşı
Qarabağa gedib, özü isə könüllü olaraq Qazağın Aşağı Əskipara kəndində özünümüdafiə batalyonuna qoşulub. 1992-ci ildə şəhid olub. Mən 2009-cu ildə həmin kəndə – minalı ərazilərə qədər gizlicə getmişdim. Minaya düşmək ehtimalı vardı, amma mən o yeri öz gözlərimlə görmək istəyirdim. Son döyüşdə o, düşmənə əsir düşməmək üçün özü ilə apardığı zəhəri içib, sonra güllə ilə özünü vurub.
Qaratel haqqında məlumatları kənd camaatından, döyüşçülərdən, jurnalistlərdən, şairlərdən topladım. O qədər güclü qadın idi ki, ermənilər belə onu "zənci muzdlu döyüşçü" hesab edirdilər. Amma o, bir türk qızı idi, bir azərbaycanlı qadın idi. Erməni əsirlərin dilindən eşidilən bu sözlər – onun nə qədər qorxusuz və fədakar biri olduğunu sübut edir.
12 gün sonra Qaratelin və başqa döyüş yoldaşlarının nəşi dəyişdirilir. Döyüşçüləri Qazaxda, Qarateli isə Bakıdakı Şəhidlər Xiyabanında dəfn edirlər.
Mən bu filmi çəkmək istəyirəm. Bu təkcə bir döyüşçü qadının deyil, Azərbaycan qadınının,
vətənpərvərliyin və ləyaqətin simvolu olacaq.

Kəmalə Musazadə ilə bu müsahibə, sənətin təkcə gözəllik yaratmaq deyil, həm də keçmişlə bu gün arasında körpü qurmaq, gizlədilmiş həqiqətləri üzə çıxarmaq və tamaşaçını düşündürmək üçün necə güclü vasitə olduğunu bir daha göstərdi. Onun hər filmi bir çağırış, hər cavabı isə yeni bir sual doğurur. EmpaTV.az olaraq bizə vaxt ayırdığı və səmimi cavabları üçün Kəmalə xanıma təşəkkür edirik. Sənətə və tarixə belə həssas yanaşmaların davamını diləyirik.

Müsahibə götürən: Surə Əliyeva
Hazırlayan: Xumar Emilqızı

Top