İran və İsrail Arasında Nə Gözlənilir?

İran və İsrail Arasında Nə Gözlənilir?


İran və İsrail arasında baş verən son hərbi toqquşma beynəlxalq ictimaiyyətdə böyük narahatlıq doğurub. Uzun illərdir davam edən siyasi və ideoloji qarşıdurmanın açıq müharibəyə çevrilməsi təkcə bu iki ölkə ilə məhdudlaşmayıb – regionda təhlükəsizlik balansına və qlobal münasibətlərə də ciddi təsir göstərib. Münaqişənin başlanma səbəbləri, onun yaratdığı geosiyasi nəticələr və mümkün gələcək ssenarilər bu gün də
müzakirə mövzusudur. Mövzunu daha dərindən təhlil etmək və ictimaiyyətə təqdim etmək məqsədilə EmpaTV.az olaraq siyasi şərhçi Kənan Novruzov ilə müsahibə apardıq.
-Sizcə İran və İsrail arasında müharibənin başlamasının əsas səbəbi nə idi?

-Əslində, İran və İsrail arasında müharibə uzun zamandır yetişən və gözlənilən bir prosesidi. Hətta deyə bilərik ki, bu münaqişə bir qədər gecikmişdi. Son iki ildə İsrailin atdığıa ddımlar açıq şəkildə göstərdi ki, bu toqquşma gec-tez baş verəcək. Lakin belə bir müharibənin baş verməsinə mane olan əsas faktor ABŞ-nin mövqeyi idi. Vaşinqton heç zaman istəmirdi ki, İsrail İrana hücum etsin. Xüsusilə də Donald Trump hakimiyyətə gəldikdən sonra Ağ Evin bu məsələyə münasibəti daha sərt və konkret oldu. Hətta İsrailin HƏMAS-la müharibəsi davam etdiyi bir dövrdə Baş nazir Benyamin Netanyahu bir neçə dəfə Vaşinqtona səfər etdi. Mən istisna etmirəm ki, həmin səfərlərin əsas müzakirə mövzusu İran məsələsi idi. Amma görünür ki, Netanyahu bu görüşlərdən əli boş qayıtdı və tərəflər arasında müəyyən narazılıqlar da yarandı.
ABŞ-nin İsrailə “icazə verməməsinin” bir neçə əsas səbəbi vardı:
1. Vaşinqtonla Tehran arasında nüvə danışıqları gedirdi və ABŞ bu prosesi pozmaq
istəmirdi.
2. İranın Ərəb dünyasındakı rolu ABŞ üçün müəyyən mənada önəmli idi.
3. Hazırkı ABŞ rəhbərliyi ümumiyyətlə müharibə istəmir. Onlar daha çox iqtisadi
əməkdaşlıqda maraqlıdırlar və xüsusilə Çinlə birbaşa toqquşmalardan yayınmağa çalışırlar.
Buna baxmayaraq, İsrail İrana hücum etdi. İsrail bu hücumlarla ABŞ-ni da müharibəyə cəlb etməyə çalışdı. İranın isə cavab olaraq ABŞ-nin İraq və Suriyadakı bazalarına raket zərbələri vəziyyəti daha da gərginləşdirə bilərdi. Əgər ABŞ bu hücumlara sərt cavab versəydi, bu, İsrailin maraqlarına uyğun olardı və Vaşinqton da birbaşa münaqişəyə cəlbolunardı. Belə olan halda, İsrail üçün İranla mübarizə həm daha asan olar, həm də İran daha tez zəifləyərdi.Müharibənin uzanması ehtimalı da İsrail üçün arzuolunmaz deyildi. Çünki uzunmüddətli müharibə İranın içərisində sosial-siyasi sabitliyi poza və rejimin devrilməsi ehtimalını artıra bilərdi. Üstəlik, belə bir ssenaridə İranın Çindən hərbi və ya texniki dəstək alması riski də mövcud idi. Lakin ABŞ ağıllı davranaraq birbaşa müharibəyə qoşulmadı və İrana qarşı cavab zərbəsi endirmədi. Nəticədə, müharibə qəfil şəkildə dayandı. Mən düşünürəm ki, müharibənin dayandırılması Donald Trump ilə Benyamin Netanyahu arasında baş tutan, lakin ictimaiyyətə açıqlanmayan bir telefon danışığının nəticəsi ola bilər. Ola bilsin ki, ABŞ İsraili xəbərdar edib və münaqişənin genişlənməsinin qarşısını almağa çalışıb. Hər iki tərəf bu siqnalları qəbul edərək, geri çəkilməyə qərar verib.

