Körpə yaşda gəlin: Susqunluğun doğurduğu faciələr

Körpə yaşda gəlin: Susqunluğun doğurduğu faciələr


Vətənimizin bəzi bölgələrində uşaq yaşda evlilik halları hələ də müşahidə olunur. Təhsil almağa, özünü tanımağa belə vaxt tapmayan qızların ailə qurmağa məcbur edilməsi təkcə onların gələcəyini deyil, eyni zamanda cəmiyyətin sabahını da təhlükə altına atır.

Məktəb partasından birbaşa gəlin otağına... Uşaqlığını doya-doya yaşaya bilməyən, hələ cəmiyyətin və qadın olmağın nə olduğunu anlamayan azyaşlı qızların evləndirilməsi nə hüquqi, nə də insani baxımdan qəbulolunandır. Lakin bəzi ailələrdə başlıq pulu və ya "adət" adı ilə bu cinayətə haqq qazandırılır. Nəticədə isə psixoloji və fiziki travmalarla böyüyən qızlar, həm öz həyatlarını, həm də dünyaya gətirdikləri körpələrin taleyini riskə atırlar.

Ekspertlərin fikrincə, erkən yaşda evliliklər birbaşa olaraq:
Məktəbə davamiyyətin azalması,
Yeniyetmə hamiləliklər,
Ana və uşaq ölümləri,
Ailə zorakılığı hallarında artım,
Ailə dağılmaları və sosial gərginlik kimi problemlərlə nəticələnir.

Qanunvericiliyə əsasən, 18 yaşına çatmamış şəxslərlə nikaha girmək qadağandır. Lakin bəzi hallarda bu nikahlar qeyri-rəsmi şəkildə həyata keçirilir. Dövlət qurumlarının nəzarəti və cəzalandırma tədbirləri yetərsiz qaldıqca, bu hallar "ənənə" kimi davam etdiriləcək...

Uşaq yaşda evlənmək gələcəyin əlindən alınmasıdır.

Təəssüf ki, bu qızlar nə hüquqlarını müdafiə etməyi bilirlər, nə də səslərini çıxarmağa cürətləri çatır. Onlar hələ uşaq ikən “qadın kimi” yaşamağa məcbur edilirlər. Son nəticədə isə ortaya sosial baxımdan hazır olmayan, travmatik ailələr çıxır.

Sosioloqlar və hüquq müdafiəçiləri belə halların yalnız maarifləndirmə, sosial müdafiə və ciddi nəzarət tədbirləri ilə azaldılacağını bildirirlər.

Cəmiyyət bu problemin qarşısında susmamalı, qanunlar isə sadəcə kağız üzərində deyil, reallıqda da işləməlidir.

Hazırladı : Qədirli Aysu
Top