Bir mahnının tarixçəsi...

Bir mahnının tarixçəsi...


“YALANMIŞ”
Sözləri: Sayad Cavadzadə
Musiqisi: Niyaməddin Musayev
İfaçı: Niyaməddin Musayev
İnsanın qəlbi çox zaman danışa bilmədiyi sözləri musiqiyə pıçıldayır. Musiqi duyğuların dilidir. Elə bir dil ki, nə zaman sevinci, nə də kədəri içində saxlaya bilir. İncə bir misra, zamanla unudulmuş hissləri oyada bilər. Bəzən isə bir şeir, bir mahnıya çevrilərək bir sevdanın tarixçəsini gələcək nəsillərə çatdırır. Elə bu gün toxunduğumuz “Yalanmış” adlı şeir də belə əsərlərdən biridir. Bu şeir Sayad Cavadzadəyə məxsusdur. Şeir 1994-cü ildə qələmə alınıb və müəllifin həyat yoldaşı, tanınmış tarixi romanlar müəlifi yazıçı Cəlal Bərgüşada həsr olunub. Sadə görünsə də, hər misrasında sarsıdıcı bir duyğu yükü var:
Nə üçün yaranmış həyatın özü?
Nə üçün yaranmış insanın özü?
İnana bilmirəm mən heç də düzü,
Yalanmış bu eşqin atəşin özü.
Həyatın odunu, atəşini mən,
Sənin gözlərində anladım yenə.
Dedin: bu odda yana bilmərəm,
Söylədin ,qoymaram yanasan yenə.
Əl açıb Tanrıya söylədim yenə:
Bu həyat işığın bəxş etdin mənə.
Yenidən qaytardın səadətimi,
Günəş tək şölə saçan məhəbbətimi.
Bu misralar sevgidəki inamsızlığı, yaşanmış bir narahatlığın sükutla deyil, sənətlə ifadəsini daşıyır. Bəli, hər bir sevgi hekayəsinin çətin dönəmləri olur. Sayad xanımın da dediyi kimi, onların ailəsində də incikliklər yaşanıb. Amma bu incikliklər sevgini yox, əksinə, onun dərinliyini göstərib. “Yalanmış” şeiri həmin anların səmimi və qırılgan ifadəsidir. Maraqlısı budur ki, Cəlal müəllim şeiri çox bəyənir, onu Niyaməddin Musayevə təqdim edir və bu sözlər iki il sonra, artıq Cəlal müəllimin dünyasını dəyişdiyi bir zamanda musiqiyə çevrilir. Mahnı ilk dəfə 1998-ci ilin yeni il şənliyində səslənir və o gündən etibarən çoxlarının yaddaşında silinməz iz buraxır. Lakin Sayad xanımın təkcə bu şeiri deyil, digər əsərləri də duyğuların əbədi izlərini daşıyır.
Top