"Estetika gözəllik demək deyil."


İncəsənət daim müzakirə olunan, fərqli yanaşmalarla dəyərləndirilən bir sahədir. Müasir dövrdə sənətə verilən qiymətlər, gözəllik və estetikaya yanaşmalar da zamanla dəyişir. Empa.tv.az olaraq bu mövzularda sənətşünas və rəssam Ülkər Əliyeva ilə söhbətləşdik. O, həm nəzəri, həm də praktiki biliklərinə əsaslanaraq əsərlərin mahiyyəti, sənətşünasların rolu və cəmiyyətin "gözəllik" anlayışı ilə bağlı fikirlərini bizimlə bölüşdü.

-"Gözəllik" anlayışı zamanla dəyişir. Sizcə, bu günün sənətində gözəllik nəyə bənzəyir?

-Mənim öz işlərimdə son dövrlərdə araşdırdığım bir mövzudur. Bu məsələ məni daim həm yaradıcıllıq, həm də insani baxımdan düşündürür. Ümumiyyətlə, nisbi anlayışlar var ki, "gözəllik" də bunlardan biridir. Biz həmişə gözəl-çirkin kateqoriyalarına ayırırıq. Bu incəsənətdə həmişə lap qədim dövrlərdən-intibah dövründən olub. Dini-mifoloji əsərlər üst sənət əsəri hesab olunurdu. Natürmort, mənzərə janrı həmin dini-mifoloji əsərlərin bir tərkib hissəsi olub. Həmçinin, "gözəllik" də bunun kimi. "Gözəllik" təəssüf ki, bir çox hallarda qadınlar üzərindən aparılan bir anlayış olub və bəzi çərçivələr yaradılıb. Bu, əslində, günümüzdə yalnız incəsənətdə deyil, təəsüf ki, media, sosial şəbəkə, televiziyada da rastlaşdığımız bir haldır. Müəyyən bir qəliblər yaradırıq və insanları bu qəlibə salmağa çalışırıq. İncəsənətdə də bu belədir. "Estetika" sözü altında biz bəzi əsərlərə gözəl, bəzi əsərlərə çirkin kimi baxırıq, ancaq belə bir şey yoxdur. İncəsənətdə önəmli olan emosiya və hissdir. Əgər sən bu işdən bir emosiya hiss edirsənsə, deməli, o iş yaxşıdır. Orada bədbin mövzu, qarışıq rənglər, standartlara uymayan əcaib obrazlar ola bilər, lakin bu o demək deyil ki, o pis əsərdir. Ümumiyyətlə, deyirlər ki, bəzən incəsənət "estetik" olmalıdır, ancaq "estetika" sözünün mənasına baxsaq, heç də "gözəllik"lə bərabər anlayış deyil. Çirkin estetikası deyilən bir şey də var. Çirkin demək də düzgün deyil fikrimcə-standartlara uymayan bir obraz da yaratsan orada bir estetika yarada bilərsən və bu tamamilə sənin kətana, materiala köçürdüyün hisslə və qarşı tərəfdən izləyən adamın o hissə olan cavabı ilə bağlıdır. Əgər sən əsərinlə bir insanı cəzb edə bilirsənsə, bu məncə yetərincə yaxşı bir əsər hesab olunur. Mütləq deyil ki, orada akademik, düzgün, qanunlar olsun və sən ona riayət edəsən.

-Bir sənət əsərinin "dəyərli" olması sənətşünasın, yoxsa cəmiyyətin qərarıdır?

- Əslində, sənətşünaslar bu işin nəzəriyyəsi ilə məşğul olan, araşdıran kəslərdir. Beləliklə, onların fikirləri də müəyyən əsərə qiymət verir. Əsəri yaxşı hesab edən kimdir? Hansı qurumdur? Bu sahədə olan üst qurumlar kimlərdir? Onların da, əslində, diktə elədiyi zövq zamanla, dövrlə dəyişir. Orta əsrlərdə başqa bir şey aktual idisə, dəyərli idisə məhz o qanunlara uyan əsərlər dəyərli hesab olunurdu. Məsələn, XVIIII əsrdə Parisdə Salonu nümunə çəkək. Salonun qəbul etmədiyi, bəyənmədiyi əsərlər sərgiyə qoyulmurdu. Yəni dəyərsizləşdirilirdi, lağa qoyulurdu.Çıxan rəssamların əsərləri arasında Postimpressionistlər,
İmpressionistlərdən də var idi. Əsəri dəyərli edən, o əsərin dərdinin nə olduğu, nəyi ifadə etmək istədiyi ilə bağlıdır. Məsələn, tarixlə bağlı ola bilər. Tarixi mövzunu izah etmək istəsə də, burada biz onun dərdinin, dirənişinin şahidi oluruq mütləq. Yaxud bir problemi əks etdirməyə də bilər. Əslində, sənətçiyə yük yükləmək də düzgün deyil. "Sən mütləq hazırda ölkəmizdə olan qlobal problemləri əks etdirməlisən." Xeyr, bu belə deyil. Onun içindən gəlmirsə, ortaya çıxan əsər səmimi bir əsər olmayacaq. Düşünürəm ki, incəsənəti başa düşən bir insan anlayacaq ki, burada səmimiyyət yoxdur. Rəssam sadəcə cəmiyyət bu mövzunu tələb edib deyə bunu da işləyib.

