4 Yaşlı Körpəyə Qarşı Zorakılıq – Biz Susduqca, Onlar Davam Edir!

4 Yaşlı Körpəyə Qarşı Zorakılıq – Biz Susduqca, Onlar Davam Edir!


Sabirabadda baş verən və hər birimizin vicdanını sarsıdan dəhşətli bir hadisə – 4 yaşlı uşağa qarşı cinsi xarakterli zorakılıq edilməsi – cəmiyyətimizin üz qarasına çevrilməlidir, amma susqunluqla yox, səsimizlə!

Uşaqlar bizim sabahımızdır deyirik, amma bu sabahlar zorakılıqla qaraldıqca, biz hələ də "ailə içidir", "özəl məsələdir", "bizlik deyil" kimi bəhanələrlə susmağa davam edirik. Cəmi 4 yaşı var idi onun. Gülürdü, amma bəzən bu gülüş qorxunun içində gizlənirdi. Danışa bilirdi, amma nəyi necə deməli olduğunu bilmirdi. Bədəni danışırdı. Gözləri danışırdı. Amma heç kim eşitmirdi…

Biz isə baxıb keçdik. Ya xəbəri gördük, üzümüzü çevirdik. Ya da "bəlkə də dəqiq deyil" deyib özümüzü ovutduq. Amma bir uşaq bu müddətdə gözləyirdi – onu kimsə eşitsin, qorusun, əlini uzatsın. O, özünü qorumağı bacarmırdı. Bu onun deyil, bizim borcumuz idi.

Bu təkcə bir uşağın deyil – bütün cəmiyyətin faciəsidir!

Zorakılığa susmaq, zorakılığa ortaq olmaq deməkdir. Bu hadisə cəmiyyətin bütün təbəqələrində qırmızı siqnal olmalıdır. Söhbət təkcə bir uşaqdan getmir – söhbət qanunların yetərsizliyindən, nəzarətin zəifliyindən, ailələrdə qorxu mədəniyyətindən gedir.

Bu 4 yaşlı körpə nə etdiyini bilmədən bir cinayətə qurban getdi. Onun yaşadığı psixoloji və fiziki travmalar bir ömür boyu sağalmaya bilər. Hər dəfə biz belə hadisəyə susduqda, sabah bir başqasının adı düşəcək xəbər lentlərinə.

Bəzən bir uşağın susqunluğu, bütöv bir cəmiyyətin sükutunu əks etdirir. Bəzən bir körpənin titrək baxışlarında illərlə danışılmayan həqiqətlər yatır. Və bəzən – sadəcə bir dəfə danışmaq, bir dəfə səsimizi ucaltmaq – bir həyatın, bir taleyin, bir gələcəyin dəyişməsinə səbəb ola bilər.

Sabirabadda baş verən bu dəhşətli hadisə bizi silkələməlidir. Bu, bir anlıq üz çevirməlik xəbər deyil. Bu, hər birimizin məsuliyyət daşıdığı bir cinayətdir. Və biz bu sükutu qırmasaq, bu sükut bizi də udacaq.

Bu gün sənin sükutun sabah bir uşağın taleyi ola bilər.
Danış! Səssiz qalanların əvəzinə.
Qoru! Səni qoruyanı gözləyənlər üçün.
Mübarizə apar! Uşaqlar travma ilə yox, ümidlə böyüsünlər deyə.

Çünki hər bir uşaq sevgi ilə yaşamağa, təhlükəsizliyə, qorunmağa və ən başlıcası – uşaq olmağa haqqı var.

Hazırladı : Qızılgül İbrahimova
Top