Səhiyyəmizdə utancverici mənzərə — “Xəstə ölərsə,adımıza söz gələr” deyə qorxanlar

Səhiyyəmizdə utancverici mənzərə — “Xəstə ölərsə,adımıza söz gələr” deyə qorxanlar


Ölkəmizdə bəzi xəstəxanalar yalnız "ölüm sənədini" təsdiqləyir. Həyat vermək, həyat xilas etmək isə onların gündəmində deyil. Sanki şəfa tapmağa deyil,son ümidləri ilə vidalaşmağa gedir insanlar o qapılardan içəri. Tibb müəssisələri ölüm qarşısında diz çökür, həkimlər isə məsuliyyətdən qaçaraq, "əlimizdən heç nə gəlmir" susqunluğu ilə vicdanlarını sakitləşdirirlər.

Təsəvvür edin, nəfəs almaqda çətinlik çəkən bir insan, ağciyərləri çökən, oksigen çatışmazlığından boğulan bir bədən... Yardım üçün bir-bir xəstəxanalara üz tutulur. Amma heç biri qəbul etmir. Niyə? Çünki “vəziyyəti kritikdir”. Yəni,əslində,“xəstə ölərsə,adımıza söz gələr” deyə qorxurlar. Beləliklə, xəstə evdə sadə bir aparatın ümidinə qalır. Tibb deyil, texnika nəfəs verir ona. Həkim deyil, cihaz sağaltmağa çalışır.

Bu, bir hekayə deyil. Bu, ölkəmizdə hər gün bir evdə, bir ailədə baş verən faciədir. Əgər ölüm riski varsa, qəbul etmirlər. Əgər nəticə zəmanətli deyilsə, məsuliyyəti öhdələrinə götürmürlər. Bəs “əlimizdən gələni etdik, qismət belə imiş” deməyə belə cəsarət yoxdursa, bu peşəni niyə seçmisiniz?

Həkimlik yalnız xəstəni tamamilə sağaltmaq deyil, sonadək xəstənin səhhəti üçün mübarizə aparmaqdır. Bəzən nəticə yox, niyyət xilas edir insanı. Bəzən xəstənin yaxınlarına verdiyin ümid, göstərdiyin şəfqət bu mübarizədə bir işıq olur. Amma o işıq indi çox yerdə sönüb. Yerini laqeydlik, bürokratiya və qorxaqlıq alıb.

Biz bir reallıqla üz-üzəyik:
– Bəzi tibb müəssisələri insan həyatına yox, öz nüfuzlarına xidmət edirlər.
– Həkimlərdən bəziləri insanı müalicə etməyi yox, statistikaya çevrilməkdən qorxmağı üstün tuturlar.
– İnsan həyatının qiyməti risk dərəcəsi ilə ölçülür.
– Qəbul edilməyən xəstələr evdə gözlədikləri möcüzəni tibb texnikasından umurlar.

Əgər bu “səhiyyə”dirsə, biz bu sistemin sağalmasına ilk yardım göstərməliyik.

Cəmiyyət susmamalıdır! Jurnalistlər, ictimai fəallar, hüquq müdafiəçiləri bu məsələyə göz yummamalıdır! Həkim andını pozanlar bu halda hüquqi məsuliyyət daşımalıdır!

İnsan həyatına qarşı bu saymaz münasibət susqunluqla qarşılandıqca, biz daha çox nəfəs kəsilməsi, daha çox itirilmiş həyat, daha çox evdə keçirilən “reanimasiya səhnələri” görəcəyik. Bəzən bir dəqiqəlik gecikmənin qiyməti bir ömür olur.

Qoy bu yazı bir çağırış olsun:
Hər bir xəstə vəziyyətindən asılı olmayaraq, həyat haqqına sahibdir. Həkim bu haqqın qoruyucusudur ! Əgər bir həkim bu haqqı tanımırsa, o, ağ xalat deyil, laqeydlik pərdəsi geyinmiş bir tamaşaçıdır! Və bizə ölüm səhnəsini izləyən tamaşaçı lazım deyil, orada rol alanlar insan həyatını xilas etməyə and içmişlər olmalıdır!

Qədirli Aysu
Top