Bu gün Füzuli Şəhəri Günüdür

Bu gün Füzuli Şəhəri Günüdür


Beş il əvvəl - 2020-ci il oktyabrın 17-si hərb tariximizə növbəti Qələbə təqvimi kimi həkk olundu. Vətən müharibəsinin 21-ci gününə təsadüf edən həmin tarix Füzuli şəhərinin və ətraf kəndlərin erməni işğalından azad edildiyi gündür. Prezident İlham Əliyevin 2023-cü il iyulun 31-də imzaladığı Sərəncama əsasən Füzuli şəhərinin işğaldan azad edildiyi 17 oktyabr tarixi Füzuli Şəhəri Günü kimi qeyd olunur.

EmpaTVməlumat verir ki, Füzuli uğrunda gedən döyüşlər İkinci Qarabağ müharibəsinin cənub-şərq cəbhəsində ən mühüm döyüşlərdən biri idi. Döyüşlərin ilk saatlarından Füzulinin təmas xəttindəki bir neçə müdafiə xəttinin yarılması nəticəsində Ordumuz strateji üstünlüklər qazanıb. Döyüşlərin ilk günündən igid əsgər və zabitlərimiz doğma torpaqlarımızın azadlığı uğrunda böyük şücaət və qəhrəmanlıq göstəriblər. Uğurlu Füzuli əməliyyatı ilə Cəbrayıl və Xocavənd rayonlarının bir sıra yaşayış məntəqələri də Azərbaycan Ordusu tərəfindən azad edilib.

Bununla belə, qeyd etmək lazımdır ki, Füzuli uğrunda savaş Vətən müharibəsi zamanı ən ağır döyüşlərdən olub. Belə ki, düşmən 30 il ərzində cəbhənin təmas xəttində möhkəm istehkamlar qurmuşdu. Hətta buna görə bir çoxları Füzulini işğaldan azad etmək üçün uzun müddət lazım olacağını düşünürdü. Lakin Azərbaycan əsgəri Vətən torpaqları naminə bütün maneələri ildırım sürəti ilə keçməyə qadir olduğunu sübut etdi.

Top