Bəs İsrail bu müharibədə nə istədi?

1. İranda rejimin devrilməsi.
2. İranın zəiflədilməsi.
3.İranın nüvə silahı proqramından imtina etməsi.
Lakin nəticə etibarilə, bu məqsədlərin heç birinə tam nail oluna bilmədi. Digər tərəfdən isə, davam edən qarşıdurmalarda İsrailə ciddi bir ziyan dəymədi. Hökumətdə təmsil olunan yüksək rütbəli şəxslər arasında itki olmadı. Amma İran tərəfi bu baxımdan ciddi zərbə aldı – iyirmidən çox yüksək rütbəli şəxs həlak oldu. Bu isə İranda ciddi sarsıntı və xof yaratdı.

-Bu müharibəni ilk başlatmış tərəf sizcə kim idi və niyə?

-Təbii ki, bu müharibəni ilk başlayan tərəf İsrail oldu. Bu addımın bir neçə əsas səbəbi vardı. Birincisi, İsrail ABŞ ilə İran arasında gedən nüvə danışıqlarına mane olmaq istəyirdi. Çünki İsrail anlayırdı ki, bu danışıqlar nəticə verməyə doğru gedir və əgər razılıq əldə olunarsa, bu, onun regiondakı maraqlarına ciddi zərbə vuracaq. Ona görə də prosesə müdaxilə etməyə qərar verdi. İkincisi, İsrailin məqsədi İranı hərbi və iqtisadi
baxımdan zəiflətmək idi. Üçüncüsü, Tehran rejiminin nüvə ambisiyalarının qarşısını almaq və onu bu niyyətindən çəkindirmək istəyirdi. Dördüncüsü, İsrailin strateji hədəflərindən biri də İranda hakim rejimi devirmək idi. Ancaq bütün bu məqsədlərə baxmayaraq, İsrail heç birində uğur qazana bilmədi.

-Müharibənin bitməsi region üçün hansı müsbət və ya mənfi nəticələr doğurdu?

-Müharibənin sona çatmasının heç bir mənfi tərəfi yoxdur. Ümumiyyətlə, bütün müharibələr pislənməli və qınanmalıdır. Bu müharibənin dayandırılması isə, sözün əsl mənasında, möcüzəvi bir addım oldu. Yeri gəlmişkən qeyd edim ki – həmin gün mən işdə idim və oxuduğum bir xəbər məni dərin təlaşa saldı. Xəbərdə deyilirdi ki, İran nüvə silahlarının yayılmasının qarşısını alan beynəlxalq sazişdən çıxmağa hazırlaşır. Bu məlumat məndə ciddi narahatlıq yaratdı və dərhal belə bir nəticəyə gəldim: İran, açıqlamasa da, çox güman ki, artıq nüvə silahına sahibdir və onu istifadə etməyə hazırlaşır. Bu isə dünya üçün fəlakətli nəticələr doğura bilərdi. Xüsusilə də nəzərə alsaq ki, Azərbaycan İranla birbaşa sərhəddə yerləşir. Belə bir halda, İrana qarşı atılacaq hərbi cavab tədbirləri bizi də ciddi şəkildə təsirləndirə bilərdi. Digər tərəfdən, müharibə daha uzun çəksəydi, bu, Üçüncü Dünya Müharibəsinə çevrilmək potensialına malik idi. Azərbaycan isə bu prosesdə tərəfsiz və balanslı mövqeyini sona qədər qoruya bilməyə bilərdi. Eyni zamanda, müharibənin uzanması bölgədə humanitar böhrana və miqrasiya axınına səbəb ola bilərdi. Sərhədlərimizdə problemlər yarana, bölgədə sabitlik tamamilə pozula bilərdi. Bütün bu təhlükələri nəzərə alaraq, müharibənin qarşısının alınması həm Azərbaycan, həm də region ölkələri üçün olduqca əhəmiyyətli və sevindirici bir hal oldu.