-Bir əsəri izah etmədən sadəcə təqdim etmək doğrudurmu, yoxsa sənətşünasın rolu izah etməkdir?

-Bu cür məqamlarda sənətşünasın rolu danılmazdır. Biz sənətşünaslıq ixtisasında təhsil alanda digər ixtisasdan tələbələr-rəngkarlar, heykəltaraşlar bizim nə etdiyimizi anlamırdılar, çünki onlar işin mətbəxindədirlər, gillə, rənglərlə işləyirlər. Həqiqətən də, bir obyekt, əsər, bədii nümunə ortaya qoyurlar. Bizim yazı-pozu işləri ilə məşğul olmağımız onlara qəribə gəlirdi. Bəzi məqamlarda rəssam, həqiqətən, nə etməli olduğunu bilmir. Mən rəssamlıqla da məşğul olduğum üçün işin həm nəzəri, həm də praktik cəhətdən biliklərinə bələdəm. Bu səbəbdən də, incəsənət insanlarının emosiyalarını başa düşə bilirəm. Bəzən, həqiqətən də, insana bir hiss gəlir və sən o əsəri-obrazı yaradırsan. Bu zaman sən özün də bilmirsən bunun nə olduğunu, çünki bu bir hiss, emosiyadır. Kimsə rəssamdan o əsərin izahını istəyə bilər və həqiqətən rəssam orada izah etməyə də bilər, bu o demək deyil ki, o, pis rəssamdır.
Əsərlər də müxtəlifdir. Bəzi əsərlər ola bilər ki, simvolika üzərində qurulub. Rəssamdan gedib rəsmi izah etməsini istəsək, bizə o əsəri oxuyacaq. Bəzi əsərlər də var ki, rəssam onu sadəcə o anlıq yaradır. Mənim əsərlərimə diqqət etsək görərik ki, bir çoxu ümumiləşmiş obrazlardır. Mən ideyalarımı o obrazlar üzərindən oxuyuram və çalışıram ki tamaşaçılarıma da oxutdurum. Bəzən özüm də bilmədən əsəri çəkirəm, rənglər xoşuma gəlir. Sonralar isə əsərə baxanda emosiyaları daha yaxşı anlayıram və onun üzərinə oturduram əsərimi. Bəzən rəssam düşünülmüş kompozisyanı qurubsa izah edə bilər. Bəzi əsərlərdə isə bu olmaya bilər. Biz o zaman rəssamı qınamamalıyıq. Burada sənətşünasın rolu böyükdür. Sənətşünasın da yetərincə nəzəri və praktiki bilikləri olmalıdır ki, əsərin dərdinin nə olduğunu başa düşsün. Məsələn, belə bir hal da yaşanıb ki, dostum emalatxanasında əsərini göstərir, məndən fikir alır. Mən də "Obrazın sıxıldığını hiss etdiyimi" deyirəm. O isə təəccüblənir, "Heç belə fikirləşmədiyini" deyir. Mən bunu bu cür təqdim edə bilərəm. O halda ki, rəssamın razılığı varsa, təsdiq edirsə ki, hə burada bu fikir var. O zaman təqdim edə bilərəm. Təbii ki, subyektiv bir fikir olaraq da qeyd edə bilərik. Sənətşünaslar rəssamlara bu baxımdan çox kömək olur.

-Hansı sənət əsəri sonuncu dəfə sizi sarsıtdı? Niyə?

