“Bir Gecənin Səssiz Harayı” – qadın susur, divarlar danışır…

“Bir Gecənin Səssiz Harayı” – qadın susur, divarlar danışır…


Gecəyarısı... Hamı yatıb. Amma bir divarın o üzündə bir qadın oyaqdır… səsli… çarəsiz… ağrılı…
Və o səsin şahidi olan bir gənc – təhlükədə olan qadının gözəgörünməz fəryadına susa bilməyən, amma heç nə edə bilməyən bir insan... Onun gecəyarısı qələmə aldığı sətirlər bugünkü cəmiyyətin səssiz harayı kimi səslənir:

“O qadın ağladıqca, mən də ağladım. Sanki onun əzabını mən də çəkirdim. Hıçqırıqları, qışqırıqları ürəyimi hələ də yandırır... Amma ona kömək edə bilmədim.”

 Onun tək çıxış yolu 116 – 111 qaynar xəttinə zəng etmək idi. Amma bu da asan deyildi.
Gecənin qaranlığında qapı nömrəsi belə görünməz olmuşdu, hara müraciət edilməli, necə məlumat verilməli – bunların cavabı yox idi.
Sual çox idi: “Bəlkə,səhv qapı açılar,onda necə olacaq?”, “Ya əlimdə yetərli məlumat yoxdursa?”, “Bəs yanlış yönləndirsəm?”

Bu yalnız bir gecəlik vicdan mübarizəsi deyildi – bu, bir cəmiyyətin ən real gerçəkliyidir.

Şiddətə məruz qalan təkcə bir qadın deyil...

Bu hadisə təkcə fiziki zorakılıq deyildi, qadının susmağa məcbur qalması, kömək istəyə bilməməsi, ətrafdakılardan dəstək ala bilməməsi idi. Çünki çox zaman qadınlar düşünür ki, danışsalar belə, onları eşidən olmayacaq.

Statistikaya görə, Azərbaycanda onlarla qadın hər il məhz ailədaxili zorakılıq qurbanı olur. Rəsmi qurumlar bu hallarla mübarizəni davam etdirsə də, sosial dəstək mexanizmləri və ictimai reaksiyalar hələ də yetərli deyil.

Susma! Qorxma! Qəbul etmə!

Bu hadisənin şahidi olan qız bu çağırışı bütün qadınlara ünvanlayır:

 “Özünüz qaynar xətlə əlaqə saxlayın. Bişərəflərin qarşısında aciz qalmayın! Valideynlərinizə deməmişdən öncə dövləti məlumatlandırın ki, o murdarların cəzası verilsin!”

Bu həyat hekayəsi bir addım atmaq istəyi, amma atıla bilməyən addım haqqında danışır. Çünki bu təkcə birinin problemi deyil,hamımızın məsuliyyətidir. Qadın zorakılığı təkcə evin içində baş vermir, divarlardan kənarda da davam edir – hər kəsin susqunluğu ilə...

Əgər bu sətirləri oxuyursansa və sən də haradasa zorakılığa şahid olursansa:

116–111 – Uşaq və Ailələrə Dəstək Qaynar Xətti
102 – Polis xidməti
E-sosial.az, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinə
Müraciət et!
Unutma: Bir zəng bir həyat xilas edə bilər.

Hazırladı : Qədirli Aysu
Top