-İran və İsrail arasında sülh uzunmüddətli olacaqmı, yoxsa bu sadəcə müvəqqəti
atəşkəsdir?


-İran və İsrail arasında sülh uzunmüddətli olmasa da, düşünürəm ki, yaxın zamanlarda yeni bir toqquşma baş verməyəcək. Çünki İsrailin bu riski yenidən gözə alacağı inandırıcı görünmür. Əgər İsrail belə bir addım atsa, bu, ABŞ-lə münasibətlərin pozulmasına gətirib çıxara bilər. İrana gəldikdə isə, Tehran ümumiyyətlə yeni bir müharibə istəmir. Bunun bir neçə səbəbi var. İlk növbədə, İranın hərbi və iqtisadi imkanları məhduddur. Cəmi 12 gün davam edən son münaqişə göstərdi ki, İranın kəşfiyyat sistemi zəifdir, hərbi texnologiyaları isə yetərincə inkişaf etməyib. Əsasən pilotsuz uçuş aparatları və bəzi dronlar istifadə etsə də, onların effektivliyi də gözlənilən səviyyədə olmadı. Digər tərəfdən, İranın əsas iki müttəfiqindən biri olan Rusiya hazırda öz müharibəsi ilə məşğuldur və resurslarını bölmək imkanında deyil. Çin isə ümumiyyətlə müharibəyə maraqlı deyil. Hətta son günlərdə Çin və ABŞ arasında ticarət sazişinin imzalanması göstərir ki, bu iki güc arasında qarşıdurma ehtimalı azalıb. Bu isə o deməkdir ki, Çin nəinki müharibəyə qarşıdır, hətta dolayısıyla İranın da ABŞ və İsraillə münasibətlərində balans yaratmağa çalışacaq. Başqa sözlə, Çin bu mərhələdə İranı daha təmkinli olmağa sövq edəcək və regionda vəziyyətin nəzarətdən çıxmasına imkan verməyəcək.

-Gələcəkdə bu iki dövlət arasında yenidən oxşar toqquşmaların baş verəcəyini
düşünürsünüzmü?


-Gələcəkdə İranla İsrail arasında yeni bir müharibənin baş verməsi istisna deyil. Çünki bu iki ölkə tarix boyu daim, yumşaq desək, bir-birilə mübarizə aparıb. Aralarındakı münasibətlər heç vaxt tam sabit olmayıb və bu baxımdan istənilən anda gərginliyin yenidən alovlanması mümkündür. Ümumiyyətlə, nəzərə almaq lazımdır ki, dünyada müharibələrə maraqlı olan xüsusi güclər var. Bu qüvvələrin əsas məqsədlərindən biri silah satmaq, digəri isə dünya nizamını yenidən formalaşdırmaq və dünya xəritəsini öz maraqları çərçivəsində dəyişməkdir. Bəzi iddialara görə, İranın parçalanması ilə bağlı uzunmüddətli planlar mövcuddur. Ola bilsin ki, gələcəkdə bu istiqamətdə real addımlar da atılsın və İran hansısa formada parçalanmağa məruz qalsın. Amma bütün bunlara baxmayaraq, mən düşünürəm ki, yaxın gələcəkdə növbəti belə bir genişmiqyaslı müharibənin başlanması real deyil. Hazırkı şəraitdə tərəflər daha çox qarşılıqlı təzyiqlərlə kifayətlənməyə üstünlük verəcəklər. İran və İsrail arasındakı son toqquşma regional və qlobal siyasətdə ciddi dəyişikliklərin
öncüsü ola bilər. Uzunmüddətli sülhün təmin olunması üçün dialoq və qarşılıqlı anlaşma vacibdir. Lakin bu prosesdə beynəlxalq güclərin mövqeyi və regiondakı balans həlledici rol oynayacaq. Gələcəkdə vəziyyətin necə inkişaf edəcəyini zaman göstərəcək.

Müsahibəni götürdü: Sura Əliyeva
 Müsahibəni hazırladı: Xumar Emilqızı
Top