-Ümumiyyətlə, məni sarsıdan deməyim, bəyəndiyim, baxarkən "vau" olduğum Billurə Ələkbərlinin "Daimi dəyişiklik vəziyyəti" əsərini misal çəkə bilərəm. Daha sonra Faiq Əhmədin "İşarələr" adlı sərgisindən "Social Anatomy" əsəri də bu sıraya daxildir. "Social Anatomy” əsəri isə məhz bu mədəni yaddaşın vizual və performativ təcəssümüdür desəm, yəqin ki, yanılmaram. Çadır, tabut, xalça fraqmentləri və məclis quruluşu Azərbaycan məişət mədəniyyətində dərin simvolik məna daşıyan elementlər kimi təqdim olunur. Bir əsər də 2023-cü ildə baş tutmuş "Yarat" sərgisindən qeyd etmək istəyərəm. Tərlan Qorçunun "Tənhalıq" adlı əsəri idi. Adətən görmüşük ki, xalçalarımız ornamentlərlə zəngin olur, amma Tərlan Qorçu xalçanın dilini minimallaşdırır. Orada sadəcə iki element saxlayır. Bizə ənənəvi sənətkarlığının dili ilə "tənhalıq" ideyasını çatdırır. Bu da maraqlı yanaşmadır.

-Əsərlərinizdə Frida Kahlonun əsərlərinə bənzər işarələr hiss olunur. Fridanın sənətinizə təsiri şüurludurmu, yoxsa bu sizə də təbii gəlir?

Əslində, Frida Kahlonun dərdi özü olub, həmişə özünü təsvir edib. Təsvir etmə üsulu sürrealistlərə çox yaxın olub, lakin o sürrealist olduğunu inkar edib. Deyib ki, " Sürrealistlər yuxularını çəkir, mən isə öz reallığımı çəkirəm."
Ola bilər ki, müəyyən obrazların üz quruluşları oxşamış olsun. Bəlkə də müəyyən qədər rəng tonu, göz, qaş o regionun insanlarını xatırladır. Qadın məsələsinə gəldikdə isə bəli, qadın obrazlarım var, amma mən deyərdim ki, son zamanlardakı əsərlərimdə gender kimliklərinin sərhədləri şəffaflaşıb. Mən sadəcə insan təsvir edirəm və onun xarici görünüşü, kimliyi, cinsi, milliyəti mənim üçün bir əhəmiyyət kəsb etmir.
O sadəcə insandır. Müəyyən bir hissə ehtiva edir. Mənim göstərdiyim hisslə, sizin gördüyünüz hiss də ayrı ola bilər. Məsələn, "Dillema" əsərim yaxınlarımın müzakirəsinə səbəb oldu. Biri dedi ki, "Bu üzü olmayan obrazdır." Digəri isə dedi ki, "Bu onun başının arxasıdır." Sonda isə məndən soruşdular ki, "Hansımız düz dedik?" Dedim ki, "Hər ikiniz də düz deyirsiniz." Hərkəsin baxış bucağı fərqlidir. Mənim burada izah etmək istədiyim odur ki, bəzən insan, hətta mənim özüm də ikili fikirlər qarşısında qalırıq. "Dillemada olarkən necə görünürük", deyə fikirləşib bu əsəri yaratmışam. Fridanın öz mübarizəsini, feministliyini, siyasi baxışlarını sevmişəm, amma mən sürrealistlərə yaxın deyiləm. Frida nə qədər sürrealist üslubda çəkdiyini qəbul etməsə də, texnikası, obrazları çox yaxın idi. Düşünürəm ki, o da daxildən gələn kimi çəkir, məncə hansısa cərəyana aid eləmək düzgün olmaz. Açığı deyim ki, bəzi əsərləri mənə yaxın olmasa, bəzi əsərlərini də çox bəyənirəm. Bəlkə də, tələbəikən onun əsərlərinə çox baxmışam deyə, şüuraltı olaraq qalıb. Şüurlu olaraq yox, şüuraltı olaraq edilən bir şeydir.

Müsahibədən aydın olur ki, incəsənətdə əsas meyar emosiya və səmimiyyətdir. Ülkər xanımın fikirlərinə görə, sənətə verilən qiymət subyektiv ola bilər və bu qiymətləndirmə zamanı sənətşünasların nəzəri bilikləri vacib rol oynayır. Onunla etdiyimiz söhbət incəsənətin yalnız texniki baxımdan deyil, eyni zamanda hisslərlə dərk olunmalı bir sahə olduğunu bir daha təsdiqləyir.
Müsahibəni götürən- Xumar Emilqızı
Müsahibəni hazırlayan- Sura Əliyeva
Top