Yaxşı foto heç nə demədən danışan fotodur

Yaxşı foto heç nə demədən danışan fotodur


Hər gün müxtəlif fotolar ilə rastlaşırıq. O fotoların çəkilmə prosesi, məqsədi, bizə ötürdüyü mesajlar fərqlidir. Empatv.az olaraq fotoqraf Rauf Qafarov ilə fotoqrafiya haqqında danışdıq.

Mən istəyirəm ki, bir fotoqrafın dilindən eşidək. Fotoqrafiya nədir?

Fotoqrafiya adi gözün görmədiyi detalları fərq etmək və onları anlamlı hala gətirmək sənətidir. Göz baxır, fotoqraf isə hiss edir. Fotoqrafiya psixologiyaya da yaxındır. İnsan əsəbi, stresli olanda çəkiliş etsə neqativ enerjilər müsbət enerji ilə əvəz olunur. Fotoqrafiyada insan öz ruhunu tapa bilir.

Bildiyimiz kimi fotoqrafiyanın müxtəlif sahələri var: natürmort, portret, küçə sənəti. Bəs müasir dövrdə bu sahələrdən ən çox hansı inkişaf edib?

Mən klassik fotoları daha çox sevirəm. Amma hazırda portret və lifestyle (həyat stili) janrı sosial mediada daha çox inkişaf edib.

Klassik foto deyəndə nəyi nəzərdə tutursunuz?

Klassik foto retro anlamındadır. Fotoqrafın foto ilə mesaj ötürməsidir.

Sizcə, fotoqraf üçün təhsil, texniki biliklər yoxsa sadəcə baxış bucağını bilmək önəmlidir?

Bunlardan ən önəmlisi baxış bucağıdır. Kamera əlindədirsə onu hiss etməlisən, baxış bucağın çox güclü olmalıdır. Kamerada baxmadan kadrı öz gözündə yaratmalısan. Əlbəttə ki, təhsil və texniki biliklər də vacibdir.

Siz özünüz çəkilişdən öncə hansı hazırlıq mərhələlərdən keçirsiniz?

Əgər planlı çəkilişdirsə öncədən gedib məkanı müşahidə edirəm: necə çəkə bilərəm, hansı rakurslardan çəkə bilərəm? Hamısını dəftərimdə qeyd edirəm. Artıq növbəti gün çəkilişə hazırlıqlı gəlirəm. Amma spontan çəkilişlərdə hazırlıq olmadan anı tutmaq güclü nəticə verə bilər.

Bəs çəkilişdən sonra fotonu redaktə etməyə nə qədər zaman sərf edirsiniz?

Sərf olunan zaman montaj biliyindən və fotonun məqsədindən asılıdır. Bəzən işıq, rəng tonu, kadr düzülüşü üçün 1-2 saat sərf etmək lazım olur. Amma hər zaman məqsədim fotoda hissi itirmədən onu təkmilləşdirməkdir.

İnsanlar sizdən şəkildə daha çox nə istəyirlər?

İnsanlar üçün ideal olan şəkildə daha yaxşı düşməkdir.

Bəs sizə görə yaxşı foto nədir?

Yaxşı foto baxanın içində bir hiss oyadan, mesaj ötürən, heç nə demədən danışan və yadda qalan fotodur. Texniki cəhətdən mükəmməl olmalıdır, amma daha vacibi o anı yaşatmaqdır.

İstəyirəm ki, bizə foto çəkiliş zamanı yadda qalan maraqlı hekayədən bəhs edəsiniz.

Bir gün dostumla şəhərdə gəzirdim. Orda məktəblilər və müəllim var idi. Onlar məni tanıdılar. Yaxınlaşıb şəkillərini çəkməyimi istədilər. Mən də razılaşdım. Uşaqlar müəllimi çağırmağa getdilər, mən də gözlədim. Bir də gördüm ki, uşaqlar müəllim ilə birgə çıxıb gedirlər.

Müasir dövrdə süni intellekt inkişaf edir, cəmiyyətdə bir çox sahəyə təsir edir. Bəs süni intellekt fotoqrafiyanın gələcəyinə necə təsir göstərir?

Həm imkanlar, həm də bəzi risklər yaradır. Montaj, süni görüntü yaratmaq asanlaşır. Amma süni intellekt real anı, duyğunu, sənətkar baxışını əvəz edə bilmir. İnsan toxunuşu ən qiymətlidir.

Sizə görə, hazırda hansı mövzuların daha çox çəkilməyə ehtiyacı var?

Daha az görünənləri çəkmək lazımdır. Məsələn, mən təbiətin görünməyən tərəflərini çəkmək istəyərdim. Eyni zamanda, mənim marağımda olan tarixi çəkilişlərdir.


Müxbir: Gülnisə Əfkari
Top