Böyük Sənətkarın Yubileyi: Xəyyam Mirzəzadənin Musiqi Mirası

Böyük Sənətkarın Yubileyi: Xəyyam Mirzəzadənin Musiqi Mirası


Bu gün Azərbaycan musiqisinin unudulmaz simalarından olan, Xalq Artisti, görkəmli bəstəkar Xəyyam Mirzəzadənin ad günüdür. Onun zəngin yaradıcılığı illərdir ki, hər birimizin həyatına toxunur, emosional dərinliyi ilə zamanın sınağından çıxaraq Azərbaycanın musiqi irsinin qızıl fondunu zənginləşdirir.

Kino Musiqilərinin Ustadı

Xəyyam Mirzəzadənin bəstələri təkcə not yığımı deyil, həm də hansısa filmdəki bir səhnəni yenidən yaşadan, ruhumuzdakı tanımadığımız duyğuları belə hiss etdirən bir səs yaddaşıdır. Bəstəkar 40-dan artıq filmə, o cümlədən:
• "Arxadan vurulan zərbə"
• "Bağ mövsümü"
• "Güllələnmə təxirə salınır"
• "Yeddi oğul istərəm"
• "Bakıda küləklər əsir"
kimi  ekran əsərlərinə yazdığı musiqilərlə Azərbaycan musiqisinin dərin nəfəsinə çevrilmişdir. Onun bəstələri hər bir filmin məzmun ideyasını musiqi dili ilə ən yüksək səviyyədə çatdırmağa müvəffəq olub.

Dünya Səviyyəsində Tanınma

Mirzəzadənin sənəti sənətsevərlər tərəfindən çox yüksək qiymətləndirilmişdir. Onun əsərləri mötəbər konsert salonlarında və beynəlxalq musiqi festivallarında uğurla səslənərək Azərbaycan musiqisinin dünyada tanınmasına böyük töhfə vermişdir.
Bəstəkarın əsərlərində mövzu olaraq vətənə, xalqa, insanlara hörmət, sevgi, həmçinin yüksək insani keyfiyyətlər tərənnüm olunur. Hələ 1970-ci illərdə Almaniyada çap edilən "50 sovet bəstəkarı" kitabında belə onun yaradıcılığından bəhs olunması sənətkarın beynəlxalq miqyasda qazandığı böyük ehtiramın göstəricisidir.

Əbədi Yaşayan Sənətkar

Xəyyam Mirzəzadənin bəstələri ilə tanışlıq illər əvvəl başlasa da, zaman keçdikcə bu, sevgi və ehtirama çevrilən bir münasibətdir. Belə sənətkarların irsini tanıtmaq və yad etmək bizim mənəvi ehtiyacımızdır. Çünki belə dahi insanlar danışılmalı, eşidilməli və yaşadılmalıdır.
Allah Xəyyam Mirzəzadəyə rəhmət eləsin! Onun musiqiləri hələ çox ürəklərə yol tapacaq və Azərbaycan mədəniyyətinin qürur mənbəyi olaraq qalacaq.

Aysu Qədirli
Top