
Qanunda jek anlayışı yoxdur. Onlar vətəndaşdan pul tələb edə bilməz.
Jek işçiləri qapımızı döyür, bizdən pul tələb edirlər. Bəs onların bu cür fəaliyyəti qanunidir?
Empatv.az olaraq mövzuya vəkil İntiqam Hacıyev ilə hüquqi cəhətdən aydınlıq gətirdik.
-Jeklər nədir və jek işçiləri nəyə əsasən seçilir?
Jeklər bizə Sovet dövründən qalıb. Sovet dönəmində xüsusi mülkiyyət yox idi. Bütün əmlaklar dövlətə məxsus idi, insanlara istifadə üçün verilirdi. Buna görə də dövlət öz mülkiyyəti olub insanlara istifadə verdiyi mənzillərin təmizliyi, təhlükəsizliyi, işıqlandırılması və digər kommunal xidmətlərinin təşkili üçün jekləri yaradıb. Jeklər sosializm dövrü üçün ideal idi, lakin kapitalizm dövründə xüsusi mülkiyyət formalaşıb.
-Qanunda jek anlayışı mövcuddur?
Yeni Mənzil Məcəlləsi qüvvəyə mindikdən sonra mənzil istismar sahələri (jeklər) nəzərdə tutulmayıb. Çünki mənzili mülkiyyətçi idarə etməlidir. Mənzil məcəlləsinin 141-ci maddəsinə əsasən, artıq jek anlayışı yoxdur. Mənzil Mülkiyyətçilərinin Müştərək Cəmiyyəti (MMMC) yaradıldı.
-Hazırda qanunda jek anlayışı yoxdursa onlar bizdən zibil pulu tələb edə bilər?
Birmənalı şəkildə edə bilməzlər. Hətta Milli Məclisdə deputat Fazil Mustafa da bu mövzu haqqında çıxış etdi. O qeyd etmişdir ki, jeklər artıq ləğv olunsun, biz yeni məcəlləni qəbul etdik ki, mütərəqqi dəyişikliklər həyata keçirilsin. Jeklər fəaliyyət göstərir, amma hüquqi əsasları yoxdur.
-Bəs insanlar zibil pulunu hara ödəməlidirlər?
Mənzil Mülkiyyətçilərinin Müştərək Cəmiyyəti (MMMC) yaradıldı. Qanunvericilik bunu tənzimlədir ki, 6 ay müddətində MMMC vasitəsilə mənzil mülkiyyətçiləri özləri idarə etməni həyata keçirsinlər. Əgər keçirməsələr həmin rayonun bələdiyyəsi ümumi iclas təşkil etməli, idarə etmə formasını tələb etməlidir. Eyni zamanda, mənzil mülkiyyətçiləri bu xidməti başqa təşkilatdan ala bilərlər. Bu prosesi jeklərin həyata keçirməsi nəzərdə tutulmur. Yəni insanların mülkiyyətini niyə başqa dövlət təşkilatı idarə etməlidir ki? İnsanlar bunu özləri edə bilərlər.
-Qeyd etdiniz ki, Milli Məclisdə də müzakirə olunub ki, jeklər ləğv edilsin. Amma jeklər mövcuddur. Bəs indi onların funksiyası nədən ibarətdir?
Artıq uzun müddətdir ki, jeklər fəaliyyətsizdir. Pul yığmaqdan başqa funksiyaları görmürük.
-Bəzən yaşayış yerindən arayış lazım olanda jek sənədi vermir. Deyirlər ki, borcunu ödə, verək. Bu proses necə tənzimlənməlidir?
Həmin o arayışdan da sui istifadə olunur. Hüquqi cəhətdən yanaşsaq jeklərin yaşayış yerindən arayış verməsi də sual altındadır. Çünki 3 qonşunun aktı əsasında arayış verirlər. Bu da hüquqa uyğun deyil. Səbəbkar isə bizik. Çünki məhkəmələr jeklərin arayışını qəbul edir, xəstəxanalar jekdən arayış istəyir. Hüquqi aspekdən bu belə olmalı deyil. Çünki ərazi icra nümayəndələri var. Onlar yaşayış yeri haqqında arayış verə bilirlər. Eləcə də qanunun tələbində hər bir şəxs 10 gündən artıq qaldığı yerdə qeydiyyata düşməlidir. Bu qanuna riayət edilsə heç yaşayış yerindən arayışa zərurət olmayacaq. Jeklər artıq həm hüquqi həm də faktiki zərurətdən ləğv edilməlidir.
-Jeklərin özbaşınalığı, qanunsuz pul tələb etməsi ilə rastlaşan vətəndaş nə etməlidir?
Hər bir vətəndaş bu problemlə rastlaşır. Jeklərin hüquqi əsası olmadığına görə, onlar vətəndaşları məhkəməyə verib ödəniş tələb edə bilmirlər. Amma vətəndaş hüquq mühafizə orqanlarına, polisə şikayət edə bilər. Bu fayda verməzsə vətəndaş jekin qanunsuzluğuna görə məhkəməyə müraciət etməlidir. Şikayət kütləviləşsə dövlət artıq bu məsələni birdəfəlik həll etməlidir.
Müxbir: Gülnisə Əfkari